Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik! Featured

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır

  

Türk dünyası və Müsəlman Şərqi dünyaya saysız-hesabsız xaqanlar, hökmdarlar bəxş edib. Adları dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazılanlardan biri də Fateh Əmir Teymurdur. Hər il aprelin 9-u Özbəkistanda Türk dünyasının və Müsəlman Şərqinin böyük filosofu, yenilməz sərkərdəsi və 7 dünya hökmdarı Əmir Teymurun doğulduğu gün - müqəddəs bayram kimi qeyd olunur. İstər sağlığında, istərsə də ölümündən 618 il keçməsinə baxmayaraq, bu tarixi və sirli simanın şəxsiyyətinə  və yaşadığı dövrə maraq azalmır.

                    

7 dünya hökmdarı adlandırılan Əmir Teymur kim idi?

 

Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan Əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (şəhər statusu alıb) dünyaya gəldiyi yaşından etibarən babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bir çoxunu da   üzəngidən salmışdı. Türk-monqol ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi.  

Zaman-zaman tarixin və tarix yazanların türk dünyasının bu ziddiyyətli fatehinə qarşı münasibətləri də  ziddiyyətli oldu. Onu kimisi qaniçən, kimisi islahatçı, kimisi isə ədalətli padşah adlandırdı. Hətta barəsində “savadsız, təhsilsiz” deyənlər də tapıldı. Nə yazıqlar ki, Fateh Teymur haqqında,   eləcə də Müsəlman Şərqinin tarixi şəxsiyyətləri haqqında "dırnaqarası həqiqətləri" rus imperializminin ideoloqları, tarixçiləri türklərin qüdrətini gizlətmək üçün  özlərinə sərf edən kimi yazırdılar. Onların qənaətincə, hər bir müsəlman fatehi başkəsən, zülümkar və qaniçən obrazında qələmə alınmalı idi.

Mən 2007-2009-cu illərdə Daşkənd şəhərində Əmir Teymur Fondunun və "Teymurilər" muzeyinin direktoru professor Məhəmməd Əli, özbək filosofu İsa Cabbarov, dəyərlı özbək şərqşünas alimi Ubaydulla Uvatov, Səmərqənddəki "Guri Əmir" məqbərəsini qoruyan tarixçi alim Əmrullo Abdulloyevlə görüşmüşəm.

Araşdırdığım mənbələrdən də mənə məlum oldu ki, taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şami "Zəfərnamə"lərində, İbn Ərəbşah "Teymurnamə", Klavixo de Qonsales "Əmir Teymurun sarayına qədər səyahət” adlı  gündəliklərində və tarixi əlyazmalarında fatehin yaşadığı dövrü,  şəxsiyyətini ustalıqla qələmə alıblar.

 

Teymurun adının mənası və zədəli ayağı

 

Tarixdə məlumdur ki, sirli şəxsiyyət olan Əmir Teymur həm də yaşadığı dövrü, gördüyü hər bir iş haqqında öz dəsti -xətti ilə "Tüzüklər" adlı salnaməsində yazıb. Həmin salnaməsinin ilk səhifələrində yazır: "Hələ gənc oğlan ikən atamdan adımı nə üçün “Teymur” qoyduğunu söruşdum. Atam dedi ki, hələ  mən dünyaya gəlməmişdən əvvəl qara qaşlı, qara gözlü bir  oğlan yuxusuna gələrək ona qılınc verir. Atam qılıncı əlinə alaraq havada oynadır və bu zaman bütün dünya nura bürünür. Allaha çox inanclı olan Taraqay Bahadur dərhal vilayətin hörmətli alimi və din xadimi övliya Kulyalın hüzuruna gələrək yuxusunu ona söyləyir. Övliya Kulyal deyir ki, bu yuxu peyğəmbərlik xəbərini verir. Allah sənə bir oğul verəcək, həmin oğlun dünyaya sahib olacaq, İslam dinini yayacaq və torpaqları pislikdən qurtaracaq. Sən doğulandan sonra Şeyx Şəmsəddinin yanına getdim. Bu zaman Şeyx Quranın "Təbərrək" surəsini oxuyurdu. Mən içəri girəndə avazında dəmir sözü səsləndi. Elə buna görə də səni Teymur çağırdıq (bəlkə də Dəmir). Mən atamdan bu əhvalatı eşidib, dərhal namaz qılıb, Qurandan Təbərək surəsini oxudum".

Əsil adı Teymur (Dəmir kimi möhkəm) olan Sahibgiran tarixə bir neçə adlarla düşdü. Yaşadığı dövrdə və özündən sonra da maraq doğuran şəxsiyyətin adını hər kəs bildiyi kimi yazdı: Teymur, Teymur Goruqan, Topal Teymur, Ağsaq Teymur, Avropa dillərində - rişxəndlə və təhqir etmək üçün Teymur ləng – Tamerlang yazdılar.

Teymurun adına "topal" və "axsaq" ayaması qoşanlar onunla müharibəni uduzanlar, eləcə də bizim dövrdə rus imperializminin ideoloqları və tarixçiləri, fatehi oğru, quldur kimi təsvir edərək, sağ ayağını guya qoyun oğurluğuna gedərkən yaraladığını uydurdular.

 Əsil həqiqətdə isə 1363-cü ildə Siistanda Əfqanıstan və İran arasında  döyüşlərinin birində sağ ayağı və qolundan yaralanır.  Düşmənləri duyuq salmasın deyə, döyüşdə aldığı yaraların ağrısına baxmayaraq, at belində yenə də əvvəlki kimi oturur, qılınc oynadır, qalxan tutur. Hətta 1379-cu ildə Xarəzm şahı Yusif Sofi  Əmir Teymura qalib gələcəyini zənn edib, ona təkbətək döyüşə cıxmağı təklif edir. Əmir Teymur təklifi dərhal qəbul edərək "Xan oğlan" adlı atını yəhərləyib, döyüş meydanına gəlir. Meydangir "Xan oğlan" meydana girib o baş-bu başa cövlan edir, atın kişnərtisindən qorxaraq Yusif Sofi  çadırından çıxmır....

 

(Davamı ilə sabah tanış olacaqsınız)

 

Fotonu Aida Eyvazlı AzTV-nin Özbəkistan üzrə müxbiri ikən Əmir Teymurun abidəsi önündən reportaj apararkən çəkdirib.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.