“Kiçik izlər, böyük ümidlər” – IV BÖLÜM Featured

   Aynur İsmayılova, “Ədəbiyyatvə incəsənət

 

 

Başqa bir yol lazım idi. Səma anladı ki, burada dayanmaqla anasını ona gətirən olmayacaq. Bir kənara çəkilib yenidən ətrafa göz gəzdirirdi; bəlkə bir tanış sima, bir xoş üz görər deyə...

 

- “Səma... Səma, mənə bax,” – deyə Ulduz onun qolundan tutaraq səslədi.

- “Nə olub, Ulduz? Niyə təlaşlandın?”

- “Ora bax, Səma.” Əli ilə yolun digər üzündə dayanan polis əməkdaşlarını göstərdi. “O polislər bizə kömək edə bilər. Gəl, yanlarına gedək.”

Səma tərəddüd içində idi. Birdən o polislər onu nənəsinin yanına geri göndərsə? Anasını tapa bilməsələr, o zaman necə olacaqdı? Nənəsi onu qəbul edəcəkdimi? Başqa çıxış yolu da yox idi. Ətrafda ona kömək edəcək kimsə yox idi. Bu böyük şəhər indi onun gözündə böyüklüyü qədər mərhəmət sahibi olmadığını anladırdı. Onun yaşadığı kənd kiçik olsa da, dağ boyda əzəmətli qəlbi vardı. İnsanlar bir-birinə dəstək idi; nə bir maşın yolda qalardı, nə də bir ev işıqsız idi. Hamı varlı olmasa da, var olmağa çalışırdı...Səma Ulduzla əl-ələ verib ehtiyatla küçənin digər tərəfinə keçdi. Qorxa-qorxa polislərin dayandığı yerə yaxınlaşdılar. Polislər işıqforun yanında dayanaraq yol qaydalarına nəzarət edirdilər. İki qızın onların yanında dayandığını hiss etmədilər belə. Bir an Səmanın gözündə bayaqkı hadisələr canlandı. Həmin an da bu düşüncələri silməyə çalışdı. Səma başını qaldırıb polislərə baxdı. Tərəddüd içində olsa da, geriyə yol yox idi. Cəsarətini toplayaraq:

- “Bağışlayın...” – deyə astaca dilləndi.

İki polis nəfəri çevrilib səs gələn tərəfə baxdı. Onlardan biri:

- “Buyurun, sizə necə kömək edə bilərəm?”

 

Səmanın nəfəsi kəsiləcək kimi idi. Ürəyinin döyüntüsü qulağında səslənirdi. Onu sıxan həyəcan halını tamam dəyişdi. Bayaqdan düşündüyü kəlimələr indi boğazında düyünlənib qalmışdı. Yanağı istidən pörtmüş kimi alışıb-yanırdı. Ulduz onun bu halını görüb əlindən tutaraq:

- “Səma, yaxşısan? ... İndi nə edəcəksən?”

Səma Ulduzun səsini eşidəndə sanki yuxudan oyandı. Özünü ələ alaraq nəsə deməyə çalışırdı. Sanki səs quyunun dibindən gəlirdi. Polis onun dediklərini anlaya bilmədi. Təkrar soruşdu:

- “Sizə necə kömək edə bilərəm? Zəhmət olmasa, aydın danışın. Zamanımız azdır. Biz indi getməliyik.”

Səma bu sözü eşidəndə sanki bütün bədəni titrədi. Necə? Getmək? Yox! Əgər onlar getsə, bizim başqa köməyimiz olmayacaq. Bu mənim son şansımdı. Anamı yalnız onlar tapa bilər. Mən... mən güclü olmalıyam. Bu düşüncələr içində son dəfə var qüvvəsini topladı. Başını qaldırıb onların üzünə baxdı. Və danışmağa başladı:

- “Üzr istəyirəm, cənab. Mən özümü yaxşı hiss etmirdim. Mən... mənim... anam bu şəhərdə yaşayır. Mən... mən kənddən gəlmişəm, anamı axtarıram. Onu mütləq tapmalıyam. Mənim ondan başqa kimsəm yoxdur. Xahiş edirəm, mənə... bizə... kömək edin.”

Səma bu sözləri deyərkən gözlərindən yaş axdı və hönkürtü ilə ağlamağa başladı. Bu, onun özündən asılı olmadan baş verdi. Duyğuları tamam qarışmışdı. Bu göz yaşları bəlkə də illərin sıxılmış, boğulub qalan çarəsizliyinin fəryadı idi. Bu böyük şəhər onu qorxudurdu. Hər nə qədər cəsarətli olmağa çalışsa da, o hələ 12 yaşında balaca bir qızcığaz idi. Yaşadıqları ona ağırlıq edirdi. İndi o, bir uşaq fəryadı ilə səsini duyurmağa çalışırdı. Ulduz da onun bu halına dözə bilməyib göz yaşlarına boğuldu. Bu böyük şəhərdə onları görə bilən yalnız iki polis nəfəri idi. Polislər bir-birinə baxaraq nə baş verdiyini anlamağa çalışırdılar. Onlardan biri aşağı əyilib mehriban səslə soruşdu:

- Qızlar, niyə ağlayırsınız? Biz sizə kömək etməyə çalışarıq. Narahat olmayın, hər şey yaxşı olacaq!

Səma nəsə demək istəsə də, bacarmadı. Sözlər boğazında düyünlənmişdi. Ulduz başını qaldırıb onlara baxdı. Titrək bir səslə dilləndi:

- Biz... biz burda təkik, hara gedəcəyimizi bilmirik. Bizə necə kömək edəcəksiniz?

Bayaqkı polis digər yoldaşına göstəriş verərək vəziyyəti xəbər verməsini tapşırdı. Yenə mülayim səslə dedi:

- Balaca, sizi birlikdə idarəyə aparacağıq. Orada mütləq sizə kömək edəcəklər. Daha ağlamağa dəyməz. İndi əyləşin maşına, sizi polis bölməsinə aparaq. Daha ətraflı hər şeyi idarədə danışarsınız.

Hər ikisi maşına əyləşdi. İndi onların qəlbi bir az da olsa rahatlamışdı. Özlərini güvəndə hiss edirdilər. Bir müddət heç kim danışmadı. Yalnız mühərrikin sakit səsi eşidilirdi və bu onlara xoş təsir bağışlayırdı. Elə burda bütün düşüncələrdən uzaqlaşaraq bir-birinə qısılıb dərin yuxuya daldılar. Onlara göz qoyan polis əməkdaşı bu mənzərəni görüb sakit səslə dedi:

- Axı onların günahı nədir? Hələ bu yaşlarında öz isti yuvalarında valideyinləri ilə yaşayacağı halda bu soyuq küçələrdə sahibsiz qalıblar. İndi ikisi də isti yer tapan kimi yuxuladılar. Onlar necə də məsum görünürlər.

Digər polis də onun sözlərini təsdiqlədi. Onları yuxudan oyatmamaq üçün daha danışmadılar. Yol boyu hər ikisi heç oyanmadan yatdı. Artıq çatmışdılar. Polis əməkdaşı onları səsləyən kimi hər ikisi eyni vaxtda ayıldı. Bir müddət ətrafa tərəddüd içində baxdılar. Sanki hər şeyi unutmuş kimi. Bəlkə də bu röyadan heç ayrılmaq istəmirdilər. Onları olmaq istədikləri dünyadan qoparan bu həyat bir kabus kimi qorxu saçırdı. Bu qorxu hər ikisinin gözündə aydın şəkildə görünürdü. İstəksizcə hər ikisi maşından düşdü. Yavaş-yavaş əməkdaşlara birgə idarəyə tərəf addımlayırdılar. Binanın görünüşü onların həyəcanını daha da artırırdı. Heç vaxt belə bir yerə ayaq basmamışdılar. İndi həmin yer onların gözündə hər ikisini udacaq əjdahaya bənzəyirdi. Yanında olan polislərdən təsəlli taparaq bir-birindən ayrılmadan onların arxasınca getməyə davam etdilər. İçərisi bir qədər soyuq və vahiməli görüntü bəxş edirdi. Bura daxil olanda sıxıldığını hiss edirsən. Sanki divarlar səni ağuşuna almaq istəyir. İçəridə eyni geyimdə olan polis nəfərləri var idi. Bir neçə sadə geyimli insanlara da rast gəlmək olurdu. Kimsənin üzündə təbəssüm hiss olunmurdu. Hamının baxışında bir narahatlıq, sıxıntı görünürdü. Demək ki, bura problemi olanların gəldiyi bir yer idi. Səma və Ulduz da sıxıntı içində idi. Onlar üçün belə yerlər yad idi.

İndi nə olacağını dərk etmədən yola davam edirdilər. Polislər onları koridorun başındakı otağın qapısında gözləyərək içəri daxil oldular. Hər ikisi bir-birinə və ətrafa baxaraq səssizcə dayanmışdı. Bir müddət sonra qapı açıldı və polislərdən biri onları içəri çağırdı. İkisi də qorxa-qorxa içəri daxil oldular. İçəridə bir nəfər masasının arxasında oturub onlara taxtama edirdi. Təxminən 45-50 yaşlarında polis geyimində, iri cüssəli, baxışları sərt biri idi. İçəri daxil olan kimi onların üzərində sərt baxışlarını gəzdirdi. Bir anlıq ortalığa dərin sükut çökdü. Nəhayət kişi ağır səslə soruşdu:

- Adınız və soyadınız?

Hər ikisi çaşqınlıqla bir-birinə baxdılar. Qorxuları daha da artmışdı. Səma dərindən udqunub titrək səslə dilləndi:

- Səma Əliyeva.

Ulduz da çəkinərək dedi:

- Ulduz Qasımova.

Rəis müavini önündəki kağızları vərəqləyərək nə isə düşünürdü. Sakitlik aradakı həyəcanı daha da artırırdı. Müavin başını qaldırıb sərt baxışlarını onlara dikdi:

- Anasını axtaran hansınızdı? Mənə nə baş verdiyini qısa olaraq bildirin.

Səma özünü güclə toplayaraq başına gələnləri olduğu kimi danışdı. Təkcə nənəsinin xəstə olduğunu və artıq ona baxa bilməyəcəyini və onu anasını tapmağa göndərdiyini yalan dedi. Qorxurdu ki, qaçıb gəldiyini desə, onu yenidən nənəsinin yanına göndərərlər. Nənəsi isə onu qəbul etməyəcəkdi. Əgər yanında saxlasa belə, həyat onun üçün əvvəlkindən daha da çətin olacaqdı. Və o, bu yaşayışa dözə bilməyəcəkdi.Rəis müavini duruşunu pozmadan baxışlarını bir nöqtəyə zilləyib dinləyirdi. Səma bitirdikdən sonra heç nə demədən sakitcə dayandı. Yenə araya sükut çökdü. Bir neçə dəfə gözlərini Ulduza zilləyib sanki baxışları ilə onun burada nə üçün olduğunu aydınlaşdırmağa çalışırdı.

- Aydındır. Ancaq sən ananın soyadını belə bilmirsən, heç bir şəkli belə yoxdur. Onu tapmaq üçün bizə daha dəqiq məlumatlar lazımdı. Bu çox az ifadədir. Bizə kömək edəcək hansısaqohumun, yaxının varmı?

- Xeyr, cənab. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Mən heç zaman evdən başqa yerdə olmamışam.

- Belə. Bəs bu xanım nə üçün buradadır? – deyə baxışlarını Ulduza tərəf çevirdi. Ulduz söhbətin özünə gəldiyini anlayıb titrək səslə dedi:

- Mən... Mən... Biz küçədə tanış olmuşuq. Mən şəhərə gələndə yolda anam xəstələndi və dünyasını dəyişdi. O gündən mən də şəhərdə küçələrdə qalmışam. Mənim də kimsəm yoxdur. Biz Səma ilə anasını tapsaq, birlikdə yaşayacağıq, bacı kimi.

- Bəs sənin də qohumların, sığınacağın kimsən yoxdur?

Xeyr, cənab. Mən atamı itirdikdən sonra anamla kənddə yaşaya bilmədik. Şəhərə işləmək üçün gəlirdik, ancaq... O artıq bir söz deməyə cəsarət tapmayaraq bir uşaq hönkürtüsü ilə ağlamağa başladı. Səma da onu belə görəndə özünü saxlaya bilmədi. İndi hər ikisinin göz yaşında yaşadıqları həyatın əzablı xatirələri damla-damla ovuclarına tökülürdü. Hələ ana qucağına möhtac olan bu uşaqlıq yaşında həyat onlara adil davranmamışdı. Yaşlarından tez böyüməyə məhkum olaraq öz ayaqları üzərində durmağa məcbur buraxılmışdılar. Bəzən həyat necə də zalım görünür.

Rəisin müavini bir anlıq susdu. Qarşısında dayanan, göz yaşlarına boğulan bu iki qıza baxdı. Əvvəlki sərt baxışlarında bir yumşalma vardı. Bu baxışlarda onlara qarşı bir mərhəmət hissi doğdu, ancaq bu hissi göstərməməyə çalışdı. Başını yana çevirib ah çəkdi və dedi:

 

- Yaxşı, sakitləşin. Bir yol tapmağa çalışarıq. Sizin kimi küçədə qalan çox uşaq var və biz hamısına kömək edə bilmərik. Ancaq sizin yaxınlarınızıtapa bilsək, ən azından bir sığınacağınız olar, küçələrdə qalmazsınız. Bu gün çalışıb sizi rəisin qəbuluna salacağam və məsələni bir də ona bildirərik. Daha sonra sizi bir sığınacağa yerləşdirib, bu məsələni araşdıracağıq. Narahat olmayın, sizə kömək göstəriləcək.

Uzun müddət sonra onların üzündə bir ümid işığı hiss olundu. Dodaqlarına qonan o gülümsəmə, hər ikisinin xoşbəxtliyə inamının göstəricisi idi.

- Çox sağ olun, - deyə Səma təşəkkür etdi.

- İndi siz çöldə əyləşib gözləyin. Əməkdaşlar sizə yer göstərər. Rəis hazırda burada deyil. Gələn zaman mən məsələni bildirib sizi çağıracam. O vaxta qədər bir qədər gözləməli olacaqsınız.

- Biz gözləyərik, hə, gözləyirik, - deyə hər ikisi dilləndi.

- Gedə bilərsiniz.

Polislərdən biri qapını açıb qızları çölə çıxardı və sağollaşaraq qapını örtdü. Koridorun sol küncündə bir neçə oturacaq vardı. Ulduz və Səma göstərilən yerdə oturdular. Polislərdən biri:

- Siz burda əyləşib gözləyin. Mən sizi çağıranda içəri gələrsiniz, - dedi.

Hər ikisi başı ilə təsdiq edərək sakitcə oturdu. Nə baş verəcəyini bilmədən, həyəcan və narahatlıqla gözləməyə başladılar. Bir müddət səssizcə belə dayandıqdan sonra, Səma ayağa qalxıb yanlarındakıpəncərəyə tərəf yaxınlaşdı. Çöldə hava soyumuşdu. Artıq qar yağmağa başlamışdı. Küləyin əsməsi ilə qar dənəcikləri bir-birinə toxunaraq sanki rəqs edirdilər. Bu, Səmanın çox xoşuna gəldi. O, belə bir mənzərəni heç vaxt görməmişdi. Burada külək həddindən artıq sərt idi. Kənddə isə qar sakitcə yağardı. Ulduz da qalxıb Səmanın yanına gəldi. Hər ikisi mənzərənin gözəlliyinə heyran olmuşdu. Bir-birinə baxıb gülümsədilər.

- Bax, Səma, görürsən qarlar necə də uçuşur?

- Hə, Ulduz, çox gözəldir. Sanki rəqs edirlər. Mən bu qədər gözəl yağan qar heç vaxt görməmişəm.

- Elə mən də. Bəlkə biz də çıxıb onlarla bərabər rəqs edək? Nə deyirsən?

- Yox, Ulduz, olmaz. Axı bizə dedilər ki, burda gözləyin. Biz getsək, bizi burda tapmasalar necə olacaq? Hava da qaralmağa başlayır. Çox soyuq olar. Bizim isə əynimiz çox qalın deyil.

Ulduz bir anlıq düşündü, sonra küsmüş halda pəncərəyə daha da yaxınlaşdı. Həqiqətən də qar dənəcikləri bir-biri ilə oynayır, küləyin ritmi ilə rəqs edirdilər.

- Amma bu çox gözəldir. Kaş bu anı biz də çölə çıxaraq yaşaya bilərdik, - deyə dodaqaltı dilləndi.

- Mən də sənin kimi orda olmaq istəyirəm. Ancaq başa düş, biz başımıza gələcəklərdən xəbərsizik. Ona görə ən yaxşısı burda qalıb gözləməkdir. Bizə bir yer versələr, ora gedən zaman bu mənzərəni görmüş olarıq. Bəlkə o vaxta qədər qar yerə oturacaq. Biz də bir-birimizi qara basarıq. Bu, daha əyləncəli olmazmı?

- Düzdü, əyləncəli olar, ancaq mən indi orda olmaq istərdim. Sanki bu mənzərə bir daha olmayacaq kimi hiss edirəm.

Onlara uşaqlıq hisslərini yaşadan bu mənzərə, sanki bir uşağın əlindən alınmış sevimli oyuncağına bənzəyirdi. Qovuşmaq üçün hər şeyini verə biləcək qədər dəyərli idi. Ancaq indi mümkünsüz kimi görünürdü. Ulduz vaz keçmək istəmirdi. Bu görüntü sanki onu başqa yerlərə aparırdı. Gözlərindəki dərinlik bunun sübutu idi. Səma da bunu hiss etmişdi. Hətta Səmadan daha çox arzulayırdı. Səma hələ özünü belə çarəsiz hiss etməmişdi. Ulduzun istəyi, baxışlarındakı yalvarış onu daha da sarsıdırdı. O, bu hissin nə demək olduğunu çox yaxşı bilirdi. Və istəmirdi ki, Ulduzun bu arzusuna çata bilməməsininsəbəbkarı özü olsun. Bu, Səmanı çox incidirdi. Ətrafa göz gəzdirdi. Ortalıqda gəzişən bir neçə polis nəfərindən başqa kimsə yox idi. Onlar da çoxdan burada olanlardı. Yeni gələn gözə dəymirdi. Səma bir qədər düşündükdən sonra üzünü Ulduza tutaraq:

- Ulduz, mən sənin üzülməyini istəmirəm. Düşündüm ki, hələ ətrafda yeni gələn kimsə yoxdur. Gəl, beş dəqiqəlik aşağı düşüb mənzərəni seyr edək, sonra tez geri qayıdarıq.

Ulduzun sevincdən gözləri parlayırdı. Səmanı qucaqlayıb dedi:

- Çox sağ ol, Səma. Əlbəttə, biz tez qayıdarıq. Mən sadəcə bu mənzərənin içində olmaq istəyirəm. Gəl gedək.

Hər ikisi əl-ələ tutaraq pilləkənlərdən aşağı düşdülər. Qapının önündə bu mənzərə daha aydın görünürdü. Onlar qapıya yaxınlaşıb çölə çıxdılar. Ulduz Səmanın əlini buraxaraq qapının önündəki pilləkənlərdən cəld düşərək özünü rəqs edən qar dənəciklərinin ağuşuna atdı. Kənarda durub onu təəccüblə seyr edən Səma, onun bu xoşbəxtliyi qarşısında gülümsədi və o da addımlarını qar dənəciklərinə tərəf yönəltdi. Sanki hər üçü birləşərək birlikdə rəqs edirdi – Ulduzun sevinc dolu coşğusu, Səmanın utancaq addımları və qarın ahəngi bir-birinə qarışaraq bənzərsiz harmoniya yaradırdı. Sanki dünyada ən xoşbəxt varlıqlar bu iki qızcığaz idi. İndi onlar bütün dərdlərini unudaraq, öz uşaq məsumluqlarının saf sevinci ilə bu anın dadını çıxarırdılar. Onlar bəlkə də bu yaşlarına qədər heç bu qədər azad və xoşbəxt olmamışdılar. Həyat insana bəzən yalnız bir dəfə belə xoşbəxtlik bəxş edir. Və bu xoşbəxtliyi dadan insan, bu anın heç bitməməsiniarzulayır. İndi də bu iki qızcığazın gözlərində o anın parıltılısı vardı.Küçədə bir neçə uşaq da görünməyə başladı. Onlar da bu mənzərəni seyr etmək üçün öz valideyinləri ilə küçəyə çıxmışdılar. Hamının üzündə qarın yağması ilə yaranan sevinc ətrafı bürümüşdü. Sanki qar dənəcikləri həyatın bütün kədərini örtmüş, hər kəs saf, sevgi dolu uşaqlıq illərinə qayıtmışdı.Uşaqlar bir-birinə qarışaraq oynayırdı. Səma, Ulduz və digər bir neçə uşaq bir-birinin əlindən tutaraq dairə yaradıb, uşaq şıltaqlığı ilə gülərək fırlanırdılar. İndi onlar üçün keçən zamanın heç bir əhəmiyyəti yox idiÇünki onlar bu anın xoşbəxtliyi içində itib getmişdilər. Qarın yerə oturması ilə oyun oynamaq həvəsi daha da artmışdı. Onlar artıq idarədən get-gedə uzaqlaşmışdılar, amma bunun fərqində belə deyildilər. Artıq hava qaralmış, soyuq daha da hiss olunmağa başlamışdı. Ancaq Səma və Ulduz hələ də bu anın sehrindən çıxa bilməmişdilər.Birdən ətrafa yayılan səssizlik və qaranlıq onları ayıltdı. Səma əllərini üzündə gəzdirərək Ulduza baxdı.

- Ulduz, biz çox uzaqlaşmışıq, hava da çoxdan qaralıb, deyə titrək və yavaş səslə dilləndi. 

Ulduzun qəlbindəki sevinc hissi indi qorxmuş və həyəcanlı bir şəkildə çırpınmağa başlamışdı.

- Səma, indi biz nə edəcəyik? Mən heç bu qədər uzaqlaşdığımızın fərqində belə deyildim. Üzr istəyirəm, bütün günahlar məndədir. Əgər mən səni məcbur etməsəydim, bunların heç biri olmazdı, deyə hönkürtü ilə ağlamağa başladı.

Səma da ağlayacaq hala çatmışdı, ancaq özünü toplayaraq Ulduzu qucaqlayıb dedi:

- Ağlama, Ulduz. Bu hər ikimizin səhvidir. Gərək tez geri dönərdik. Heç mən də zamanın necə keçdiyini bilmədim. İndi ağlamaq zamanı deyil. Hava çox soyuqdur, külək də artıb. Tez zamanda idarəni tapmalıyıq. Bəlkə çox uzaqda deyilik. Gəl, yolumuzu xatırlayıb geri dönək.

- Yaxşı, Səma, deyərək Ulduz göz yaşlarını silib ətrafa göz gəzdirdi. Hər şey o qədər yeni idi ki, bura gəldikləri yolu belə xatırlamaq mümkün deyildi. Ətrafda gözə çarpacaq bir kimsə də yox idi. Bu qaranlıq və qarlı havada küçədə yalnız bu iki qızcığaz var idi. Bu mənzərə onları daha da qorxutmuşdu. Bir-birinə hiss etdirməsələr də, hər ikisi çox qorxurdu. Sığınacaq bir yer də yox idi. Sanki dar, çıxılmaz bir yola girmişdilər. Ətrafda nə bir insan, nə açıq bir mağaza, nə də bir maşın görünürdü. Təbiətin coşğusu kainata hökm edərək onu özünə tabe edirdi. Səma və Ulduz təbiətə təslim olmaq istəmirdilər, ona qarşı mübarizə aparırdılar. Bir yol tapmağa çalışırdılar.

- Səma, biz hansı tərəfə getməliyik? Külək şiddətli əsməyə başlayır, tələsməliyik. Bu havada irəliləmək çətindi. Tez zamanda bir yer tapmalıyıq. Gəl, bir yer tapıb səhərin açılmağınıgözləyək. Səhər idarəni insanlardan soruşub taparıq.

- Yox, Ulduz. Biz dayana bilmərik. Biz idarəni tapıb orda gözləyərik. Burda qalacaq yer tapa bilmərik, çox soyuqdur. Gəl, dayanmadan gəzib yolu tapaq. Mən inanıram ki, biz tapa biləcəyik, - deyə Səma Ulduzun əlini daha bərk sıxaraq yola davam etdi. Hara getməli olduğunu bilməsə də, o, dayanmaq istəmirdi. Hər nə olursa olsun, idarənin yolunu tapacaqdılar.

- Sən haqlısan, Səma... Biz mütləq yolu tapacağıq, - deyə pıçıldadı.

 

Küçələr boş, səssiz və soyuq idi. Ancaq onlar dayanmaq istəmirdilər. Hər addımda idarəyə daha da yaxınlaşdıqlarını hiss edirdilər. Ancaq görünən bir şey yox idi. Hər ikisi içindəki qorxu və həyəcanı hiss etdirməməyə çalışırdı. Hava çox soyuq idi. Artan külək və qarın şiddətli yağması onların hərəkətini daha da yavaşıdırdı. Ulduz titrəməyə başlamışdı. Ayaqları soyuqdan buz bağlamış, yeriyəcək gücü qalmamışdı. Səma onun yavaşıdığını görüb dedi:

- İndi dayanmaq vaxtı deyil, Ulduz. Güclü ol. Az qalıb, biz birazdan yolu tapacağıq. Biraz daha səbir et, nə olar.

- Artıq gücüm qalmır, Səma. Ayaqlarım getmək istəmir. Gəl, mən bir yerdə oturub səni gözləyim. Sən kömək tapıb gələnə qədər mən bir kənarda dayananam.

- Dayanmaq... Yox, Ulduz, dayanmaq olmaz. Biz gərək dayanmayaq, hərəkət etmək lazımdır. Yoxsa burda donub qalacağıq.

- Ulduz, yaxşı, gedək, – deyə pıçıldadı.

Səma Ulduzun əlindən bərk tutaraq addımlarını daha da sürətləndirdi. Onların qarda görünən ayaq izləri – iki kiçik iz, böyük ümidlərin ardınca irəliləyirdi. Külək şiddətini artırmışdı. Küləyin təsirindən o yan bu yana çırpılan qar dənəcikləri gözlərini açmağa imkan vermirdi. Səma gözlərini qıyıb güclə olsa da yola baxmağa çalışırdı. Birdən Səma uzaqdan idarənin solğun işıqlarının zəif parıltısını gördü. İçindəki ümidi daha da artmağa başladı.:

- Ulduz, bax! Orada işıq var. Biz idarənin yolunu tapdıq, - deyə Səma ümid dolu gözlərini Ulduza sarı çevirib titrək səslə pıçıldadı.

Ulduz başını qaldırıb işığa tərəf baxdı. Artıq bədəni ona itaət etmirdi. Ancaq içindəki ümidi hələ də sönməmişdi.

- Ulduz, bir az qaldı. Sadəcə döz, biz çatacağıq.

Ulduz var gücünü taplayaraq ayağa qalxdı. Səma onun əlindən bərk-bərk yapışıb irəli getdi. Külək sanki onların var gücü ilə mübarizə aparmalarınamane olurdu. Hər ikisi taqətdən düşmüşdü. Səma Ulduza güclü hiss etdirmək üçün öz gücsüzlüyünüiçində boğmuşdu. Soyuqdan titrəyən bədəni artıq ona tabe olmurdu. Ancaq onun qurtarmalı olduğu bir can vardı. Ulduz ona görə burada idi. İndi Səma Ulduzun ona görə əzab çəkməsinə dözə bilmirdi. Öz acısını içində boğaraq, Ulduzun yaşaması üçün mübarizə aparırdı.İdarənin işıqları yaxınlaşırdı. Ancaq yol bitmək bilmirdi. Hər ikisi son güclərini toplayaraq biraz daha addımladılar. İdarənin qara hasarlarına çatdılar. Onlar bir anlıq dayandılar. Dərin nəfəs alaraq qapıya tərəf yaxınlaşdılar.

- Biz çatdıq, – deyə Səma titrək səslə dedi.

- Hə, çatdıq, – Ulduz yorğun səslə cavab verdi.

Hər ikisi bir-birini qucaqlayıb qapıdan içəri daxil oldular. Bir neçə addım atdıqdan sonra Səma dizləri üstə çökdü. Soyuğun təsirindən donmuş bədəni artıq ona tabe olmurdu. Nəfəsini güclə alırdı. Ulduz onu qaldırmağa çalışsa da bacara bilmədi. Bədənini idarə edə bilmirdi. Ulduz da diz üstə çökərək soyuqdan donmuş əlləri ilə Səmaya sarıldı. Səma bir söz demədən başını Ulduzun çiyninə qoydu. Gözlərini yavaşca açdı və qarşısındakı işığa baxdı. Həmin işıq onları qurtuluşa aparan ümidin işığı idi. Ulduz Səmanın işığa baxdığını görəndə ruhən də tükəndiyini hiss etdi.

- Səma... Səma, – deyə bildi sadəcə. Nəfəsi daraldı. Kəlimələr boğazında düyünlənib qaldı. Nə bir söz, nə də bir səs eşidildi. Hərəkətsiz qalmış bədənini daha hiss etmirdi. Bədəni artıq ona aid deyildi.

Səma isə gözlərini işıqdan çəkmədən, sanki hələ də hərəkət etdiyini hiss edirdi. Onun bədəni də ruhu ilə əlaqəsini kəsmişdi. Ancaq gözləri hələ də nəsəaxtarırdı. Hər ikisi bir-birinə söykənib son mübarizəsini aparırdı. Onlar bir yerdə mübarizə apardılar. Səma son dəfə baxışlarını Ulduza tərəf çevirib onun hərəkətsiz qalmış bədəninə baxdı:

- Məni bağışla, Ulduz, – deyə bildi son dəfə. Sözləri titrək və eşidilməyəcək qədər zəif idi.

Amma Ulduz artıq onu eşitmirdi. Hər şeyin sonu gəlib çatmışdı. Onlar bu mübarizədə bir-birinə güc verərək sona qədər gəlib çatmışdılar. Bu onlar üçün əzabın sonu, xoşbəxtliyin başlanğıcı idi. Səma son dəfə işığa baxaraq rahatlıqla gözlərini yumdu. İndi Səma verdiyi sözə əməl edərək mavi səmasına qovuşmuşdu. Artıq o da ən çox sevdiyi dostu ilə səmanın qoynunda, buludların arasından, günəşin isti qucağında, ulduzların və ayın işığında dünyaya baxacaqdı.

Onları tapan zaman hər ikisinin bədəni bir-birinə söykənmiş halda donmuşdu. Bu dəhşətli mənzərə qarşısında baxanlar bir anlıq sükut içində qaldılar. Qan donduran hadisə insanların içində dərin kədər hissi doğurdu. Onları bura gətirən iki polis nəfəri göz yaşlarını saxlaya bilmədilər. Tək qoyduqları üçün peşman olmuşdular. Bu iki qızcığazın faciəsi hər kəsin qəlbində dərin yaralar açmışdı. Qızcığazları ən son xoşbəxt halda qarda rəqs edən görmüşdülər. Yaşam dolu gülüşləri ilə soyuğun sərtliyini isti nəfəsləri ilə yumşaldırdılar. İndi isə həmin soyuq qarlı qış gecəsi onların bu xoşbəxtliyinə səssizcə örtük çəkmişdi. Həyat dolu gülüşlərdən geriyə dərin bir səssizlik qalmışdı.

Bir müddət sonra Polis idarəsinin qabağında iki ağac əkildi. Bu ağacların önünə bir lövhə qoyuldu:

“Kiçik izlər, böyük ümidlər”

Bəzi hekayələr yaddaşlardan silinsə də, ruhunu yaşatmağa davam edər...

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.