İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Ramazan ayıdır. Bir çoxları oruc tuturlar, bir çoxları isə əvvəlki qaydada yeyib-içməkdə, şərab hasil etməkdədirlər. Bəziləri isə lap qəribədirlər. İl uzunu içki içirlər, Ramazan ayında isə oruc tuturlar.
Bu şeir spirtli içki içən şəxsin dilindən qələmə alıb. O, günahlarını etiraf edir, özünüə bəraət də qazandırmaq istəyir.
Hərdən tuş gəlsəm də, el qınağına
Mən öz əməlimdə peşman deyiləm.
Belə yolda çaşıb, düşsəm qırğına,
And ola Allaha insan deyiləm.
İçkidən təsəlli tapdığım üçün,
Ömründə bir dəfə qınama məni.
Özümü odlara atdığım üçün,
Heç vaxt yoxluğunla sınama məni.
Kor pəncərə baxır, mənə o yandan
Yalnız buraxarmı Tanrı bəndəsin?
Əllərin həyatdan üzdüyü zaman,
İnsan qaldırarmış ən son badəsin.
Bir başqası kimi hallanar adın,
Onda bütün səhvlər şərab olarmış.
Bir badə içkiyə dəyməyən qadın,
Ömrün boyu sənə əzab olarmış!
Nə qədər cəbhəsi varmış kədərin,
İnsan bu cəbhəyə əsgər gedirmiş.
İnsanların verə bilmədiklərin,
Bəlkə də bir badə içki verirmiş...
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)