Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Uşaq vaxtı soruşurdular: “Böyüyəndə nə olacaqsan?” Mən də, nədənsə, “Nəqliyyatçı” demirdim – çünki bu, o vaxtlar nənəmin başa düşəcəyi bir şey deyildi. “Nəqliyyat?” deyib fikrə gedirdi, “hə, bəlkə sürücü? Atan baban kimi” deyə təklif verirdi. Amma bilmirdi ki, bu elə-belə avtobusun sükanı deyil – bu, bütün şəhərin nəfəsini planlamaqdır.
Nəqliyyat mühəndisliyi yol çəkmək deyil – yolun necə yaşadığını hesablamaqdır. Mühəndis deyəndə hər kəsin gözündə bir körpü tikən, beton qarışdıran adam canlanır. Amma biz? Biz bəzən tək bir gecikməni düzəltmək üçün təkər fırlanmadan əvvəlki ehtimalları ölçürük. Bəzən iki dəqiqəlik gecikmənin bir şəhərin səbrinə necə təsir etdiyini modelləşdiririk.
Yol mühəndisi asfalt çəkir. Biz isə vaxtın özünü döşəyirik. Onlar zolaq çəkir, biz axını. Onlar bardür qoyur, biz insanların davranış trayektoriyasını hesablayırıq. Və ən əsası – onlar tikir, biz qavrayırıq. Çünki hər maşın – bir ehtiyacdır. Hər yol – bir insanın qərarı. Və biz bu qərarların nəbzini tutmağa çalışırıq.
Ona görə də bir gün, dərsdə Allahverdi müəllim bizə baxıb dedi:
“Əziz tələbələrim, nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır.”
Bu, təkcə fənn məlumatı deyildi. Bu, bir baxış tərzi idi. Çünki hər hərəkət, hər gecikmə, hər sıxlıq – bir sükutun içində gizlənmiş hekayədir. Və bu hekayəni anlamaq üçün rəqəmlərdən çox həyat duyumuna ehtiyac var.
Beləcə, biz nəqliyyat mühəndisliyi oxuyuruq – yəni şəhərin ritmini, insanın tələbatını, texnikanın xislətini və xaosun harmoniyasını bir cədvəldə, bir modeldə, bir axında birləşdiririk. Elə bil həyatın özünü bir şəbəkə qrafikasına çeviririk. Nəqliyyat mühəndisliyi sadəcə ixtisas deyil – bu, sistemin içində öz yerini axtaran bir insanın peşəsidir.
Bəzən insan həyatının xülasəsi bir yol xəritəsində gizlənir. Başlanğıcı bilinməyən bir marşrut, sonu görünməyən bir istiqamət. Sanki hər kəs öz asfaltını döşəyir, kimisi düz, kimisi isə döngələrlə dolu. Hərə öz yolunun qaşını çəkir, bəzi yollarda bu qaş yüngül təbəssüm kimi, bəzilərində isə ağır talelər kimi çatlanır. Yolun çiyni də var, düşəndə dayandığın yer, bəzən çiynini söykədiyin bir insan qədər vacib. Həyatın özü də bir nəqliyyat sistemidir: istədiyin stansiyada düşə bilmədiyin, ancaq hər dayanacaqda nəsə öyrəndiyin bir sistem.
Allahverdi müəllim hər dəfə auditoriyaya girəndə yolun özündə bir fəlsəfə, düşündürücü birşey olduğunu hiss etdirirdi. “Nəqliyyatçı gərək hər şeydən xəbərdar olsun,” – deyirdi. Bu sözlər bəzilərinə adi bir tələb kimi görünürdü. Amma bir neçə mühazirə sonra anladım ki, bu xəbərdarlıq təkcə magistral yollarla, asfalt qatları ilə bağlı deyildi. Bu, həm də insanın daxili yollarını tanımaq, öz yoluna mühəndis gözü ilə baxmaq, qərarların nəticəsini əvvəlcədən hesablamaq bacarığı idi.
Yolun görmə məsafəsi – insanın gələcəklə bağlı qənaətidir. Dumanın içində, qaranlığın dərinliyində, əgər gözlərini düz tutmağı bacarırsansa, sürətin stabildirsə bəlkə də hara getdiyini anlamasan belə, niyə getdiyini anlayırsan. Tormoz yolu isə məncə, təəssüf hissidir. Sürətlənib getdiyin, amma sonra gecikmiş peşmanlıqla durmağa çalışdığın zamanın izidir. Allahverdi müəllim dərslərdə bunu deyəndə, biz bu terminlərin yalnız texniki anlamını götürürdük. Amma bir gün həyat özü sübut etdi ki, bu anlayışların metaforik yükü daha ağırdır. “Biraz həyata daha geniş bucaqdan baxın, əziz tələbələrim,” deyəndə, bəzən bucağın sadəcə riyazi bir anlayış olmadığını anlaya bilmirdik. Hər baxış bucağında başqa bir insan, başqa bir həyat, başqa bir yol yatırmış. Necə ki, misal çəkmişdi "Dayanacaqda duran cütlük yaşlılar üçün gəncliyin təravətini xatırladır. Amma avtobus sürücüsü onları əlli qəpik olaraq görür".
“Universitet sizə təkcə təhsil verməyəcək,” – deyirdi – “həm də dünyagörüşünüzü artıracaq. Sual verin ki, biz buna həqiqətən hazırıqmı?” Həyatın hər kəsi imtahan etdiyi bir anda, bu sual içimizdə əks-səda doğururdu. Bəzən yol kənarında durub, bu sualı öz-özümüzə pıçıldayırdıq. Bəs həqiqətən hazırıqmı?
Allahverdi müəllimin səsi qulağımızda hələ də var: “Həyat sizə həmişə yaxşı olmayacaq, amma pisin içindən yaxşını özünüzə pay götürün.”Mühəndislik bu cümlənin tam ortasında yaşayır: problemlərin içindən çıxış yolu tapmaq, qaranlığın ortasında bir yol xəttini düz çəkmək və hər şeydən əvvəl getmək.
Çünki həyat bir yoldur. Və bu yolun sürət məhdudiyyəti yoxdur. Amma diqqətsizlik – qəza səbəbidir.
"İnsan orqanizmi də avtomobil mühərrikinə bənzəyir" – deyəndə Ziyafət müəllim, otaqda bir anlıq gülüş dalğası keçdi. Söz, bəlkə də çox sadə səsləndi bizə. Mexaniki bir cümlə idi, axı biz insanı hisslərlə, duyğularla, ruhla bağlamağa alışmışdıq. Ancaq sonralar anladıq ki, bəzi sadə cümlələr var ki, məhz sadəliyi ilə adamı silkələyir. Bu bənzətmədə Ziyafət müəllimin dediklərindən daha çox, demədikləri vardı.
Bədən - mühərrikin metalla yoğrulmuş əksidir. Bir sistemin içindəki başqa bir sistem. Mədə yanacaq çənidir, ürək porşen, ağ ciyər karbürator-injektor, sinirlər naqil, beyin isə ECU-yəni idarəedici kompüter. Amma bəlkə də ən çox bənzədiyimiz şey nə yanıcı qarışıqdır, nə sürət qutusu, nə də batareya. Ən çox “nasazlıq” hissini xatırladırıq. Qırılan, təmirə ehtiyacı olan, səssizcə dayanan bir mühərrik kimiyik.
İnsan yorular. Və bu yorğunluq, təkcə əzələlərdə deyil ən çox ruhda baş verir. Elə bil içindəki mühərrik yağı azalır. Hər səhər yenidən işə düşmək üçün çabalayırıq. Sanki start veririk, amma “açar” dönmür. Və bu an anlayırıq ki, daxili mühərrikimizin yağsız işləməsi hiss etmədən özümüzü məhv etməyimizdir. Hər gecə düşüncələrimiz qızır, porşenlər çatlayır, bəzən səssiz bir göz yaşı ilə radiatordan buxarlanırıq. Axı mühərrik də susur, amma bu, onun sağlam olduğu anlamına gəlmir.
Bir çay fasiləsi, bir dost söhbəti, bir gecəlik yuxu bəlkə də bu bizim texniki baxışımızdır. Lakin bəzi problemlər var ki, onları heç bir usta anlaya bilməz. Çünki bədən təmir olunur, amma ruhun mexaniki sxemi hələ heç bir texniki sənəddə yoxdur. O sənəd insanın içində yazılır. Tək-tək. Hər ağrıyla. Hər gərginliklə.
Və burada Ziyafət müəllimin cümləsinin başqa bir mənası da ortaya çıxır: mühərriklər də fərqlidir, insanlar da. Eyni modeli olan iki mühərrik belə fərqli performans göstərə bilər. Eyni cür təhsil alan, eyni dərsi dinləyən iki tələbə, həyatın eyni döngəsində fərqli yollara gedə bilər. Çünki içindəki mexanizm, yəni ruhun sürətlər qutusu bəzən üçüncü pillədə qalmaq istəyir, bəzən isə əllə geriyə çəkilir, qırılmaq bahasına.
Bir də var “Check engine” işığı. Bəzilərinin həyatında bu işıq daim yanır, amma heç kim ona fikir vermir. Sən yaxşısan, deyirlər. Görünüşcə problemsizsən. Amma içində sürtünmə baş verir. Bir hissə digərinə toxunur. Və sən, təkcə nasaz deyilsən, sən dağılmaq üzrə olan bir sistemsən. Ruhun döyülməsi, səssiz sızıldaması əslində bir “təmir siqnalıdır.”
Ziyafət müəllim bizə bunu deməyə çalışırdı: "İnsan da sistemdir. Sökülə bilər, düzələ bilər, amma daim çalışmalıdır." Onun sözlərinin arxasında bir mexanikin öyrətdiyi texniki dərs yox idi yalnız. Orada bir böyük qayğısı, bir filosof düşüncəsi, bir şairin yazmadığı şeir vardı. O, bizə öyrədirdi ki, “bəzən susmaqla da mühərrik qırılar.” Və sən onu dinləmədikcə, içindəki mühərrik səssizcə sönər.
Bəlkə də ona görə ilk baxışdan sadə görünən bu cümlə bizi güldürdü. Amma sonradan anladıq ki, bu cümlə bizim gülüşümüzə deyil, gələcəkdəki susqunluqlarımıza cavab idi.
Bir yol var ki, hər birimiz o yolda irəliləmək istəyirik. Sanki həyatda sürət artırmaq, daha çox məsafə qət etmək, gedişi dayandırmamaq... Hətta buna görə çətin yollara da girmək istərdik. Amma hər avtomobilin, hər bədən sistemi kimi, hər yolun da bir hüdudu, bir tormozu, bir təhlükəsizliyi var. “Yolun sonu” deyəndə, sadəcə fiziki bir bitiş xətti deyil, həyatın sonluğunu, insanın özünü tapma və ya özünü itirmə anını nəzərdə tuturuq.
Müəllimin hər zaman qeyd etdiyi kimi, "Bir yolun sonu varsa, deməli, başqa bir yol da başlayır." Həyatımızda bəzən çox asanlıqla keçidlər edirik. Bəzi yol işarələrini görmürük, ya da görüb görməməzliyə vururuq. "Yol işarəsi" – bu həyatın və ya bədənimizin üzərində yazılı olan bir siqnal. Səni xəbərdar etmək istəyən, bir səhvi təkrarlamamağını söyləyən bir həqiqət. Lakin tez-tez, bu siqnalları göz ardı edirik. Bəzən işarənin qanunu belə nəzərə almayaraq sürətimizi artırırıq, yoxsa? Amma hər bir siqnalın öz mövqeyi, hər yolun öz təhlükəsizliyi var.
Bizlər, gənclər, bəzən özümüzü təhlükəsizlik kəməri kimi sıxırıq, amma o təhlükəsizlik kəməri yalnız fiziki deyil. O, bir etimad, bir tərəfdaşdır. İnsan bəzən həyatın tələlərinə düşərkən, Qoşqar müəllimin dediyi kimi "bu yolda mən nəyi dəyişə bilərəm?" sualını verməyi unudur. İnsanın daxili sisteminin sızması, hər bir emosional problemlə bir mühərrikin soyuqlaşması kimidir. İstər böyük, istərsə də kiçik, hər bir mexanizmin hərəkətə keçmədən əvvəl "istirahət"ə ehtiyacı vardır. Bədən belə, düşüncə də. “Təmirə ehtiyacım var” – bunu qəbul etmək də bir fəzilətdir.
Sanki hər bir insan həyatında bir mühərrik kimi işləyir. Ancaq əgər biz öz içimizdəki mexanizmə, bizim iradəmizə diqqət etməsək, bizlər də həyatımızı elə bir vəziyyətə gətirə bilərik ki, heç bir usta nə düzəldə bilər, nə də təmir edə bilər. Burada, həyati mühərrikin təmirinə gedən yolda, insanın özünün də dəyişməsi tələb olunur. Bəlkə də həyatda "tormoz yolunun" ən çətin mərhələsi, durduğunda deyil, durmadığında özünü tapmaqdır. Sürət həddi aşılarkən, qarşıdakı təhlükə gözə dəyməz. Lakin, gözlənilməz bir an – bir anlıq dayanma, bütün sistemi dəyişdirə bilər.
Bu yolda yolun qurtardığını hiss etməmək də mümkündür. Amma bir mühərrik də, zamanla, təkrar təmir etmədən heç bir iş görməz. Həyat da belədir: çox çalışmaqla, tükənə bilərsən, amma heç dayanma - hər an bir təmir ehtiyacı doğurur. Oktay müəllim də riyaziyyatla bunu deyirdi: “Bir yolun sonu varsa, o deməkdir ki, sən özün yenidən başlamalısan, amma bu başlanğıc səndən asılıdır. O yolun bitməsi, bəlkə də başqa bir yolun başlanğıcıdır, amma o, sənə daxili hazırlıq lazımdır.”
Həyatın yolda olduğunu anlamaq, həmin yolda nəyə görə irəlilədiyimizi anlamamağa bənzəyir. Biz çox vaxt sürətimizi artırırıq, amma yolda dayandığımızda geriyə baxırıq və görürük ki, bəzən boş bir yolda gedirik. Həyat, bəzən insanı öz mexanizmində belə sürətlə aparır ki, dayanıb düşünməyə zamanımız olmur. Yəni, yol nə qədər məsuliyyətlidirsə, həyat da o qədər məsuliyyətlidir. Yalnız maşını deyil, özümüzü də idarə etmək üçün şüurlu olmalıyıq.
Nəqliyyat mühəndisliyi… Xaricdən baxanda, sanki metronun intervalını hesablayan, ya da yol nişanı düzəldən adamların sahəsidir. Amma içəri girəndə anlayırsan: burda təkcə təkərlər fırlanmır, beyinlər və talelər də hərəkətdədir.
Bəzən soruşurlar ki, “siz yol çəkirsiniz?” Gülümsəyirik. Biz yol çəkmirik. Biz yolun necə işlədiyini başa düşməyə çalışan adamlarıq. Nəqliyyat elə bir şeydir ki, hərəkət anlayışını öyrədir sənə, amma durmağın da qədrini bilməyi tələb edir. Həyat da belədir: getmək vacibdir, amma bəzən bir dayanacaqda nəfəs almaq daha vacib.
Universitetdə keçdiyimiz dərslərin çoxu bəlkə də sabah lazım olmayacaq. Amma bir cümlə, bir baxış, bir müəllimin dediyi bir fikir ömrümüzün dönmə bucağını dəyişə bilər. Allahverdi müəllimin səsi hələ də qulağımızdadır:
"Nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır. Bir az da geniş bucaqdan baxın həyata, əziz tələbələrim."
Hə, biz qrafik çəkirik, layihə hazırlayırıq, axın planlayırıq. Amma bəzən bir tıxacın içində oturub, həyatın özüylə üz-üzə gəlirik. Gecikmələr, qəzalar, dönməz yollar – bunlar sadəcə yol hadisəsi deyil, həyatın metaforasıdır. Biz bu ixtisasa girəndə bunu bilmirdik. Amma indi başa düşürük: bəzən yolun özü dərsdir.
Və bir gün gələcək artıq diplom əlimizdə, həyat dediyimiz böyük magistralın başında dayanacağıq. Heç kim bizə GPS verməyəcək, heç bir müəllim əl qaldırıb "bu suala cavab ver" deməyəcək. Amma içimizdə bir səs deyəcək:
"Sual ver… bu yola həqiqətən hazırsanmı?"
Biz sadəcə yol mühəndisi deyilik. Biz həyatın məntiqini anlamağa çalışan realist romantiklərik. Dəqiqə dəqiqəsinə uyğun işləyən sistemlər qururuq, amma bilirik ki, qəlbin döyüntülərini heç bir proqram hesablaya bilməz.
Elə buna görə, növbəti dəfə metroda bir qatar gecikəndə əsəbiləşmə. Ola bilər ki, o gecikmə sənə nəyisə anlamaq, kiminləsə göz-gözə gəlmək və ya özünlə bir az danışmaq üçün fürsət verir.
Bəzən ən doğru stansiya, enməyi planlamadığın yerdədir.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)