Dünən Ümumdünya Yuxu Günüydü - EKSPRESS SORĞU Featured

Ötən gün Ümumdünya Yuxu Günüydü, bu münasibətilə Ekspress-sorğunu “Ədəbiyyat və inəsənət” portalının əməkdaşları cavablandırdılar:Yuxu nədir?

 

Nemət Tahir:

Yuxu – ruhun cismani dünyadan ayrılıb naməlum aləmlərdə dolaşdığı sirli bir səfərdir. Burada zaman əriyir, məkan yox olur, gerçəklik xəyalların içindən keçir.  Bəzən unutduğun səslər sənə pıçıldayır, bəzən gələcəyin kölgəsi səni izləyir. Yuxu həqiqətin dumanlı güzgüsüdür. İnsanın içində gizlənən arzular, qorxular, xatirələr, günahlar rəngbərəng naxışlarla yuxu formasında bizə görünür. Yuxu bizi gələcəyə və keçmişə aparan zaman maşınıdır.

 

Fariz Əhmədov:

Yuxu insanın cismani və psixoloji istirahət etdiyi vəziyyətdir. Yuxu şüurun müvəqqəti olaraq fəaliyyətini tam azaltığı haldır. Yuxu zamanı baş verən proseslər tək ruhla yox, orqanizmlədə əlaqəli olur.

 

Ülviyyə Əbülfəzqızı:

Yuxu- sirrini açmayan, hələ də tam araşdırılmayan, gözləri yumub özünü film kimi təqdim edəndir. Bəzən məni qorxudar, bəzən sevindirər, çünki gördüklərimi çox keçməz yaşayaram, sirlidir, vahiməlidir, amma çox vaxt həqiqətləri gözlərimi yumub mənə söyləyəndir. Gözlərim yumulu olarkən daha yaxşı görürəm, hiss edirəm, işıq  görüntünü görməyimə kömək edir, amma gözlərimi yumarkən daha işıqlı, nurlu mənzərələr görürəm.

Bəzən yuxuda ağrılı anlar yaşayaram, - "Yuxudur da"- deyib özümü ovudaram..  Yuxu- mənim üçün dünya həyatıdır, gözlərim açılanda əbədi yaşayacağıma əminəm... 

 

Aynur İsmayılova:

Yuxu bəzən olmasını istədiyimiz, bəzən də olmasını istəmədiyimiz şeyləri bizə göstərir. Yuxu, sanki ruhumuzun gecə yatarkən yazdığı hekayədir. Bu hekayə bəzən bir nağıl kimi xoşbəxt hiss etdirər, bəzən də bir kabus kimi qorxu və narahatlıq gətirər. O, bizə həm keçmişin izlərini xatırladar, həm də gələcəkdən xəbər gətirər. Bəlkə də, həyatın özü sadəcə bir yuxudan ibarətdir... Kim bilir?

 

Kübra Quliyeva:

Yuxu — qəlbin dillə deyə bilmədiklərini pıçıltı ilə söylədiyi, zamanın və məkanın sərhədlərini aşdığı bir azadlıqdır. Bəzən itirdiyin insanlarla yenidən görüşdüyün, bəzən isə heç toxuna bilmədiyin arzulara toxunduğun bir aləmdir.

O, qaranlıqda doğulan işıq, gerçəklikdən qaçış və bəlkə də, ruhun əsl evinə qayıdışıdır...

 

Leyla Ümid:

Yuxu—Mən bu ifadənin geniş məna kəsb etdiyini düşünürəm.  Həm ruhsal, mistik, həm dini, həm də psixoloji olaraq şüuraltı baxımdan yanaşmaq istəyirəm. Yuxu insanın ruhuna açılan qapıdır, bəzən qeyb aləminin, bəzən isə tale yollarının, gələcəyin işarəsi olur. Keçmişdə peyğəmbərlər yuxuları bir elmin dili kimi oxuyurdu. Hz. Yusif yuxuları sadə təsadüf kimi deyil, ilahi mesajların kodlanmış forması kimi görürdü. Onun yozduğu yuxular taleləri dəyişdirir, padişahları sınağa çəkir, gələcəyin sirlərini açırdı. O gündən bəri insanlıq yuxuların sadəcə beynin məhsulu deyil, ruhun bilinməyən paralellikdə aldığı dərslər olduğunu dərk etməyə başladı. Bəlkə də, biz hər gecə başqa bir dünyaya səyahət edir, səhər isə həmin dünyanın hikmətini unutmuş oluruq. Həmçinin, yuxu- ruhun kainatla bir növ söhbətidir, bədənin dincəldiyi anlarda ruhun sərhədsiz aləmlərdə azad dolaşdığı mistik bir səyahətdir. Orada hər şey enerjinin axını ilə formalaşır.

Bəzən yuxular keçmişin xatirələrini gətirir. Bəlkə də, yuxular sadəcə təsadüfi xatirələr deyil, ruhumuzun başqa bir reallıqda aldığı dərslər, başqa bir varlıq səviyyəsindən göndərilən kodlardır. Hansı ki, ona “Dejavu” deyilir. Gördüyümüz bir şeyi unudub, yaşayan anda xatırlıyırıq ki, bu hadisə detallı şəkildə tanışdı. Yuxuları oxumağı bacarsaq, həyatımızın axışını dəyişdirə bilərik. Çünki yuxular sadəcə görmək üçün deyil, anlamaq üçündür. Yuxu- İşarədir. Şüuraltı və psixoloji olaraq görülən yuxular isə insanın daxili dünyasının güzgüsü kimidir. Gün ərzində yaşadığımız duyğular, bastırdığımız qorxular, arzuladığımız, amma reallaşdıra bilmədiyimiz hisslər yuxular vasitəsilə üzə çıxa bilər.

Psixoloq Carl Jungun fikrincə, yuxular bizim şüuraltımızla əlaqə qurmağın bir yoludur—orada arxetiplər, kollektiv bilinç və fərdi travmalar özünü simvolik obrazlarla göstərir.

 

Zəhra Allahverdiyeva:

Yuxu ikibaşlı anlayışdır. Bir mənada yatanda getdiyimiz yuxu, digər mənada isə, cəmiyyətin yuxusudur. Oyanış dövrünə addım atmamışların yuxusudur. Nə bilmək olar? Bəlkə hamımız yuxudayıq?

 

İmran Verdiyev:

Yuxu mənim gəncliyim imiş.

 

İnci Məmmədzadə:

Məşhur psixoanalitik Ziqmund Freyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Freydə görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır. Onun fikrincə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.

 

Qoşqar İsmayılzadə:

Elmə görə yuxu şüuraltının əksidir. Bəzilərinə görə ümid mənbəyi, bəzilərinə görə isə, gələcəyin carçısıdır...

 

Leyla Səfərova:

Yaşadığımız həyatın çətinlikləri, problemlərindən qaçmaq istədikdə ovucumuzdakı xəyal qırıntılarına baxıram. Düşünə-düşünə yuxuya dalıram və daha da rəngarəng bir aləmlə tanış oluram. "Yuxu nədir" sualına tam elmi və ya bədii bir cavab verə bilmirəm. Amma mənim təsəvvürümdə yuxu gerçəklikdən qaçıb başqa bir aləmə, başqa bir gerçəkliyə sığınmadır. Bəzən bu qorxulu yuxu da ola bilər. Həyatımızda sorğuladığımız nə varsa başqa bir aləmdə başqa bir formada, hətta çox əlaqəsiz şəkildə də qarşımıza çıxa bilər. 

İnsanın təfəkkürü nə qədər güclü, nə qədər dolğundursa, yuxuları da  o qədər dərin, rəngli olur məncə. Və mən yuxuların mənaları olduğuna, bir işarə olduğuna inananlardanam. Bu dünyada heç nəyin boşa olmadığı kimi, yuxular da boşa deyil.

Bilirdiniz? Real həyatda 1 dəfə belə görmədiyiniz bir üzü yuxunuzda görə bilməzsiniz. Qəribədir ki, xəyal dünyamız ruhumuz, beynimiz olmayan yerləri, əşyaları, canlıları təsəvvür edə bilir. Lakin insanları təsəvvür edə bilmir. Səbəbi nədir bilmirəm, amma məncə bu da bir işarədir. Həyatımıza dair, tanıdığımız və ya tanımalı olduqlarımıza dair bir işarə...

 Ümid edirəm yuxularınız şirin, həyatınız ondan da şirin olar. Nə yuxuda, nə gerçək dünyada, aləmdə qorxuya, hüznə qərq olmarsınız.

 

Xədicə Əliyeva:

Yuxu - insan şüuraltında var olduğu yaşanmışlıqlarının təhlilinin gün sonu - film sonu, kamera arxasının beynin əsas səhnəsində nümayiş olunmasının nəticəsində meydana gələn, bəzən yadda qalan, bəzən isə yaddaşdan silmək istəyəcək həddə gətirib çıxaran prosesdir. 

Görülən yuxular bəzən, ən son qaldığımız düşüncələrin beyin ekranında yansıması, bəzən başımıza gələcək olana beynin bizi hazırlaması, bəzən isə unutmaq istəyərək xatırladıqlarımızı bizə xatırladır. 

Biz hərdən yuxuların gerçək olmadığını, hərdən də yaşadığımız gerçəklərin yuxu olmasını istəyirik. 

"Yuxu kimi" ifadəsini bir cümlə ilə ifadə etməli olsam, "insanların gerçəklik alğısına nəzərən, bəzən qısa çəkən gözəlliklər sonrasında istifadə etdiyimiz ifadələrdən biridir. 

Yuxunun sonunda, gözlərimizi açarıq və oyanmaq nəticəsində dünyada var oluruq, bəs yuxu sonu gözlərimiz, dünyaya deyil də, başqa bir yerdə, başqa bir şəkildə açılsa, dünyaya oyanmayaraq nəticələsənsə, biz haradasa oyanacağıq, var olmağa davam edəcəyikmi.. Edəcəyiksə, harada, necə və nə şəkildə?

 

Aygün Bayramova:

Yuxu dinclikdir, həm də narahatlıqdır mənə görə. Yuxu həm də real həyatdan daha çətin, daha əziyyətlidir, yenə mənə görə. Fiziki olaraq rahat olacağımızı düşünsək də, bəzən bir an içində gördüyümüz olaylar, keçirdiyimiz hisslər mənəvi yorğunluğa da gətirib çıxara bilir. Bilmirəm, bəlkə bu insana görə dəyişir. Bəlkə həssas insanlara aiddir bu dediyim. Məlumdur ki, həyatımız qarmaqarış hadisələrlə doludur və bu bizim yatdığımız, yuxuya getdiyimiz zamanda belə bizi rahat buraxmır. Mən belə insanlardanam, yuxuda belə rahat ola bilmirəm, yuxudan sonra belə rahat ola bilmirəm.

 

İlhamə Məhəmmədqızı:

Yuxu, məncə, hər kəsdə özünəməxsus olur. Beyinin inikasıdır. Pozitiv və neqativ hisslərlə dolu olur. Hətta yuxu içində yuxu da olur. Yadda qalan və yadda qalmayan olur. Gün olur, insan yuxunun təsirindən çıxa bilmir. Həyat mücərrəd olduğu kimi də yuxular da mücərrəddir. Hər kəsin müxtəlif yanaşması, yozumu var. Bəzən insan şirin yuxudan heç ayrılmaq istəmir. Yuxunun gerçəyə çevrilməsi, yaxud tərsinə yozulması da Tanrının sirridir, məncə...

 

Nigar Həsənzadə:

Yuxu anlayışı mənim üçün uzun zamandır ki, düşündürən, müəmmalı məsələyə çevrilib. "Biz indimi yuxudayıq ya yatarkən yuxuya gedirik?" ,"Yuxu nədir?","Yaşadığımız həyatmı yuxudur?","Yatarkənmi gerçəkliyə qovuşuruq- yuxu gerçəklikdirmi ya elə bizim bildiyimiz kimi "yuxu"-dur?"...Baxın bunlar müəmmalı məsələrdir. Və məncə yuxu paralel həyatdır. "Biz ana bətnində olarkən bir ayrı paralel dünyada idik, ordan sonra indi bu paralel dünyadayıq, nə şübhə ki sonra fərqli paralel dünya yoxdur?" Bəlkə yuxu o parelel dünyanın bir yoludur, xatırladıcısıdır. Yuxu insanın keçmişi, indisi, gələcəyidir. 

*Bu yazdığlarım öz düşüncələrim və araşdırdığlarım nəticəsində nəticəyə gəldiyim hələ də müəyyəm hissəsi müəmmalı olan araşdırmadır.

 

Murad Vəlixanov:

Yuxu deyəndə nə başa düşülür və onun insan həyatındakı rolu ilə bağlı bir neçə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Yuxu  — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"un bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişdilər. Fərqli psixoloqlar, parapsixoloqlar və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişdilər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyib. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz. Elə bil yuxular insanlarla birgə yaranıb. Elə bu baxımdan da yuxular və onların həqiqi mahiyyəti, yaranması həmişə problem olaraq qalıb. Bütün bunlara baxmayaraq, yuxular gündəlik insan həyatının müəyyən bir hissəsinə çevrilib.

 

Şəfa Vəli:

Yuxulara hamımız heyranıq... Yuxu bizim izaholunmaz yaşantılarımızdandır. Yuxuların xəyallardan fərqi odur ki, xəyalları özümüz yarada bilirik, amma yuxuların məqamını anlamaqda acizik. Yuxu məfhumu öz sirli köynəyinə bürünərək elmin qüdrətinə meydan oxumaqdadır. Yenə də, yuxulara olan heyranlığımız, yuxuda yaşadığımız xoşbəxtlik, qorxu, sevinc, anlaşılmazlıq hissləri bizim duyğularımıza hopmaqdadır.

Yuxunun elə təsiri var ki, duyğularımızda, bəzən bu sözü adi məişətimizə də yönəldə bilirik. Məsələn, kiməsə üstüörtülü bir yalan danışanda deyirik: “Yuxuya vermək”. Bu ifadəni boş vədlərin verilməsinə də aid edirik. Yenə də, unutmaq olmaz ki, yuxu özü qəribəliklərlə doludur. Qədimdə oğuz igidləri yuxunu “kiçik ölüm” adlandırırdılar. Çünki onlar yuxuda olarkən düşmən hücum çəkəndə xəbərləri olmurdu. Mari xalqı yuxunu gələcəkdən gələn xəbər kimi dəyərləndirirdi. İslami görüşlərdə yuxu “ilahi məqamdır”. Diqqət etsək, görərik ki, dastanlarımızda da yuxu ruhun incəliyi ilə izah olunur. Qəhrəmanlara yuxuda buta verilir, onlar yuxudaykən bir çox mətləblərdən agah olur.

Yuxunu yüksəkdə, ucalıqda görən şair ürəyi üçün yuxudan oyanıb istəklərin arxasınca yol başlamaq hünərdir. Yuxulara sarmaşıq kimi sarılırıq bəzən, gecə nə görürüksə, gündüzü onun abu-havasıyla yaşayırıq. Gecə yuxumuzda yaşadığımız hadisələr bizi elə kökləyir ki, sarı sim kimi inildəyə, şaqraq musiqi kimi könülləri oxşaya da bilirik.

...Yuxu bəzən yazdıqlarımız, bəzən yaşadıqlarımız olsa da, əksərən yaşayıb-yaza bilmədiklərimizdir...

 

Nigar Xanəliyeva:

Yuxu - ruhun özünü tanımadığı, amma hər şeyin tanış olduğu o qəribə məkandır. Burada zaman nə irəli gedir, nə geri – sadəcə qırılmış bir güzgü kimi parçalara ayrılır və sən o qırıntılarda gah keçmişini, gah gələcəyini, gah da heç vaxt yaşamayacağın bir anı görürsən. Bəlkə də, yuxular Tanrının bizə göstərdiyi başqa bir həyatdır – seçmədiyimiz yolların, itirdiyimiz insanların, söyləmədiyimiz sözlərin yaşadığı bir dünya.

Səhər gözlərini açanda isə o dünya uçur – bir an öncə var olan, amma indi mövcudluğu sübut olunmayan bir sirr kimi…

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.