Əbədi məhəbbət nağılı – ƏFSANƏLƏR VƏ REALLIQ Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bir zamanlar dağların dərinliyində, göylərlə yer arasında bir sevda varmış.

Dağ adamı - təbiətin sərtliyi ilə formalaşmış, torpağın və daşların dilini yaxşı bilən bir varlıq idi. Onun qəlbi Aysimanın gözlərində tapdığı nurla yanar, amma aralarına girən buludlar bu sevgini tamamlamağa imkan verməzdi. Səmanın qızı, göylərin incə və əzəmətli varlığı, hər gün Dağ adamını xatırlayaraq, buludların arasında gizlənərdi. Ancaq gecələr, ulduzların işığında, onlar qovuşar, uzun-uzun söhbət edər, qucaqlaşar və sevgilərini bir-birinə çatdırardılar.

 

Bir gün, Səmanın qızı qərar verir ki, artıq bu ayrılığa son versin. O, Günəşin yanına gedib, buludları isitmək üçün ondan kömək istəyir. Günəş deyir: "Mən bunu edə bilmərəm, torpağa və göylərə balans lazımdır."

Səmanın qızı, ümidini itirmədən, bu dəfə Küləyi tapır. Lakin Külək də razı olmur: "Əgər buludu üfürsəm, fırtınalar yaranar və dünya dağılar"

Məğlub olmuş Səmanın qızı, daha da dərin bir ümidlə Ayın yanına gedir. Ay, hər şeyi sakitcə dinləyib, ona deyir: "Ey Səmanın qızı, sevgi zamanın sərhədlərini aşar. Gecələr ulduzların işığında birləşərək, hər gecə onunla görüşmək mənim tövsiyəmdir."

Və bu, belə davam edir. Hər gecə, Səmanın qızı və Dağ adamı ulduzların altında sevgi dolu anlar keçirir, amma bir gün, Səma hər şeyi öyrənir. O, öz qızını göy üzündən qovub, Dağ adamının ayaqlarına atır. Sevgi uğrunda gedilən yolun sonunda, Səmanın qızı yerə çırpılaraq, Dağ adamının qollarında can verir.

Ancaq Dağ adamı bu faciəni qəbul etməz. O, sevginin günahını buludlarda görür və onlarla mübarizəyə başlayır. Lakin buludun şimşəyi onun bütün ümidlərini yox edir, Dağ adamı parçalanır. O andan etibarən, Dağ adamı Aysima qayasına çevrilir. O, artıq yalnız Dağ adamı deyil, Aysimanın ruhunun yaşadığı, dağın zirvəsində əbədi qalacaq bir qaya olur.

Bütün bu hekayənin sonunda, bir vaxtlar ayrılıqla üzləşmiş bu sevdanın təbiəti dəyişir. Onlar torpaqda gizlənir, yalnız torpaq onların ruhunu bağrına basır. Torpaq hər daşında, hər çatlağında onların hekayəsini daşıyır, onların məhəbbətinin əbədi izlərini saxlayır. Və hər kəs torpağın üzərində gəzərkən, o, hər adDımda sükutla izlərini izləyər, bir sevdanın sonsuz izlərini hiss edər.

Bu hekayə bizə eşqin gücünü və əbədi davamını anlatır. Hər bir sevda, qarşısında bir çox maneələr, çətinliklər və kədərlər olsa da, sevginin təbiəti ondan daha möhkəm və sarsılmazdır. Hətta fiziki varlıqlar parçalanıb yox olsa da, sevgi, onun izləri və ruhu əbədiləşir.

Eşqə dair dərs, beləcə, budur: Sevgi zaman və məkanla sığışmaz. Bəzən arzu edilən birləşmə üçün səbirli olmaq, qəlbinə yol tapmaq, ən çox da qarşılaşdığın hər çətinliklə barışmaq lazımdır. Sevgi yalnız bir anın hissi deyil, o, bir ömür boyu dağlar və qayalar boyunca gedən bir yolculuqdur. Bu yolda yalnız torpaq, hər zaman səni qucaqlayacaq yeganə varlıq olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.