Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verəcəyəm.
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
Ser Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.
Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)