Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması iki ölkə arasında öz növbəsində turizm əlaqələrinin genişlənməsinə və qarşılıqlı turist mübadiləsinə təkan verir. Belə ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Özbəkistan 2019-cu ilin ilk 4 ayı üzrə rəqəmləri 59 faizlə üstələyərək pandemiyadan sonra tam bərpa olunan ölkələr sırasındadır. Turizm sahəsində ikitərəfli əlaqələrin inkişaf tendensiyasını nəzərə alaraq iyun ayında Özbəkistanı təmsil edən turizm şirkətlərinin nümayəndələrinin, həmçinin turizm blogerlərinin iştirakı ilə Azərbaycana tanışlıq turunun təşkili nəzərdə tutulur. Qazaxıstanla turizm əlaqələri inkişaf etməkdədir. Aprel ayında Almatı şəhərində keçirilən “KITF 2023” turizm və səyahət sərgisində ölkəmiz milli stendlə təmsil olunub. Bu ilin ilk 4 ayında gələnlərin statistikasında Qazaxıstan ölkəmizə səfər edənlərin sayına görə ilk onluğa düşərək 8-ci yerdə qərarlaşıb. “Müasir İpək Yolu” turizm marşrutu çərçivəsində birgə turizm məhsullarının yaradılması üzrə Özbəkistan, Qırğızıstan və Qazaxıstanla əməkdaşlıq perspektivlərini qeyd etmək olar”, - deyə məlumatda vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)