Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Bəzən bir yazıçının məşq edib cızma-qaraladığı yazılar hansısa kitab rəfindən və yaxud iş masasının dolabından tapılır, özü dünyasını dəyişsə də qaraladığı sözlər təkrar çap olunaraq onun ədəbi irsinə çevrilir. Bu məsələ bir tərəfdən pafosludursa, bir tərəfdən də qəmli bir hekayədir.
Qəmli tərəfi bundan asılıdır ki, yazıçının ölümündən sonra artıq çap olunan kitabına əli çatmır və kitab onun istədiyi kimi çap olunmur. Amma mənim yazdığım bu yazıda hansısa yazıçının ölümündən sonar onun yazısının sortunu aşkarlamaq istəmirəm. Bununla belə Alber Kamü də ölümündən sonra romanı çap olan müəlliflərin sırasında yer alır.
Kamünün ölümündən 17 il keçdikdən sonra “Xoşbəxt ölüm (La mort heureuse)” adlı romanı çap olunur. Ancaq araşdırmalara əsasən, sanki müəllifin o romanı çap etmək məqsədi yox imiş. Deyilənə görə bu roman “Yad” romanı üçün bir növ qaralama və ilkin ideya imiş. Bu səbəbdən də Kamü, 25 illik yubileyinin bu suvenirini heç zaman çap etdirməmişdi. Amma “Xoşbəxt ölüm” romanı tək başına “Yad” romanı ilə müqayisə edilmədən öz gönünü sudan çıxarıb müstəqil bir roman hesab edilə bilər.
Əgər siz Fransız yazıçısı və filosofu Alber Kamünün əsərləri ilə bir qədər tanışsınızsa, bilirsiniz ki, onun romanlarının əsas mövzusu həyatın mənasının absurdluğu təməlini təşkil edir. Kamü, bu ideyanı müxtəlif rakurslardan dəfələrlə araşdırıbdır. Məsələn Kamü, “Yad” və “Sizif əfsanəsi” kimi əsərlərində “Bu absurd həyatın yaşamağa dəyəri varmı yoxsa yox?” sualını verir və məşhur trilogiyasını təşkil edən üçbucağın üçüncü tərəfi isə “Kaliqula” tamaşasıdır.
Alber Kamünün “Yad”, “Sizif əfsanəsi” və “Kaliqula” əsərlərinin ortaq leytmotivi absurd anlayışıdır. Kamü bu əsərlərdə insan həyatının mənasızlığı və anlaşılmazlığı ilə üzləşən fərdləri təsvir edir.
“Yad” romanında Merso xarici dünyaya və ənənəvi dəyərlərə qarşı laqeydlik nümayiş etdirir, bu da onun absurd dünyadakı mövqeyini simvollaşdırır. “Sizif əfsanəsi”ndə isə Kamü, Sizifin sonsuz və mənasız əməyini insanların yaşadığı absurdla müqayisə edir, lakin bu mübarizənin özündə bir növ məna tapmağın mümkünlüyünü vurğulayır. “Kaliqula”da isə qəhrəmanın hakimiyyət tutumları vasitəsilə absurdu qəbul etməsi və bunun nəticəsində yaranan zülm göstərilir.
Bu üç əsər, ümumilikdə, həyatın məntiq axtarışının, mənanın yoxluğunu və bu vəziyyətə fərqli yanaşma yollarını araşdırır və insanın öz dəyərlərini yaratmasının zəruriliyini ön plana çıxarır.
İndi Kamünün gəncliyinə aid olan “Xoşbəxt ölüm” romanında, romanlarının digər personajlarına nisbətən həyata bir az daha optimist yanaşan “Patris Merso” adlı bir xarakter vardır. Mersonun həyat fəlsəfəsinin sonu da eyni həyatın absurdluğu anlayışı ilə başa çatsa da, o hesab edir ki, hər bir insan iradə və xoşbəxtlik hissi keçirirsə, varlı və zəkalı olmaq haqqıdır.
Roman “Təbii ölüm” və “Şüurlu ölüm” adlı iki fəsildən ibarətdir. Birinci fəslin əvvəlində isə öyrənirik ki, Merso, “Zaqrey” adlı bir iflicin öz istəyinə görə öldürür. Sonra onun pul ilə dolu çamadanını götürüb xoşbəxtliyə gedən yola addım atmağa başlayır. Merso, müxtəlif səyahətləri ilə xoşbəxtliyə gedən yolu, onlarla bağlı müxtəlif təfərrüatları ilə keçirdiyi anlar doludur. Nəhayət, ən əsas cavabı, hər bir oxucunun özünəməxsus baxışı ilə əldə etmək mümkündür: Merso, xoşbəxtliyi əldə edə bildimi?
Yoxsa xoşbəxtliyin kəşfindən nakam qaldı?
Romanda Mersonun xarakteristikası, onu “Yad” romanında olan Merso kimi təsəvvür etməsək, aydın və açıq-aşkar hiss olunan bir xarakterdir. O varlanmaq qərarına gəlib “Xoşbəxtlik qədər heç nəyi ciddiyə alma” deyən Zaqreyin məsləhətinə əməl edib, gördüyü işlərdən xoşbəxt olmaq istəyən bir insandır.
“Mən heç də hesab etmirəm ki, xoşbəxtlik puldadır. Ancaq fikirləşirəm ki, bəzi adamlar üçün xoşbəxtlik mümkündür. Bir şərtlə ki, onların vaxtı var və pulun olmağı da puldan azad olmaq deməkdir.”
Eyni zamanda Merso təcrid olunubdur, darıxır, bəzən gələcək üçün narahat olur, xoşbəxt həyatını hamıya sübut etmək istəyir, amma sevgi ilə arası o qədər də
yaxşı deyil, gahdan da beyni suallar və tələskənliklər ilə dolur:
“Yaşamaq üçün vaxt lazımdır. İstənilən sənət əsəri kimi həyat götür-qoy etməyi tələb edir. Və Merso həyat haqqında düşündüyü vaxt onun tutqunlaşmış vicdanı və xoşbəxtliyə yönələn darısqal kupedə - bu an ona insanın özündən yüksəyə qalxmağa çalışaraq mahiyyətini dərk etdiyi həbsxana kamerası kimi görünən kupedə - vurnuxurdu.”
Kamü, bu romanda mövzu və düşüncələri işlətməsi baxımından “Xoşbəxt ölüm” romanının ən yaxşı təsviri bəlkə də həmin qaralama və heç zaman çapını düşünmədiyi romanda yerləşibdir. Xoşbəxt ölümün Kamüsü boşluq və heçlik, dəyərlərin rədd edilməsi və ölüm düşüncələri haqqında eyni məşhur fikirlərə malikdir, lakin daha xam və primitiv şəkildə onları Merso hekayəsinin üzərinə yerləşdirir:
“Dünya daim eyni bir kəlməni təkrarlayır. Və bizi özümüzdən xilas edən azadlıq bu səbirli təkrara, bu ulduzdan-ulduza aparan həqiqətə əsaslanır. Ancaq onun ölümdən-ölümə aparan ikinci dayağı da o cür danılmaz həqiqətdir.”
Mersonun çaşqın adlandırılan zəkası kimi, roman da bir qədər çaşqın və qarışıqdır. Bu çasqınlıq kitabda aydın şəkildə gözə çarpsa da narahatedici və yorucu şəkildə deyil. Beləliklə mütənasib olaraq davam edir. Bir yerdən sonra nəsrin yaxşı ideyası və bir qətldən sonar xoşbəxtlik yoluna addım atan adamın – Mersonun gücü tükənir. Bəzi yerlərdə dialoqlar neytral dialoq formasından çıxıb məqaləyə oxşar formaya çevrilir və onlarda həddindən artıq müstəqim danışıq dili söhbətləri müşahidə oluna bilir, ən əsası isə Mersonun səyahətləri ilə bağlı həddindən artıq təsvir və təfərrüatları romanda böyük yer tutur, nəsri və ilkin yaxşı ideyanı itirir. Bu təfərrüatların əksəriyyəti və ya ikinci dərəcəli personajların bəziləri – xüsusən də Marta istisna olmaqla tipik, keçici varlığı olan qadınlar – sadəcə olaraq üstündən xətt çəkilib silinə bilər və yekun redaktədə ümumiləşə bilərdi. Amma bu zaman xoşbəxt ölümün arxasındakı tarixdən asılı olmayaraq araşdırdığımız ən əsas tənqid, elə həmin məsələlərdir.
Bu roman, müəllifin şəxsən çapa yararlı hesab etmədiyi, sadəcə cızma-qaralama olması baxımından baxsaq romanın mətnindəki bu qüsurları, struktur uyğunsuzluqlarını həmin yarımçıq iş kimi təsdiqləyə bilərik.
Bəlkə də “Xoşbəxt ölüm” əsərini bütün çatışmazlıqlara baxmayaraq, müstəqil bir əsər kimi araşdırmağa çalışsaq daha yaxşıdır – xüsusən də Kamünün daha yetkin əsərləri ilə müqayisədə, bəlkə də bu əsər müəllifin iş masasının dolabında sadəcə şəxsi cızma- qaralamaları kimi qorunub saxlanılmalı idi. Amma tale o əlyazmaların mətbəələrə və daha sonra kitabxanalara yol açmağını tələb edibdir. Təəssüflər olsun ki, hələ də ölülər aləmi ilə əlaqə saxlamaq mümkün deyil ki, Alber Kamüdən “Xoşbəxt ölüm” romanının nəşrinə görə münasibətlərini və hissini soruşaq. Ona görə də, bəlkə bu imkan təmin edilməmişdən əvvəl, “Xoşbəxt ölüm” romanını daha mehriban gözlə tanıtmaq və tənqid etmək yaxşı olardı!
Sizcə, Alber Kamünün 1957-ci ildə Nobel mükafatını qazandıqdan üç il sonra avtomobil qəzasında həyatını itirdiyi və bir qatar biletinin heç zaman istifadə olunmadığı xoşbəxt ölümdürmü, yoxsa?...
“Ədəbiyyat və incəsənət”
(28.03.2025)