Övlad sahibi olmazdan əvvəl öyrənmək gərək - AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sinqapurda gənc cütlüklər övlad sahibi olmadan öncə ev heyvanı saxlayırlar. Onlar 12-18 ay müddətində heyvanın yeməyini, suyunu, baxımını və baytar müayinələrini düzgün şəkildə yerinə yetirməyi öyrənirlər. Bu mərhələni uğurla keçdikdən sonra isə 6-8 ay boyunca sosial-psixoloji və meditativ təlimlər alır, uşaq psixologiyası, tərbiyə və təhsil sahəsində dövlət tərəfindən təşkil edilən xüsusi dərslərdə iştirak edirlər. Yalnız bundan sonra valideyn olmağa qərar verirlər.

 

Təbii ki, müqayisə aparmaq, “bizdə belə deyil”, “bizim millət geri qalıb” deyib mənfi fikir bildirmək mənim də xoşuma gəlmir. Amma reallıq göz önündədir. Bizim cəmiyyətdə mental dəyərlər və inkişaf etməkdə olan ölkələr sırasında yer almağımız çoxuşaqlılığın geniş yayılmasına səbəb olur. Nəticədə isə ailə-məişət problemləri artır, valideynlər övladlarına yetərincə diqqət ayıra bilmir, ailədaxili gərginliklər dərinləşir və uşaqlar arasında fərq qoyulur.

Bu kimi problemlərin aradan qaldırılmasında əsas yük psixoloqların, valideyn-övlad münasibətləri üzrə mütəxəssislərin və sosial qurumların üzərinə düşür.

 

Valideynlər Nələri Öyrənməlidirlər?

 

1. "Övladlarınızı öz dövrünüz üçün yox, onların dövrü üçün yetişdirin."

İmam Əlinin (ə) bu kəlamı hər bir valideynin şüurunda möhkəmlənməlidir. "Bizim vaxtımızda belə deyildi" düşüncəsindən uzaqlaşıb, uşaqların yaşadığı zəmanəyə uyğun tərbiyə metodları tətbiq olunmalıdır.

 

2. Valideyn olmaq hər şeyi bilmək demək deyil.

Övladınızın həyatına, peşə seçiminə, geyim tərzinə, saç stilinə və düşüncə tərzinə daim müdaxilə etmək hüququnuz yoxdur. (Təbii ki, bu sərhədlər həddi aşmadıqda.) Övladına doğru yol göstərmək istəyən valideyn sevgi dolu olmalı, nəzarət və qəzəbdən çox, anlayış və örnək olmaq yolunu seçməlidir.

 

3. Uşaqları yarışdırmaq zərərlidir.

Uşaq bir test robotu deyil ki, valideynin müəyyən standartlarına uyğunlaşsın. Əgər bir uşaq rəssam olmaq istəyirsə, onu zorla idmançı etmək olmaz. Eyni şəkildə fizika ilə maraqlanan bir uşağı məcbur edib ədəbiyyatçı etməklə onun potensialını məhv edə bilərsiz. Hər bir uşaq fərqlidir və fərqli bacarıqları inkişaf etdirmək lazımdır.

 

 

 

Bəs Uşaqlar Nələri Bilməlidirlər?

 

1. Valideynlər də insandır.

Bəzən əsəbi, bəzən kobud ola bilərlər. Amma biz öz həddimizi aşmamalıyıq.

 

2. Valideynlər hər zaman haqlı deyillər, amma çox vaxt haqlıdırlar.

Onların sözlərinə qulaq asmaq lazımdır, lakin bu, öz arzularından imtina etmək mənasına gəlmir. Xəyalların arxasınca getmək də önəmlidir.

 

3. Minnətdarlıq duyğusu mühümdür.

Valideyni sevmək üçün bəhanə yox, səbəb axtarın. Hər zaman onlardan daha çox şey gözləmək əvəzinə, sahib olduqlarınız üçün minnətdar olun. Bir yetimin sizin yerinizdə olmaq istədiyini təsəvvür edin.

 

Nəticə

 

Əlbəttə, hər kəs həmişə haqlı ola bilməz. Bəzən valideyn haqsızdır, bəzən övlad. Bəzən hər iki tərəf yorğun, həssas və bezgin olur. Amma sağlam valideyn-övlad münasibətində sevgi heç vaxt bitmir.

 

Sevin, sevilin, qədir-qiymət bilin!!!

 

 “Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.