Günün təsadüfi qəhrəmanı - ESSE Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Ölkə olaraq böyük bir əzab ilə üz-üzə qalmışıq. Əzab sözünün altında böyük bir mübaliğə gizlənir. Cəmiyyət olaraq ya nəyinsə həddinin artıq olmasından, ya da əksik olmasından kütləvi sürətdə əziyyət çəkirik. Abrın, ismətin də elə hadisələr olur ki, ən düşük halı ilə, bəzən isə ən şiddətli halları ilə qarşılaşırıq. Amma nə hikmətdirsə, orta yolu heç cürə tapa bilmirik. 

 

Ara məsələ olaraq kiminsə anası, bacısı kimi bir söhbət vardır ki, dillərdə dolaşır. Amma ismət və abrı əlində qalxan edən xalqım həmin bəhsi keçən şəxslərin filankəsin qohumu, tanışı olmamışdan əvvəl bir fərd olduğunu unudur.

Bəhsi keçəcək olan məsələ elə də dəhşətli deyil. Amma mən oturub o qədər düşündüm ki, mövzunun içindən yeni mövzular çıxmağa başladı. Elə ona görə də istədim ki, uzun zaman sonra az da olsa fikirlərimi sizinlə bölüşüm. 

Növbəti Novruz bayramını keçirdik. Bu aralar klassik olaraq ya hər kəs rayonlara üz tutdu, ya da bir-birilərinə bayram payı göndərdilər. Bu il işlərim ilə bağlı mənsə kəndə gedə bilmədim və anam mənə bayram sovqatları göndərməli oldu. Bəxtimdən, hər zaman sovqatları mənə təslim edən sürücünün maşını xarab oldu və yeni sürücü mənə liftə qədər yüklərimi daşımağa kömək etmədi. Nə isə, məsələ əslində sürücü deyil, çünki onu istəsəm də qınaya bilmərəm. Mən yüngül bağlamaları liftə qədər daşıdıqdan sonra sona qalan ağır yükü daşımaqda çətinlik çəkirdim. Təsadüfən otuz yaşlarında bir bəy də binamıza daxil olmaq üzrə idi və mənə səsləndi:

-Xanım, gəlin kömək edim. 

İnanırsınız, o qədər sevindim ki, dedim, bu dərddən də xilas oldum və yəqin ki bağlamanı həmin bəy götürüb liftə qədər daşıyacaq. Amma o, çox möhtəşəm bir kömək üsulu seçdi və mənim ağır bağlamanı binaya keçirə bilməyim üçün qapını tutdu. Ah... təbii ki mən də bağlama əlimdə qıvranıram. Sonra bu bəy centlimenliyini unudarmı heç?! Liftin düyməsini vurub saxladı ki, mən yükü liftə keçirə bilim və  daha çox qıvranım. Üstəlik, liftə daxil olanda onun yerinə on ikinci mərtəbə üçün düyməni mən vurdum ki, daha çox yorulmasın. 

Nəzərinizə çatdırım ki, mən də bilirəm, köməyin böyüyü-kiçiyi  yoxdur. Amma, dostlar, əgər bu torpaq kişi və qadın üçün bəlli rol biçmişdirsə, niyə rollarımızı doğru oynamırıq. Şəxsən onun köməksiz köməyi mənə böyük bir özgüvən qatmış oldu. Bu həyatda dəfələrlə öyrənmiş olduğum bir həqiqəti mənə yenidən öyrətdi: "Mənim heç kimə ehtiyacım yoxdur"

Düşünürəm ki, abrından və ismətindən qəhrəmanımız başmağının ucuna o qədər baxdı ki, o boyda yükü görmədi. Nə yeyib, nə içdiyimiz bəlli deyil. Əziz varlıqlar, gözlərimizi başmaqlarımızın ucundan qaldırıb bir -birimizə baxaq mütləq. Sadəcə baxıb görə bilərik ki, qarşımızdakı insan ağır yük altında qıvranır və biz ona kömək əli uzada bilərik. Yeriyəndə önümüzə baxaq, dostlar. Başmağımızın ucundakı tozu yağış yuyub aparacaq. 

Qardaşım sən də üzrlü say. Bayramın da mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.