Burdan küveytlilər, ordan ruslar

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Malik Məmmədov bu dəfə azərbaycanlılar hansı ölkəyə daha çox gedirlər sualının yerinə Azərbaycana hansı ölkədən daha çox gəlirlər sualını qoyub. Nəticələr maraqlıdır həqiqətən də. 

 

Başlayaq küveytlilərdən

Ötən il 22 minə yaxın Küveyt vətəndaşı Azərbaycana səyahət edib. Cari ildə iki dost ölkə arasında turizm sektorunda əlaqələrin daha da inkişaf etməsi gözlənilir. Son illər ərəb ölkələri, o cümlədən Küveytə aviareyslərin daha da intensiv olması turizm sektorunda canlanmanı şərtləndirən əsas amillərdən biri olub. 

Bu məlumatı Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin ən nüfuzlu qəzetlərindən biri olan “Əl Ənbə” nəşrinin baş redaktoru Yusif Xalid Al-Marzuq və jurnalistlərlə keçirdiyi görüşdə verib. Küveyt mediasının ölkəmizə böyük maraq göstərdiyini qeyd edən diplomatımız vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu il dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi qeyd olunur. O əlavə edib ki, bu münasibətlə Küveytdə də bir sıra tədbirlər keçiriləcək və media nümayəndələri ilə birlikdə məqalələr dərc ediləcək. 

Səfir Azərbaycan və Küveyt arasında iqtisadi-ticarət, mədəni əməkdaşlıqdan da ətraflı bəhs edib. 

Görüş zamanı “Əl Ənba” qəzeti ilə səfirlik, habelə azərbaycanlı jurnalistlər arasında əlaqələrin daha da möhkəmlənməsi müzakirə edilib, küveytli jurnalistlərin sualları cavablandırılıb. 

Sonda qəzetin baş redaktoruna Azərbaycanın tarixi və turizm məkanlarını əks etdirən nəşrlər təqdim edilib.

Demək, bu ərəb ölkəsi ölkəmizə maraq göstərməkdədir.

 

Keçək ruslara

Azərbaycan yaz aylarında rusiyalıların təyyarə ilə səfər etdikləri üç populyar ölkə sırasındadır.

Bu, “tutu.ru” və “Alfasığorta” şirkətlərinin apardıqları tədqiqatın nəticələrindən məlum olub. Yaz fəslində rusiyalılar daha çox Özbəkistan, Azərbaycan və Türkiyəyə səfərlər üçün aviabiletlər əldə ediblər. 

Rusiyadan Azərbaycana aviabiletlərin orta qiyməti 26 min 400 rubl (təxminən 600 manat) təşkil edir. Özbəkistana uçuşlar 27 min 200 rubl, Türkiyəyə isə 38 min 600 rubl məbləğindədir. 

Uzaq xarici ölkələr arasında Tailand və Misir daha populyardır.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.