ADA “Yüksəliş” müsabiqəsi qaliblərini mükafatlandırdı

 

Ölkənin həm elm və təhsil, həm ictimai, həm mədəni həyatında kifayət qədər çəkisi və yeri olan ADA Universiteti bu isti yay günlərində də öz ampluasındadır. Tədbirlər səngimək bilmir. 

 

Ötən gün - iyulun 26-da universitetdə üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbir  “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4 illiyi münasibətilə keçirilirdi. 

Tədbirdə olduqca yüksək ranqlı qonaqlar və müsabiqənin təşkikatçıları bir araya gəlmişdilər: Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev…

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir zamanı Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları öz çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Onlar müsabiqənin uğurlu təşkili barədə danışdılar, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğuladılar, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkdilər. 

Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları tərəfindən diplomla təltif edilildilər.

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Biz də öz adımızdan qalibləri təbrik edirik. Onların siyahısı növbəti buraxılışlarımızda təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.