Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.
Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.
Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?
Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.
Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.
Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.
Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?
Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?
Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.
Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?
Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!
Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)