“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan Məmmədli qardaş Türkiyə ilə bağlı olduqca maraqlı faktları sozlərə təqdim edir. Söhbət bu ölkədə gedən arxeoloji qazıntılar barədədir. Tarix - həqiqətən xalqın özünüqoruma instinktidir.
Qardaş Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Ötən il zəngin coğrafiyaya malik bu diyarda 713 sayda arxeoloji qazıntı aparılıb və 10 min 500-ə yaxın tarixi əsər aşkar edilib.
Və son iki əsrdə Anadoluda bəşəriyyətin qədim mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və ölkə daxilində araşdırmalar bu gün də davam edir. 2022-ci ildə ən çox arxeoloji qazıntı işləri Egey və Aralıq dənizini birləşdirən və 8 min illik tarixə malik olan Muğlada həyata keçirilib. Muğladan sonra Egeyin incisi İzmir fərqlənib.
Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhəri diqqət çəkir. Buradakı Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur məkanlarından biri olub. Laodikiya Qərb Teatrı bərpa edilərək yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.
1979-cu ildən etibarən hər il ənənəvi olaraq Dənizli şəhərində beynəlxalq simpozium keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici arxeoloqlar, alimlər və tələbələr iştirak edirlər.
Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim "Prusias ad Hypium" şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb. Bu xəbər əsl sensasiyadır. Baxın, əsrlərboyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq, bina öz görkəmini itirməyib.
Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər.
Türkiyənin Qara dəniz bölgəsinin qərbində yerləşən tarixi şəhər bölgənin ən qədim yaşayış yeri olaraq tanınır. Burada aparılan qazıntı işləri zamanı teatr binası ilə yanaşı, tarixi divarlar, yazılar, su kəmərləri, "Roma körpüsü" kimi bilinən qədim abidələr də aşkarlanıb. (Qapaq fotosunda)
2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək məqsədilə təxminən 750 arxeoloji qazıntının həyata keçirilməsi planlaşdırılır.
Əslində, tarix hər bir kəsin tarixidir, ümumən dövlətin və xalqın deyil. Turistik baxımdan ən cəlbedici ölkələrdən olan Türkiyə tarixi abidələri aşkarlamağı və qorumağı gözəl bacarır. Sağ əli Azərbaycanın başına.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)