Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əziz oxucum. Elə bu yerdə bir qədər haşiyəyə çıxaraq sizinlə başqa mövzuda danışmaq istəyirəm. Mən kiməm, nəçiyəm? Həyat məramım nədir? Əlbəttə, kitab boyu bu sualların cavabına rast gələcəksiniz. Bunları bilməlisiniz, müəlliminizi tanımalısınız ki, sizə verilən ev tapşırığını da mənimsəyə biləsiniz
Hələlik isə, əziz oxucum, istəyirəm sizə ilk tanışlığımızda vətənim barədə məlumat verim. Mən azərbaycanlıyam, paytaxtı Bakı şəhəri olan Azərbaycan Respublikasında yaşayıram. Uzun illər, 1920-ci ildən ta ki 1991-ci ilə qədər Sovet İttifaqı adlı bir federasiyanın tərkibinə daxil olan Azərbaycan Respublikası 1991-ci ildən müstəqilliyini bərpa edə bilib. Bu müstəqilliyi itirənədək, 1920-ci ilədək isə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası dövlətçiliyinə malik olmuşuq. Onu da deyim ki, dünya tarixindəki ən böyük imperiyalardan biri – Səfəvilər imperiyası (XVI-XVIII əsrlər) da biz azərbaycanlıların olub. Bu tarixi Azərbaycan dövləti bugünkü Azərbaycan, İran, Ermənistan, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini, eləcə də ərəb ölkələri ərazilərini (İraq, Suriya, BƏƏ, Küveyt, Bəhreyn, Oman) əhatə edib, 3500000 kvadrat kilometrlik nəhəng əraziyə malik olub.
Hər bir xalqın taleyi qalibiyyətli və məğlubiyyətli müharibələrdən, eniş və yüksəlişlərdən keçir. 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay adlı iki müqavilə ilə Azərbaycan ərazisi Rusiya imperiyası və İran şahlığı arasında bölünüb, Rusiya imperiyasının tərkibindəki Şimali Azərbaycan hazırda, bax, mən yaşadığım müstəqil Azərbaycan Respublikasıdır, hal-hazırda burada 10 milyona yaxın azərbaycanlı yaşayır. İranda qalan Cənubi Azərbaycan (paytaxtı Təbriz) isə dövlət quruluşuna malik deyil, orada hazırda təqribən 25 milyon azərbaycanlı yaşayır.
Bu gün dünyada çoxlarına Azərbaycan məhz elə Şimaldakı müstəqil dövlətinə görə tanışdır. Azərbaycanı bir neft ölkəsi kimi tanıyırlar çoxları, neft bumundan sonra sürətlə böyüyüb gözəlləşən Bakıya «İkinci Dubay» adını da qoyublar. İndi buranı Şərq ölkələrində gözəl turizm məkanı kimi də tanıyırlar, qərbdə isə bura, həm də, Formula 1 yarışmasına evsahibliyi eləyən idman ölkəsi kimi tanınır.
Hər bir ölkənin öz «ən»ləri və «ilk»ləri var. Bizim Azərbaycanımızın da belə «ən»ləri və «ilk»ləri az deyil: Azərbaycanın Şərqin ilk Demokratik Respublikasına və dünyanın ən böyük imperiyalarından birinə müəllif olması barədə az öncə demişdim. Digər «ən»lərə baxaq: Bizim ölkənin sahillərini dünyanın ən böyük gölü (Xəzər dənizi) yuyur, Yer kürəsində ən çox palçıq vulkanı (300-dən çox) bizim ərazidədir. Qədim Şərqin ilk və ən mükəmməl Rəsədxanası 1259-cu ildə dünyaşöhrətli azərbaycanlı alim Nəsirəddin Tusi tərəfindən Azərbaycanın Marağa şəhərində yaradılıb. Dünya ədəbiyyatında ilk «Xəmsə» adlanan beş poemadan ibarət beşlik nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi (XII əsr) yaradıb. Dünyada dəniz dibindən ilk neft hasilatı (1846) Azərbaycanın hesabına düşür. Şərqdə ilk diplomat qadın XV əsrdə Ağqoyunlu adlı Azərbaycan dövlətində yaşamış Sara xatun olub. Şərqdə ilk opera 1908-ci ildə tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən yazılıb. 1920-ci ildə Şərqdə ilk Musiqi Akademiyası Azərbaycanda yaradılıb. Müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ 1918-ci ildə Azərbaycanda verilib. Şərqdə ilk elektrik qatarı da 1926-cı ildə məhz Azərbaycanda hərəkət eləyib.
Mən bu siyahını çox uzatmayaraq son nöqtəni qoyuram: Dünyaşöhrətli alim, bəşər tarixində köklü dəyişikliklərə, böyük sıçrayışlara səbəb olmuş süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə də azərbaycanlıdır!
***
Məncə, bir ölkənin, özü də dünya xəritəsində çox kiçik görünən, üstəlik də yenicə müstəqillik qazanmış bir ölkənin vətəndaşı üçün dünyanın ən böyük kürsülərində onun ölkəsi barəsində danışılması, dünyanın ən nüfuzlu mediasının onun ölkəsi barəsində yazması çox qürurvericidir. Biz azərbaycanlılar tez-tez bu cür qürurlanırıq.
«Bakı heç bir başqa şəhərə bənzəmir. Burada cəlbedici sərgiləri və attraksionları olan, nəhəng bulvarı, rahat kafeləri və xalça dükanları olan labirintəbənzər İçərişəhər vardır. Füsunkar qızılı çimərliklər, Abşeronun sayrışan işıqları, dəbdəbəli restoran və klublar, bərq vuran «Kristall Hall» sarayı...
Ölkənin qalan hissəsi də az təəccübləndirmir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-nun burada olmasına adamın inanmağı gəlmir. Qədim qayaüstü rəsmlər, dağ-xizək kurortu, dünyada mövcud olan palçıq vulkanların yarısı, duz gölləri, yanardağlar böyük maraq doğurur».
The Telegraph (Böyük Britaniya)
«Hava limanından şəhərə gedən geniş və füsunkar yolda özünü çox rahat hiss eləyirsən. Diqqətəlayiq memarlıq elementləri ilə bol tikililər yol boyu diqqətini cəlb edir, xüsusən Heydər Əliyev Mərkəzinə heyran qalırsan. Axşam Bakısının gözəlliyi bir başqa aləmdir. Dənizkənarı Milli Park, mərkəz və ona yaxın yerləşən binalar, körpülər, yollar yüksək səviyyədə işıqlandırılır. Şəhərin ən müxtəlif yerlərində toplaşan şən və qayğısız gəncləri görürsən.
Bakıda yaddaşa yazılacaq bir şey də var: istəsən dənizkənarı parkda İkinci Dünya müharibəsi veteranı ilə şahmat da oynaya bilərsən».
Frankfurter Allgemeine (Almaniya)
***
Ən nəhayət, vətən insanın doğulduğu yerdən başladığı üçün, əziz oxucularım, qısaca sizə doğulduğum Quba bölgəsi barədə də söz açmaq istəyirəm. Bu barlı-bağatlı, ecazkar təbiətə malik qədim diyarın o qədər özəllikləri var ki.
Bakıdan 168 km şimalda, Böyük Qafqazın Şahdağının yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən Quba dünyada öz alması ilə məşhurdur. Xüsusən, burada yetişən ağ alma çox unikaldır.
Dünyada, həm də Quba xalçaları məşhurdur. Dünyanın bir çox məşhur muzeylərində, bir çox şəxsi kolleksiyalarda orijinal naxışları ilə seçilən Quba xalçaçılıq məktəbinə məxsus Çiçi, Yerfi, Qımıl kimi xalçalara rast gəlmək olar.
Qubanın başqa bir unikallığı rayon ərazisindəki bənzərsiz kənd və qəsəbələrə malik olmasıdır. Burada dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Xınalıq kəndi mövcuddur ki, kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. 5000 illik tarixə malik Xınalıq fenomeni, təsadüfi deyil ki, bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən hesab olunur.
Eyni zamanda Qubada dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qafqazın Yerusəlimi adını almış bu qəsəbəyə qafqaz yəhudiləri 1797-ci ildə Quba xanı Fətəli xanın sayəsində gəlmişlər. O vaxt onlar daim yaşadıqları Dağıstan ərazisində yerli Surxay xanın əmri ilə soyqırıma məruz qaldıqlarından, sərhədi keçərək Azərbaycana adlamışdılar, Fətəli xan da onlara Qubanın ən səfalı yerində məskunlaşmağa izn vermiş, onları himayəsinə götürmüşdü.
Bir vaxtlar Qafqaz Albaniyasının tərkibində olan, bu qədim şəhərin yaranma tarixi, mənbələrə görə XIII əsrə gedib çıxır. Rayon ərazisində XI-XII əsrə aid müdafiə qüllələri, XVI-XIX əsrlərə aid Subaba və Ağbil türbələri, Tağlı körpü, Hacı Cəfər və Cümə məscidləri, Ələmu qalası, Atəşpərəstlər məbədi qiymətli memarlıq abidələrindən sayılır. XVII-XIX əsrlərə aid edilən Çuxur hamam isə xüsusilə məşhurdur. Şərq memarlığının incilərindən sayılan bu abidəni məşhur fransız yazıçı Aleksandr Düma da vəsf edib. Qafqaz səyahəti zamanı burada çimən Düma, göründüyü kimi hədsiz məmnunluq hissi keçiribmiş.
Mən bir neçə kəlmə Qubanın ecazkar təbiətindən də söz açmasam, günah işlətmiş olaram. Quba rayonu ölkəmizə təşrif buyuran turistlərin ən sevimli yerlərindən biridir.
Təbii bulaqları ilə, itburnu, alma, armud, əzgil, qoz, fındıq, zoğal, yemişan kimi yabanı bitkilərlə, müalicəvi əhəmiyyətli otlarla zəngin olan, dərinliklərində ceyran, tülkü, çöl donuzu, canavar, ayı kimi heyvanlar yaşayan Qəçrəş meşəsi, dadlı çapaq balığı ilə bol olan əzəmətli Qudiyalçay, kanyonvari dərənin yamacında Yura dövrü əhəngdaşı suxurlarının səthə çıxması ilə əlaqədar yaranmış 60 metr hündürlüyə malik Afurca şəlaləsi, dağ havası ilə yaşıllığın yaratdığı misilsiz oksigen mənbəyi sayılan Təngəaltı dərəsi turistlərin sevgi ilə üz tutduqları populyar turist marşrutlarıdır.
Təsadüfi deyil ki, belə bir el deyimi yaranıb: «Qubaya bir gələn, hökmən yenə də gələr». Böyük Azərbaycan şairi Məmməd Araz isə yazıb: «Qubanı görməmisənsə, demə ki, Azərbaycanı görmüşəm.
“Ədəbiyyat və incəsənət”
(01.02. 2023)