Umduğumuz yerlər də ümidlərlə doludur... - ESSE Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Xəstəxanaya yolum düşmüşdü. Dəhlizdə gəzərkən gözüm qapısı açıq bir palataya sataşdı. Xəstənin yanında, kiçik şkafın üzərində "Çərəkə" kitabı var idi. Ötəri baxmışdım, amma yaddaşıma həkk olunub, yolboyu məni düşünməyə vadar etdi.

 

İnsanda ölən ən sonuncu emosiya ümiddir. Hansı ki, o ümid insanda ikinci immunitet yaradır. Ümid yanan ocaq kimidir: alov dilimləri nə qədər yüksələrsə, nə qədər hənirtili olarsa, bir o qədər güclüdür.

Bu mənzərə mənə xatırlatdı ki, bir xəstənin otağında gözlərini qapıya, pəncərədən yollara dikməsi közərmiş ümiddir. Sabaha, həftəyə, aya, gələcəyə yaşam istəyinin bir çabasıdır. Yaşam yeri gözlərdir, amma gözlər də qəlbin aynasıdır. Qapılar arxasındakı dualar da, yollara dikilən gözlər də, taxtalı qapılar da, ot basmış yollar da, açılmayan qapılar da, oxşanmayan saçlar da və bir də "uman yerdən küsərlər" deyirlər, umduğumuz yerlər də ümidlərlə doludur...

Ən bariz nümunə isə xalq olaraq etdiklərimizdir. Cəmi 23 ay ömrü olan bir cümhuriyyətin sabaha olan ümidi kimi. "İnşallah"lar da, "hər şey yaxşı olacaq"lar da, arzular da bir ümiddir. Bunun ən yaxşı isbatı torpaqlarımızın 30 illik əsarətdən azad olunmasıdır. Gələcəyə bəslənilən ümid heç vaxt sönmədi və əbədi məşəl alovu kimi daim yandı.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.