Stiven Kovi. “Yüksək effektli insanların yeddi vərdişi” - Uğur yolunu göstərən ən yaxşı kitablar Featured

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Stiven Kovi. Yüksək effektli insanların yeddi vərdişi

19 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.

Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.

Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?

 - Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.

 - Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.

 - Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.

 - İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.

 - Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.

 - Öz gücünü özünə investisiya qoymağa sərf elə.

 - Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.

 - İnsanlar dünyanı olduğu kimi görürlər.

 - Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə  qarşı o cür hərəkət etmələrini arzulayasınız.

Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.

Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».

Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:

 - Siz nə iş görürsünüz?

 - Beş saatdır ki, bu ağacı mişarlayıram.

 - Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?

 - Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.

Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.