Bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək itaət göstərirdilər… Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

 

Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!

    

Sərkərdə Teymurun hərb siyasəti və Qızıl Orda xanları 

 

Tanrının nəzərində o qədər ucalmışdı ki, yürüş etdiyi bütün ölkələrdə qələbə, zəfər tacı onun başına qoyulurdu. 1381-1404-cü illərdə İran, Azərbaycan, İraq və Suriyaya hərbi yürüşlər edərək, bu ölkələri öz bayrağı altında birləşdirmişdi. O, qüdrətli Çingiz xandan qalmış monqolların Buynuz ştandartını dəyişib, bayrağında  Qızılay ştandartını qəbul etmişdi. Bu da bütün türklərin bir bayraq altında birləşməsinə çağırış idi. 

Yeni hərb siyasəti ilə Teymur həm də Mərkəzi Asiyada nüfuz və güc sahibi olan  Qızıl Ordanın hərbi-siyasi qüvvəsini sındırırdı. Təbii ki, Əmir Teymurun  qələbələri , regionda güc sahibi olan Qızıl Orda xanlarının narahat etməyə bilməzdi. Onun gücü qarşısında hakimiyyətini itirməkdən qorxan İbn Tanqrıberdi, sivaslı Əhməd Bürhanəddin, Mərdinin və Türkmən elinin əmirləri, Cəlairlər ittifaq qurub, Əmir Teymura qarşı vuruşa başlasalar da, məğlub oldular.  Əmir Teymurun monqol xanlarını darmadağın etməkdə məqsədi tayfalar, xanlıqlar arasında olan mənəm-mənəmliyə, mübahisəli ərazi üstə müharibələrə və tayfa münaqişələrinə son qoymaq, Orta Asiyada Çaqatay ulusunun itirdiyi birliyi yenidən qaytarmaq, ulu Mavərannəhri qorumaq və dövlətdəki feodal qanunlarını dəyişmək idi. Əmir Teymurun yeni dövlət idarəçilik siyasəti ilə Qızıl Ordanın daima əsarətdə saxladığı Asiya və Avropa bir növ azadlığa çıxmış olacaqdılar. 

Teymurun qələbələri və qələbə ilə müşayiət olunan yürüşləri bir çox Asiya və Avropa, Balkan hakimlərinin ürəyindən idi. Bu ölkələrin hökmdarları Teymurla ittifaq yaratmaqla Qızıl Ordadan və osmanlı-türk imperatorluğundan canlarını qurtarmaq istəyirdilər. Hətta Avropa ölkələrinin hökmdarları onun atının üzəngisindən öpmək şərəfinə nail olmaq ücün Səmərqəndə gəlirdılər. Kastiliya və Leonianın hökmdarı III Henrix de Trastamara, sarayının elçisi Rui Qonsales de Klavixonu diplomat qismində ittifaq yaratmaq üçün Səmərqəndə göndərmişdi.  Elcı dənizlərdən, səhralardan keçərək, Səmərqəndə çatmışdı. Sonralar o, "Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı" kitabını yazır. Bir növ Əmir Teymur dövrünün canlı şahidlərindən biri olan bu  avropalının kitabını oxuyanda görürsən ki, bəzi yerlərdə o bir çox qarışıqlıq və anlaşılmazlıqlara yol verib. Bəzən hadisələri təhrif edib, bəzən də təhqiqat aparmaq imkanı olmadığından ağızdan-ağıza eşitdiklərini qələmə alıb.

İndi bizim üçün nağıl və əfsanə olan 14-cü əsrdə, minlərin və milyonların içərisində çoxları kimi itib-batmadı Əmir Teymurun yazdığı tarix. İnandığı, ibadət etdiyi Tanrısı,  hakimiyyətinə tabe etdiyi 27 dövlətin hər birində yaydığı İslam dini onun dayağı oldu. Apardığı bütün döyüşlərdən qalib çıxdı. Əmir Teymur ilk əvvəl Mavəraənnəhr dövlətini yaradaraq türkləri monqol hücumlarından xilas etdi. 70 illik ömür kitabının səhifələrinə 35 il ərzində böyük döyüşlərdə qazandığı qələbələri yazdi.

Fateh Teymur apardığı döyüşlərlə, tutduğu ölkələri birləşdirməklə, Çingiz xanın istilaları nəticəsində pozulan Uzaq Şərq və Aralıq dənizi ölkələri arasındakı iqtisadi və mədəni əlaqələri yenidən bərpa etdi. Bu gün mütərəqqi dünya liderlərinin yenidən bərpa etməyə can atdıqları Böyük İpək yolunun təməlini qoydu.

35 illik hakimiyyəti dövründə elmin, texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bildi. Əmir Teymurun sülaləsi  488 il hakimiyyətdə oldu. Onun nəslindən olan 70 kişiyə Tanrı padşahlıq qismət etdi. Sonuncu nəvəsi Baburun sülaləsinin Hindistanda hakimiyyəti 1522-1858-ci illəri əhatə etdi. Nəsildən 370 kişi türk tarıxının müxtəlif salnamələrinə adını qızıl həriflərlə yazdı. “Mən dünyanı fəth edən Teymuram” əsərində qeyd edir ki, ona qələbələr qazanmağa Allah kömək olub. Çünki, o həm də insanların və insanlığın yaraşığı olan İslam dinini yaymaqla məşğul idi. Fateh Teymur  Qurani Kərimin hər cümləsinin 7 mənasını tövsif edə bilirdi.

                              

“Şərqin incisi - SƏMƏRQƏND” 

Əmir Teymurun yaratdığı Məvarənnəhr dövlətinin mədəniyyəti və ticarəti, iqtisadi həyatının inkişafında böyük yüksəliş, intibah dövrü, həm də Mərkəzi Asiyanın region dövləti kimi tanınmasında rol oynayıb. Məvarənnəhr dövlətini yaradaraq Səmərqəndi onun paytaxtı elan etdi. Teymur öz hakimiyyəti dövründə böyük imperiyanın ticarət əlaqələrinin genişləndirilməsi, insanlar və dövlətlər arasında ünsiyyətin yaranması üçün yol infrastrukturunun qurulmasına xüsusi diqqət verirdi. “İpək yolu”, bizim zəmanəmizdə isə “Azad İqtisadi zona” adlanan bir sistemi işlətməklə, o paytaxt etdiyi Səmərqənd şəhərini dünyanın incisinə çevirdi. 

Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən tacirlər, çaparlar gəlirdi. Bu tacirlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaraylar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün tikilən  dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunurdu. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi.

Əmir Teymurun öz kitabından sitat: “...Səmərqəndi dünyanın ən gözəl və gülşən şəhərlərindən biri etdim. Dünyanın gözü sayılan Şirazda 7 məsçid olduğu halda, mənim Səmərqəndimdə 200-dən artıq məscid var idi. Hər məscidin də iki, üç və ya 4 güldəstəsi ( müəllif: minarə nəzərdə tutulur) var idi. Hər məscidin başında isə qızıldan ay həkk olunmuşdu. Şəhərin girəcəyinə çatanda buradakı bağçalar və bağlardan yayılan qızılgül ətri cənnəti xatırladırdı”. 

Tarixi mənbələrdən məlumdur ki, ömrünü istilalara və müharibələrə həsr etmiş Əmir Teymur, hərbi yürüşlərindən Səmərqəndə qayıdarkən, zəbt etdiyi ölkələrin ən dəyərli alimləri, şairləri, ustaları, xəttatlarını da yığıb paytaxta gətirirdi. Hətta yürüş edəcəyi şəhərə girməmişdən əvvəl , gizli xəfiyyələrini, dərvişlərini həmin şəhərə və ya elata göndərərək sənətkarlara, alimlərə, bacarıqlı ustalara və onların ailələrinə ziyan dəyməsin deyə, qapılarına işarələr qoydururdu. Ordunun tərəfinə keçənləri bayrağı altına qəbul edir, tabe olmayanları cəzalandırırdı.  Döyüşlər başa çatandan sonra qapısı işarələnmiş şəhər sakinləri qoşun-ləşkərlə birlikdə Səmərqəndə gətirilirdilər. 

Günü gündən gücü və qüdrəti artan Məvarənnəhr dövləti yüksəliş dövrünü yaşayırdı. Hökmranlığı, siyasi əqidəsi və gücü ilə tanınan Əmir Teymurun İmperiyasının gücklənməsindən  qorxuya düşən bir çox Avropa ölkələrinin hökmdarları, gələcəkdə Teymurun qəzəbinə tuş gəlməsinlər deyə, özləri ona məktub göndərərək, ittifaqa girməyə üstünlük verirdilər. Dövlətinin əmin-amanlığını qorumaq üçün Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu Səmərqəndə bu məqsədlə göndərmişdi. Elçi de Klavixo sonralar “Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı”ndə yazırdı: “... Böyük sərkərdənin xasiyyətinə bələd olmayan bəzi yabançı ölkələrin hökmdarları onun qəbuluna gələndə yerə əyilərək, Teymur bəyə itaət göstərirdilər. Teymur belə məqamlarda özünün etirazını bildirib deyirdi ki, insanlar ancaq namaz vaxtı böyük Allahın qarşısında baş əyməlidirlər. Elə buna görə də, Teymurun iqamətgaında   rəsmi qəbullara  gələn elçi və qonaqlar, hər təbəqədən olan insanlar, ona yaxınlaşıb, diz üstə oturub, əlini öpərək ehtiramlarını bildirirdilər”. 

Fransız səyyahı dünyanın paytaxtı sayılan Səmərqənd haqqında yazırdı: “Bu şəhərin özü və torpaqları da bolluq içərisindədir. Çörək kimi, şərab və ət, müxtəlif quşlar çox ücüz qiymətədir və boldur, qoyunlar o qədər nəhəngdirlər ki, hər birinin quyruğu 20 funt çəkisindədir, hətta bir adam onu əlində tuta bilmir. Burada çörək çox ucuzdur, düyü isə həddindən artıq boldur. Buna görə də onu “Səmər”- yəni “şəkər”, və bolluq mənasında “kənd” – yəni “bolluq olan şəhər” adlandırırlar. Bu şəhərdə ipək, dəri məmulatları, eləcə də hər cürə daş-qaş, qızıl, gümüş və bunlardan hazırlanmış ən gözəl zinyət əşyaları da hazırlanır”. 

Fateh Teymur “Mən dünyanı fəth edən Teymuram” əsərində yazır: “... Tapşırdım ki, başlı-başına qalmış torpaqlarda kəhrizlər tiksinlər. Çayların və kanalların üzərində olan dağılmış körpüləri yenidən bərpa etsinlər. Yolçuların gecələməsi üçün qonaq evləri tiksinlər. Habelə yollarda gözətçi və nəzarətçi məntəqələri inşa etsinlər ki, nəzarətçi və mühafizəçilər vəziyyətə nəzarət edə bilsinlər. Və gəlib gedən yolçuların, qonaqların təhlükəsizliyi qorunsun”. 

Su abadlığın və təmizliyin, körpü birləşməyin, inkişafın, nəzarətçi məntəqələri dövlət sərhəddini qorumağın əsasıdır.  Fateh Teymur da dövlətini güclü etmək üçün bu qanunları yazmışdı. 

Paytaxt Səmərqəndə Yaxın və Uzaq Şərqdən, Avropanın İspaniya , Fransa, İngiltərə kimi ölkələrindən tacirlər, çaparlar gəlirdi. Bu tacirlərin gediş- gəlişini asanlaşdırmaq üçün yollar tikilir, yollarda çox şəffaf vergi və gömrük sistemi işləyirdi. Yollarda olan Karvansaraylar, gözətçi məntəqələri, istirahət yerləri, hətta çapar atlarının istirahəti üçün tikilən  dayanacaqlar barədə o zamanın səyyahları, tarixçiləri ağız dolusu və heyranlıqla yazırlar. Yollarda karvanların dinc və rahat irəlıləməsi uçun bütün təhlükəsizlik qaydalarına əməl olunurdu. Əgər kimsə öz işinin öhdəsindən gəlməsə, qanun yol vermədiyi halda yolçunu və ya qonağı incidərdisə, belə hallar dərhal yoxlanılır, günahkar cəzasını alırdı. Bu cəza tədbirlərinin içərisində diri-diri basdırılmaq, başı kəsilmək və asılmaq təhlükəsi də var idi. 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.