“Mən niyə yaza bilmirəm?” -ESSE Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

 

Sual sadə görünə bilər: Mən niyə yaza bilmirəm? Amma bu sualın arxasında yalnız texniki bir çatışmazlıq, ilhamın yoxluğu və ya vaxt azlığı dayanmır. Yazmaq – sadəcə sözləri ard-arda düzmək deyil. Yazmaq özünü və dünyanı anlamaq, daxili səsləri dinləmək və onları başqalarına çatdırmaq cəhdidir.

 

Əgər yaza bilmirəmsə, demək ki, içimdə bir susqunluq var. Bəs bu susqunluq nədən doğur?

Bəlkə qorxudan… Yazmaq insanı soyundurur. Sözlər vasitəsilə insan özünü açır, çılpaq qalır, düşüncələri və hissləri ilə başqalarının baxışlarına məruz qalır. Bəlkə də yazmağa başlamaq qorxuludur, çünki nəticənin necə olacağını bilmirəm. Bəlkə yazdıqlarım yetərli olmayacaq, bəlkə səhv başa düşüləcəyəm, bəlkə özüm də özümə yad görünəcəyəm.

 Bəlkə də mən yazmaq istəmirəm. Bəlkə yazmaq bir ehtiyacdır, amma o ehtiyacın səsi içimdə boğulur? Hərdən insan özünü ifadə etməyə ehtiyac duymur. Hərdən sözlər kifayət etmir. Hərdən fikirlər beynin içində dolaşır, amma kağıza köçmək üçün güc tapmır.

 Bəlkə də mən artıq yazmışam. Bəlkə bütün demək istədiklərimi çoxdan yazmışam və indi sadəcə təkrara düşmək istəmirəm. Yaxud bəlkə yazacaqlarımın dünyada artıq mövcud olduğuna inanıram və yeni heç nə deməyəcəyimi düşünürəm.

 Bəlkə də yazmaq üçün yaşamaq lazımdır. İnsan bəzən içindəki boşluğu doldurmalıdır ki, onu tökə bilsin. Yazmaq üçün yaşamaq, görmək, hiss etmək, itirmək, tapmaq, yanılmaq, inkar etmək və yenidən inanmaq lazımdır. Bəlkə indi yaza bilmirəm, çünki hələ yaşamalı olduğum bir şey var.

 Bəlkə də yazmaq, sadəcə, yenidən başlamalı olduğum bir vərdişdir. Bəlkə yazmaq üçün yazmaq lazımdır – sual vermədən, tərəddüd etmədən, sadəcə kağıza ilk sözü qoymaq və ona ardınca gələnləri tapşırmaq.

 Amma bütün bu suallara baxmayaraq, mən artıq yazıram. Deməli, heç də yaza bilməyən deyiləm. Sadəcə, bəzən yazmaq üçün özümə “niyə yaza bilmirəm?” sualını verməyim lazımdır. Çünki bu sualın özü də bir yazıdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.