“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır
Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!
Əmir Teymurun yuxuları
SSRİ zəncirlərindən qurtaran respublikalar öz müstəqilliyini təldə edəndən sonra, ölkələrin öz tarixlərinə yanaşmaları da dəyişdi. Özbəkistan, eləcə də digər respublikaların tarixçiləri, arxeoloqları Fateh Teymuru və onun dövrünün həqiqətlərinin üzərini toz basmış arxivlərdən çıxarıb, sirr və qürur dolu tarixi olduğu kimi qələmə almağa başladılar. Hətta qolları dirsəyə qədər türk qanına boyanmış , barmaqlarından qan daman rus imperializminin alimləri də deyəsən böyük sahibqiranın ruhundan və xofundan qorxub, onun barəsindəki həqiqətlərin bəzi tərəflərini olduğu kimi açıqlamaq məcburiyyətində qaldılar. Bu həqiqətlərə ilk dəfə ayna tutan Aleksandr Vorobyovun "Vokruq sveta" jurnalında "Velikiy Timur" əsəri də həmin illərdə senssaiya yaratdı. Mənbələrdə və Əmir Teymurun öz Tüzüklərində yazılır ki, o Məhəmməd peyğəmbər (S nəslindəndir. Onda bir övliyalıq və ilahi qüvvə var idi. Hətta Teymur da öz yazılarında müqəddəs ruhlarla görüşdüyünü etiraf edir, ona bir çox xəbərdarlıqların yuxuda verildiyini qeyd edirdi.
Əmir Teymurun Tüzüklərində yazılır:
"Bir dəfə yuxumda gördüm ki, böyük bir çaya böyük tor atdım, tor bütün çayı tutdu. Toru cayın kənarına çəkəndə baxdım ki, çaydakı bütün heyvanlar və balıqlar oradadır . Münəccimləri saraya çağırıb mənasını soruşdum. Dedilər ki, bu böyük və şərəfli bir şahlıq deməkdir. O qədər güçlü bir şahlıq ki, dünyanın bütün xalqları hakimiyyətim altında olacaq". Bundan sonra Şeyx Kamalın məsləhəti ilə yenə övliya Kulyalın yanına getdim. Məni xoş üzlə qarşılayan övliya dedi ki, get, padşahlıq, qələbələr və hakimiyyətlər səninlədir. Xeyir dua verib əlavə etdi ki, bu padşahlıq mənim nəslimdən nəslimə keçəcək. Bu görüşdən sonra mən nə edirdimsə, ancaq xeyir və uğurla qarşılaşırdım. Allah mənə həmişə kömək olurdu. Rumun paytaxtına yürüş etməzdən əvvəl, qələbə qazanmaq üçün Şeyx Yasəvinin məqbərəsini ziyarət etdim. Orada bir yuxu gördüm. Şeyx Yasəvi yuxuda mənə dedi ki, bir işi başlamazdan əvvəl, çətin vəziyyətə düşəndə, narahatlığın olanda bu bəndi oxusan, həmişə xilas olacaqsan:
" Sən ey gecələri gündüz eləyən, Allahım,
Sən quru torpaqları gülüstana döndərən, Allahım,
Bütün müşkülləri asan eləyən , Allahım,
Bu çətin işimdə mənə kömək ol".
Bu dörd sətri əzbərlədim. Keysərlə döyüşə çıxmazdan əvvəl 70 dəfə oxudum və qələbə qazandım.
Görəcəyim işlərin, etdiyim yürüşlərin hər birinin sonluğu mənə yuxularımda əyan oldu. Tuqluk Teymur Məvarənnəhrə gəlməzdən əvvəl belə bir röya gördüm ki, bir böyük şahin uçaraq biləyimin üstünə qondu. Elə bu zaman çoxlu inək sürüsü də gəldi, mən onları sağmağa başladım. saray münəcimləri, yuxuyozanlar dedilər ki, şahinin biləyimin üstünə qonması əzəmət rəmzidir, inək sürüsü isə var- dövlət və mənfəətdir. Həqiqətən də Tuqluk Teymurun gəlib mənə qoşulması hakimiyyətimin möhkəmlənməsinə və mənfəətimin artmasına səbəb oldu.
Bir dəfə isə yuxumda guya Səmərqənddən ağlaya-ağlaya qaçar bir qara qarğa çiynimə qonduğunu gördüm, hər tərəfdən isə üstümə qara milçəklər hücum çəkdi. Milçəkləri qovub ,yuxudan ayıldım... Gördüyüm yuxudan az müddət keçdikdən sonra, Tuqluk Bahadırın ordusunun min atlısı ilə mənim üzərimə hücuma keçdi. Başa düşdüm ki, yuxuda ağlamağım və qara qarğa - gələn bəladan xəbər verirmiş. Çoxlu milçək isə Tuqluk Bahadırın dəstəsidir... Bu döyüşdə də sona kimi vuruşaraq, onun ordusunu darmadağın etdim".
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)