Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.
Napoleon Hill, «Düşün və varlan»
Hətta belə bir deyim var, həyatında müəyyən uğur qazanan insan, hökmən Napoleon Hillin sözügedən bu kitabını yəqin ki, oxumuş insandır.
Bu gün bu kitab planet boyu milyon tirajlarla çıxır, (indiyə kimi 30 milyondan çox nüsxəsi satılıb), əksər biznesmenlər Napoleon Hilli uğur psixologiyasının banisi hesab edirlər. Bu kitabın hər bir uğurlu insanın, biznesmenin stolüstü kitabı olması da iddia olunur. Həyatının 20 ili boyunca Endryu Karnegi, Henri Ford, Tomas Edison və digər ən şöhrətli varlı insanların həyatını öyrənən, 5000 ən varlı amerikalıdan həyatları ilə bağlı müsahibələr alan müəllif sonda belə bir qənaətə gəlmişdir ki, bu şəxslərin hamısı oxşar xüsüsiyyətlərə malik olmuş, müvəffəqiyyət qazanmanın eyni qanunlarına riayət etmişlər.
Bu elə bir kitabdır ki, onu təkrarən oxuyacaq və hər dəfə yeni bir şeylər tapacaqsınız. Dünyanın ən varlı insanlarının uğur sirrini bilmək sizə zarafat gəlməsin.
Kitabda xoşbəxt həyatı təmin edən müvəffəqiyyətin 13 prinsipi də verilmişdir və təsəvvür edin, bütün bu prinsiplərin mayasında inam dayanır. (Mən sonrakı günlərdə hədsiz maraq doğuran bu prinsipləri ayrıca oxucularıma təqdim edəcəyəm).
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)