Nassim Taleb qara pərdəni necə qoparmaq barədə Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

VƏ ƏN NƏHAYƏT, “TİTANİK” HƏQİQƏTİ

Kitabdakı xüsusi diqqət tələb edən bir fakt isə məşhur «Titanik» gəmisinin kapitanı E.S.Smitlə bağlıdır. Kapitan 1907-ci ildə söyləmişdi: «Bütün peşəkar fəaliyyətim dövründə mən bircə dəfə də olsun hər hansı ciddi qəzaya uğramamışam. Dənizdə keçirdiyim uzun illər ərzində mən heç vaxt qəza törətməmişəm, faciə təhlükəsi olan şəraitə düşməmişəm».

Bildiyiniz kimi, 1912-ci ildə beş il öncə bu cür qürrələnmiş Smitin gəmisi bəşəriyyət tarixindəki ən böyük qəzaya uğradı.

Bu isə taleyin insana qarşı ən böyük ironiyasının təcəssümüdür.

Və sözügedən bestsellerdə Nassem Talebin naməlumluqların, qeyri-müəyyənliklərin cövlan etdiyi bir zamanda oxuculara təlqin etdiyi hər bir gözlənilməzlikləri təxmin edə bilmək instiktinin formalaşması zərurəti ilə yanaşı, əsas məsləhəti də var: insan təbiətən doğmalara, yaxınlara, tərəfdarlara böyük ehtiyac duyan bir varlıqdır. Əgər siz həyatınızı qarışdırmaq istəyən qara qu quşları ilə mübarizə aparmaq fikrindəsinizsə, onların çəkdiyi qara pərdəni yarıb öz uğur hədəfinizə doğru irəliləyirsinizsə, onda mütləq özünüzə tərəfdarlar tapın, tək qalmayın!

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.