Cavid Parklnda nə baş verir?

Soruşun, cavab verək rubrikasında oxucularımız hasara alınmış Cavid parkında  nə baş verdiyini soruşurlar. Əmin olun ki, qorxulu bir şey yoxdur, orada Beynəlxalq Biznes Festivalı keçirilir.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Şəhər və Yasamal Rayon icra hakimiyyətlərinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) təşkilatçılığı ilə Hüseyn Cavid parkında keçirilən Beynəlxalq Biznes Festivalı davam edir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirin məqsədi yerli sahibkarların və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmaq, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Bu gün başa çatacaq festivalda kənd təsərrüfatı, qida və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin məhsulları təqdim olunur. 

Mayın 26-dan start götürmüş sərginin ilkin mərhələsində isə inşaat sektoru üzrə məhsul və xidmətlər nümayiş etdirilib. Festival çərçivəsində, həmçinin uğurlu iş adamlarının iştirakı ilə panel müzakirələr, təqdimat və konsert proqramı təşkil olunur.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sərgidə nümayiş olunan məhsul və xidmətlərlə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.