Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər dəfə elə düşünürdüm ki, birinə “yox” demək, onu incitmək deməkdir. Sanki ona “yox” deyəndə qəlbini qıracam, gözündə pis insan kimi görünəcəm. Empatiya göstərərək onun ehtiyaclarını öz ehtiyaclarımdan üstün tuturdum...
Hər nə qədər çətin olsa da, qəlb qırmamaq adına susurdum. Və nəticədə istəmədiyim yerlərə gedir, istəmədiyim şeyləri edir, istəmədiyim vədlər verirdim. Nə uğruna deyə soruşsan – cavabı çox sadə idi: Başqaları xoşbəxt olsun deyə. Çünki mənim üçün xoşbəxtlik, bir insan üçün ən önəmli ehtiyac idi. Sanki mən xoşbəxtlik tozunu səpən bir pəri rolunuoynayırdım. Bir gün anladım ki, mən artıq pəri olmaq istəmirəm. Çünki pərilər dəyorularmış bəzən. Onların xoşbəxtlik tozu da bitərmiş.
Və bir gün başa düşdüm ki, mən özüm olmaq istəyirəm. Başqalarına “yox” deyə bilməmək məni yox edirdi. Mən özümü itirirdim. Özümü tapa bilmədikdən sonra mən başqasını necə xoşbəxt edə bilərdim ki? Zaman keçdikcə anladım ki, “yox” demək, əslində incitmək demək deyil, özünü tapmaq və dürüst olmaqdır. Bəzən “yox” demək, öz varlığını qorumaqdır. Özünü dinləməyə başladığında anlayırsan ki, başqalarını xoşbəxt etmək üçün, öncə özün xoşbəxt olmalısan. Sən özün olduqdan sonra həm xoşbəxt ola, həm də xoşbəxt edə bilərsən. Yoxsan deyə nə hisslərini anlayan olacaq, nə də varlığını xatırlayan.İndi mən “yox” deməyi bacarıram. Çünki “hə” deyərkən nə qədər yox olduğumu gördüm. Yoxluq isə mənə heç nə qazandırmadı əksinə çox şeyi əlimdən aldı. Artıq “yox” deyəndə özümü daha xoşbəxt hiss edirəm. Və özümü ilk dəfədir ki, daha aydın görə bilirəm.
“Yox” demək, əslində özünə “hə” deməkdir. Çünki bəzən ən böyük cəsarət başqasını yox, özünü seçməkdir. Bu bir eqo deyil, bu öz dəyərini bilməkdir. Kimin üçün yaşadığını, kimin həyatını yaşadığını seçdiyin andır. Və seçimlərin səni olmaq istədiyin birinə ya dönüşdürər, ya da heç vaxt olmaq istəmədiyin birinə çevirər.
Bəs sən... Sən hansını seçirsən?
Yoxsa sən hələ də “yox” deməyi incitmək, qırmaq kimi görüb özünə göz yumursan?
Ya da “yox” deməyi bacarıb ilk dəfə özünə “hə” deməyə cəsarət edirsən?
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)