Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, əhalini gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)