Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq, mövzu biznes planın hazırlanmasıdır. Söhbət planlı hərəkət barədə olacaq.
Planlı hərəkət etmək niyə vacibdir?
Söz verdiyim kimi, biznes-plan barədə daha geniş danışmağa başlayıram. Ümumiyyətlə, hazırkı sürət əsrində planlı yaşamadan nəyəsə iddia etmək çox yanlışdır. O cümlədən, biznes sahəsində də plansız fəaliyyət göstərmək bəri başdan özünü uğursuzluq zolağına düçar etmək deməkdir.
Məsələn, mən elə insanla rastlaşmışam ki, aqrar sektorda biznes qurmaq istəyib, icarə sahəsi götürüb, orda tələb və təklifi öyrənmədən hansısa bir məhsulu əkib, nəticədə külli miqdarda ziyana düşüb. Bir başqası ticarət sektorunda böyük həcmdə bank krediti götürərək mövsümi dəblə tanış olmadan xarici ölkələrdən birindən böyük partiyada qadın paltarı gətirib, nəticə onun üçün də məyusedici olub. Amma bu insanlar planla hərəkət etsəydilər, bazar analiz olunsaydı, mütəxəssislərlə məsləhətləşsəydilər, təbii ki, fiaskoya da uğramayacaqdılar.
Hər bir yeni başlayan və ya artıq təcrübəsi olan iş adamının uğur formulu çox sadədir: Nəyə tələbat olduğunu tapmaq və bu tələbatı təmin etmək.
2010-cu ildə mən həm fəaliyyətə yeni başlayan sahibkarlar üçün, həm də artıq fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün söz söyləmək, məsləhət vermək zərurəti duyaraq biznes planının tətbiqi nəzəriyyəsi mövcusunda kitab yazdım. Mən sahibkarlara aşılamaq istəyirdim ki, hər bir fəaliyyət növünün təməli biznes-planla hərəkət etməkdir. İşin sistemli plan əsasında qurulmasının vacibliyini dərk etməmək, kortəbiilik perspektivlərin uçuruma yuvarlanması deməkdir. Elə həmin kitabda mən həm də biznes aləmində uğur qazanmağın qısaca düsturunu verdim: Biznes aləminin dərin, hərtərəfli analizi onu sübut edir ki, hər bir fəaliyyət növünün uğuru səlis, professional, vaxtlı-vaxtında hazırlanmış plandan və həmin plana əməl edilməsindən asılıdır. Və həmin biznes planın hazırlanmasını da mütəxəssislərə həvalə etmək lazımdır.
Qərb dünyasının biznes aləminin uzun tarixi və bugünkü nəticələri sübut edir ki, hər bir biznesin sığortası və uğuru müxtəlif növ konsaltinq xidmətləri ilə sıx bağlıdır. Dünyanın ən böyük və aparıcı konsernləri əbəs yerə məsləhətçilərlə və konsaltinq qrupları ilə əməkdaşlıq etmirlər ki.
Biznes aləmi sərt və praqmatikdir. Mülayimlik və xeyirxahlığın burada yeri yoxdur. O, sentimentallıqdan məhrumdur və xeyriyyəçilikdən də uzaqdır. Pul müəyyən qayda və qanunlara riayət edərək həmişə onun artımı üçün şərait olan yerə can atır, onun üçün sərt mühit olan yerlərdən yan keçir və xüsusilə də, onun üçün ciddi riskin yarandığı zonalardan uzaq qaçır.
Biznes-plan olmadan, ümumiyyətlə, kommersiya fəaliyyətinə baş qoşmağa dəyməz, uğursuzluğa düçar olmaq riski xeyli böyükdür.
Biznes-plan gələcək müəssisənin və ya layihənin bütün əsas aspektlərini təsvir edən, onun qarşılaşa biləcəyi bütün problemləri analiz edən, həmçinin, həmin problemlərin həlli üsullarını müəyyən edən sənəddir. Buna görə də düzgün tərtib olunmuş biznes-plan sonda bu suala cavab verir: bu işə vəsait qoymağa dəyərmi və bu iş bütün vəsait və güc sərfini ödəyəcək bir gəlir gətirəcəkmi?
Biznes-plan, ilk növbədə, məhz sizə biznesinizin perspektivlərini, mövcud iqtisadi situasiyanı və imkanlarınızı görməyə, kampaniyanın inkişafının effektiv istiqamətlərini və qoyulan məqsədlərin əldə edilməsi üçün bütün zəruri addımları müəyyən etməyə, öz ideyalarınızı analiz etməyə, onların səmərəliliyini və reallığını yoxlamağa imkan verəcək. Bununla əlaqədar təkcə bu planlı işin yekunu – biznes-plan deyil, həm onun işlənib-hazırlanma prosesi qiymətlidir. Bu işə cəlb olunanların hamısı gələcək birgə fəaliyyət və ünsiyyət təcrübəsi, eləcə də biznesin inkişaf perspektivlərinə əsaslandırılmış baxış qazanacaqlar.
Biznes-plan siz və sizin əməkdaşlar üçün standart rolunu oynayacaq. Siz bu standartla onun praktiki reallaşdırılması üzrə fəaliyyətin nəticələrini müqayisə edərək, bu fəaliyyətə zəruri korrektivlər daxil edəcəksiniz. Bu plan əməkdaşlara öz vəzifələrini aydın başa düşməyə, hamı üçün ümumi olan bizneslə bağlı şəxsi perspektivləri görməyə, qoyulan məqsədlərin əldə olunmasında şəxsi əməyini qiymətləndirməyə imkan verəcək. Biznes-plan müəssisənin ilk fəaliyyət ilində prioritetlərin və fərdi iş tapşırıqlarının müəyyən edilməsində faydalı olacaq.
İşlənib-hazırlanmış biznes-planı «məqsədə aparan yol» kimi, müəyyən olunmuş məqsədlərin əldə edilməsi üçün vaxta görə ən optimal və ən az riskli marşrutu müəyyən edən xəritə kimi nəzərdən keçirin.
Onu da nəzərə alın ki, çoxsaylı amillər, o cümlədən, «gözlənilməz hava dəyişikliyi» nəzərdə tutulmuş planları hiss olunacaq dərəcədə dəyişə bilər. Yeni başlayan kompaniyalar üçün biznes-planda nəzərdə tutulmuş marşrutdan kənaraçıxmalar praktikası adi haldır. Mümkün kənaraçıxmaları qabaqcadan görməyə, «ehtiyat variantlar» işləyib-hazırlamağa və «ehtiyat yollar» hazırlamağa çalışın. Axı artıq məlumdur ki, «modifikasiya edilə bilməyən plan yaxşı ola bilməz».
İnamla demək olar ki, daim dəyişkən olan biznes dənizində uğur həlledici şəkildə bir neçə elementdən asılıdır ki, onların da ən əsasları bunlardır:
· Qərar çıxarılan zaman işlərin ümumi vəziyyətini anlayıb qiymətləndirə bilmə;
· İnkişaf səviyyəsinin məqsəd və perspektivlərinin müəyyən edilməsi;
· Müəssisənin bir vəziyyətdən digərinə – keyfiyyətcə təzəyə keçid prosesinin planlaşdırılması;
· Strateji qərarların qəbulu üçün maksimal informasiyaya malik olmaq.
Biznes-plan kifayət qədər həcmli sənəddir və onu tərkib etibarı ilə 10 hissəyə bölmək effektiv alınar:
1. Rezüme;
2. Məqsəd və vəzifələr;
3. Məhsul (xidmət);
4. Bazarın analizi;
5. Marketinq planı;
6. İtsehsalat planı;
7. İdarəetmə personalı;
8. Tələb olunan vəsaitin həcmi və mənbələri;
9. Maliyyə planı və risklərin analizi;
10.Müfəssəl maliyyə planı.
Növbəti söhbətimizdə bu 10 mövqenin hər birini ayrıca şərh edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)