Corciya ştatının Hacı Teymuru Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açmaq istədiyim Hacı Teymur hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yaşayır. Mən onunla İndiana ştatında yaşadığı vaxtlarda tanış olmuşam. Çox gözəl insandır. İbadətindən heç vaxt qalmır. 

 

Uzun illər ABŞ-ın dərman sənayesində çalışıb. O, 1968-ci il iyulun 20-də Odessa şəhərində anadan olub. Həmin vaxtlar atası Qorxmaz kişi orada Dəniz Donanması Mühəndisləri inistitutunda təhsil alıb. Teymur iyirmi günlük körpə olarkən Qorxmaz kişi həyat yoldaşı Sveta xanımla birlikdə Bakıya köç edib, vətənə dönüblər. Hazırda ömrünün ixtiyar çağlarını yaşayan, əslən Ağdaş rayonundan olan Qorxmaz kişi uzun illər DOSAAF kimi tanınan təşkilatın sürücülük məktəbində müdir müavini vəzifəsində çalışıb...

Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir. 1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 1993-cü ildə Moskva şəhərinə yollanıb. 1994-cü ildə Bakıya qayıdanadək orada “Avand” adlı restoran yaradaraq həmin restoranı işlədib. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra isə iki il Nyu-York şəhərində yaşayıb işləsə də, 2002-ci ildən 2022-ci ilədək ABŞ-ın Bluminqton şəhərində yaşayıb, ABŞ vətəndaşıdır. Az müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəsislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Bəlkə də yeganə azərbaycanlıdır ki, bacarığına, savadına görə onun Vətəndən apardığı ali təhsil diplomu amerikalılar tərəfindən tanınıb və qəbul edilib. Ailəlidir, iki övladı var...

Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır. Teymurun İndiana Universitetinə təhsil almağa gələn azərbaycanlı tələbələrə az hörməti dəyməyib. Onlara qardaş nəvazişi göstərib, hər birinə arxa-dayaq olub. Odur ki, burada təhsil almış soydaşlarımızın əksəriyyəti Teymuru tanıyır, Teymuru sevirlər. Təkcə soydaşlarımıza hayan olmur, başqa millətlərdən Bluminqtona gələn insanlarla da ünsiyyətində mehriban, qayğıkeş olub. Gürcüstanın sabiq Ekalogiya və Təbii Sərvətlər naziri Xatuna Qaqaladze ilə indi də ailəvi dostluq edirlər. Xatuna xanım da İndiana Universitetində təhsil alıb, bu elm ocağının məzunudur...

İçində bir iman var. Allaha ibadəti sevir. Heç vaxt namazından qalmayıb, orucdan yayınmayıb. Yaxşı yadımdadır, Bluminqton məscidinə gələn müsəlmanlar Teymuru doğru-dürüst, xeyirxah bir mömin müsəlman kimi tanıyıb ehtiram göstərirdilər...

Yaxşı deyiblər, hər kəs mənsub olduğu millətin bir zərrəsidir. Bluminqtonda daimi yaşayan əhali Azərbaycanı Teymurla tanıyır desəm, səmimiyyətimə inanın. Azərbaycan adət-ənənələrinin, mədəniyyətinin təbliği üçün burada çox işlər görüb o. Novruz bayramlarında Universitetin ərazisində milli xörəklərimizdən, şiriniyyatdan ibarət süfrə açır, müxtəlif millətlərdən olan tələbələri qonaq edirdi. Azərbaycanla bağlı qısametrajlı filimlər nümayiş etdirib insanlara ölkəmiz haqqında məlumatlar verir, onları maarifləndirirdi...

Evinin hər bir otağında Azərbaycan bayrağı vardır. Bakıdan gətirdiyi müxtəlif suvenirləri  evinin hər yerində görmək olurdu. Vətənə sevgisinin bir təzahürü kimi, idarə etdiyi avtomobilə 2015-ci ildən Azərbaycanın dövlət qeydiyyat nişanını vurub. Doğrudur, bu nömrə əsl deyil, hansısa rəssamın əl işidir, amma əslindən heç də fərqlənmir. Hər dəfə bu avtomobili görəndə qürur hissi keçirirdim. İndi həmin avtomobil Corciya ştatının küçələrində şütüyür. Bəli, bu avtomobil Teymur Hacıyevə məxsusdur...

Teymurun 55 yaşın tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın! 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.