Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Nazlı pəncərədən bayıra baxırdı. Gecə sakit idi, amma onun içində fırtınalar qopurdu. Arasın bu qədər dəyişməsinə hələ də inanmaq istəmirdi. Vaxtilə gözlərinin içinə baxaraq “Sən nəfəsimsən” deyən adam, indi onun varlığını belə unutmuşdu.
Telefonu əlinə aldı, amma zəng etmədi. Artıq lüzumsuz idi. Arasın qüruru, anasının təsiri və dəyişən baxışları onu çoxdan unutduğunu sübut edirdi. Nazlı gözlərini yumdu. Bəlkə də, hər şey yalandı…
Amma yox… O yalan deyildi. Onların sevgisi də yalan deyildi. O anların şirinliyi gerçək idi. Aras onu necə sevirdisə, indi elə də acı çəkdirirdi.
Bir neçə il sonra…
Nazlı artıq uğurlu bir alim idi. Konfrans zalında auditoriya qarşısında çıxış edərkən, gözləri birdən qapının yanında dayanmış bir nəfərə sataşdı. Aras.
O, heç dəyişməmişdi. Amma gözlərində tanış bir peşmanlıq vardı. Əlləri titrəyirdi. O baxışlar deyirdi: Sənin qədər yalan olan birini tapa bilmədim. Ölüm qədər acı bir ayrılıq yaşadım. Günah qədər şirin olan sən idin…
Nazlı isə artıq çoxdan susurdu. Çünki bəzi sözlərin mənasını anlamaq üçün illər lazımdı. Aras üçün isə artıq çox gec idi…
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)