Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Norman Vinsent Pil «Pozitiv düşüncənin gücü»
Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100% işləyir.
Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.
Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:
- Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna kəsb etmir. Məna kəsb edən - sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.
- Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.
- Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.
- Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.
- Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)