TƏLƏBƏ YARADICILIĞI – “Və bütün bu ağırlığın içində gülümsəmək — ən böyük cəsarətdir...” Featured

Fərasət Babazadə, NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

İnsan bu dünyaya qışqıraraq gəlir. Sanki yoxluqdan varlığa keçidin ağrısını səsi ilə bildirir. Biz dünyaya səsimizlə gəlirik — elə bil varlığımızı sübut etmək üçün hayqırırıq. İlk nəfəs... Həyat bizi görsün, eşitsin deyə. Amma ölüm gələndə heç nə demirik. O, sakitcə yaxınlaşır. Bir pəncərə örtülür, bir nəfəs dayanır. Heç kim bilmir o an nə düşündük, nə hiss etdik. Varlıq səsdir, həyat hərəkətdir, amma ölüm... o həmişə sakit gəlir. Əslində ölüm sükutun bir adıdır. O, səsi də, sözü də arxada qoyar.

 

Varlıq və yoxluq arasında bizə verilən zaman — bir andır. Bu anın necə keçəcəyi bizim əlimizdədir. Bəzən yaşamaq öz-özünə baş verir, amma əslində yaşamaq bir qərardır. Varlığın ağırlığını daşımaq, nəfəsin məsuliyyətini hiss etməkdir. Bu iki səssizlik arasında bir yol var: həyat. Biz o yolu keçərkən gah danışırıq, gah susuruq. Amma ən gözəli, yeri gülməkdir. Çünki gülüş — həyatın bizdən istədiyi cavabdır. Və bütün bu ağırlığın içində gülümsəmək — ən böyük cəsarətdir.

Axı insan yalnız sevinəndə gülmür. Bəzən içində fırtınalar qoparkən gülümsəyir. Bəzən gülüş, məğlubiyyətin içində belə ruhun uduzmamağıdır. Sən susursan, gözlərin danışır. Varlıq susur, gülüş səni xatırladır.

Bizi yaddan çıxaracaq çox şey var. Zaman, insanlar, tozlanan xatirələr... Amma bir gülüş — bir anda hər şeyi geri qaytara bilər. Elə ona görə də biz səs-küylə doğulub susqun ölürük, amma yaşamaq... yaşamaq gülümsəyə bilməkdir. Öz varlığını qaranlığın içində işıq kimi saxlamaqdır. Bəzən ağrını unutduran, bəzən içindəki fırtınanı gizlədən, bəzən də sadəcə var olduğunu hiss etdirən bir gülüş. Hər şey susur, zaman keçir, insanlar gedir. Amma sən gülümsəyə bilmisənsə, deməli yaşamağın bir mənası olub.

Əgər bu ruhuna toxundusa, bunu oxuyarkən gülümsədinsə deməli mən də var olmuşam.

“İnsan, gülmədiyi günü, yaşadım deyə həyat dəftərinə qeyd etməməlidir” demişdir Sokrat.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.