“Əlvida, kənd – Salam, qaranlıq şəhər “ - İkinci hissə Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Səhər yuxudan erkən oyanaraq kəndin yuxarı tərəfindəki qatar vağzalına tərəf getməyə başladı. Qatar hər gün axşam saatlarında təxminən saat 12-də stansiyada olardı. 5-10 dəqiqə vağzalda dayanırdı. Bu müddət ərzində yeni sərnişinlər bilet nömrələrinə uyğun olan vaqonlara yaxınlaşaraq bələdçinin köməyi ilə öz yerlərinə yerləşirdi. Enəcək sərnişinlər isə əvvəlcədən hazırlaşaraq vaxt itkisi olmadan tez zamanda vaqonları tərk edirdi. 12 saat ərzində keçdiyi hər rayonda bu proseslər təkrar olunurdu.

 

Səma qorxa-qorxa kassaya yaxınlaşdı. Kassanın pəncərəsi bağlı idi. İçəridə bir nəfər başını masanın üstünə qoyub, qollarına söykənərək yatmışdı. İçəri çox balaca idi; kiçik masa, oturduğu stul, yanında isidici cihaz, bir də kiçik sirmələri olan balaca bir skafdan ibarət idi. Gözəçarpacaq fərqli bir şey yox idi. Səma nə edəcəyini bilmədi: yuxudan oyanmasını gözləməli, yoxsa içəridəki adamı səsləməli idi? Çox zamanı yox idi. Nənəsi hiss etmədən geri qayıtmaq lazım idi. Həm də gərək onun burada olduğunu kənddən kimsə görməsin. Yoxsa nənəsi bu işdən xəbər tutsa, hər şey daha da çətin olardı. Yavaş səslə çağırmağa başladı, ancaq dəyişən bir şey olmadı. Biraz da gözlədi ki, ayılar, ancaq kassir heç nə duymadan yatırdı. Səma məcbur qalaraq, utana-utana nəfəsliyi bir neçə dəfə taqqıldatdı. Bu zaman içəridəki adam ağır-ağır başını qaldırıb səs gələn tərəfə boylandı. Kassanın qabağında balaca bir qızın dayanıb, ürkək baxışları ilə ətraflı izlədiyini gördü. Nəfəsliyi açıb diqqətlə bir daha onu nəzərdən keçirərək soruşdu:

- Buyur, balaca xanım, sizə nə lazımdır?

Bu adamın iri görünüşü, saçlarının gur, burnunun çıxıntılı və uzun olması, qaşlarının həddindən çox qalın və birləşik olması, baxışlarındakı sərtlik Səmanı bir anlıq qorxudaraq geri çəkdi.Onun siması çirkin və itici idi. Qızın qorxduğunu hiss edən kassir özünü biraz geri çəkərək üzündə xəfif bir gülümsəmə oyatdı. Daha yumşaq səslə yenidən nə üçün gəldiyini soruşdu:

- Cənab, mən... mənə şəhərə getmək üçün bilet lazımdır.

Kassir onu başdan-ayağa süzərək dedi :

- Sənin neçə yaşın var?

- On iki.

- Axı sən tək getmək üçün hələ balacasan. Sənə bilet verə bilmərəm.

Səma tutulmuş halda danışmağa başladı. Səsi bir qədər titrəyirdi :

- Cənab, mən bileti nənəm üçün istəyirəm. O xəstə olduğu üçün gələ bilmədi, məni göndərdi. Şəhərdən alınacaq dərmanları var. Mütləq yola düşməlidir. Xahiş edirəm, bilet verin. Bu nənəmin vəsiqəsidir, bilet pulunu da göndərib. Onun məndən başqa kimsəsi yoxdur.

Səma bilirdi ki, ona bilet verməyəcəklər, ona görə də gecə nənəsi yatarkən gizlincə vəsiqəsini götürmüşdü. Əgər bileti bu yalanla ala bilsə, əsas məsələ həll olacaqdı. Qatara bir şəkildə minə bilərdi. Çətin olan bilet almaq idi. Ancaq, deyəsən, dedikləri inandırıcı olmuşdu. Bilet satanın üz ifadəsindən bunu hiss etmək olurdu. O, sanki Səmaya acıyırdı. Baxışlarındakı sərtlik indi aydın və mərhəmətli hal almışdı.

- Bax, balaca, sənə bilet verəcəm, ancaq qatara mütləq nənən gəlməlidir. Əks halda biletin yanacaq.

Bunu deyərək əlini uzadıb vəsiqəni aldı. Səma başı ilə təsdiq edərək sakit dayandı. Bir neçə dəqiqəyə bilet hazır oldu. Kassir bileti uzadaraq bayaq dediklərini bir daha təkrarladı. Səma 17 manat 50 qəpik bilet pulunu ödədikdən sonra kassirə təşəkkürünü bildirərək iri addımlarla evə tərəf getməyə başladı. Nənəsi onun yoxluğunu hiss edənə qədər evə çatmalı idi. Bileti qoynunda gizlədərək əli ilə möhkəm saxlayırdı. Evə çatan kimi cəld içəri daxil olub bileti qutunun içində saxladı. Xoşbəxtlikdən nənəsi hələ yuxudan oyanmamışdı. Onun gedib-gəldiyini kimsə görmədi. Səma xoşbəxt idi. Bu gecə onun həyatında əhəmiyyətli dəyişiklik baş verəcəkdi. Bu gediş onun taleyini həll edəcəkdi. Kim olduğu, hara aid olduğu, cavab tapmadığı suallar bu gedişə bağlı idi. Bir tərəfdən də içində qorxu hiss vardı. Ya hər şey düşündüyü kimi olmasa? Burada da həyatı məhv olarsa, gediləcək bir yerin olmaması onun qəlbini rahat buraxmırdı.Nənəsinin onu səsləməsi ilə Səmanın fikirləri yarımçıq qaldı. Tez üst-başını düzəldərək otağa daxil oldu. Nənəsi yatağından hələ qalxmamışdı. Adətən xəstə olan zaman belə edərdi. İndi də halsız görünürdü. Kəskin baxışlarla Səmanı başdan-ayağa süzüb sərt və kobud şəkildə danışmağa başladı:

- Nə gözünü zilləyib baxırsan? Bayaqdan səni çağırıram, harda ölmüşdün, uğursuzun qızı? Görmürsən nə haldayam? Cəld ol, şkafın sürməsindəki dərmanlarımı gətir. Təzyiqimi də ölç. Səhərdən qalxa bilmirəm. Axı nə gözləyirsən, tez ol, get... hı... hı... bunun nə vecinə? Elə ürəyindən olar mən ölsəm. Hər şey özünə qalar.. Uğursuzun qızı... Nə olacaq...

Səma bir söz demədən cəld arxasını dönüb deyilənləri gətirməyə getdi. Hər nə qədər nənəsinə qarşı sevgisiz olsa da, ona bir şey olmağını, xəstələnməyini istəmirdi. O sağalana qədər başının üstündə durardı. İndi isə onun xəstələnməsi Səmanın gedəcəyi günlə üst-üstə düşmüşdü. Bu hal onun qəlbində bir narahatlıq doğururdu.Axı yaxşı olmasa, ona dərmanları kim verəcək, kim ona kömək edəcək? Təzyiqini yoxladı. Yuxarı idi. Bu da ona pis təsir edirdi. Normala düşməsi üçün dərmanı verdi və ardından biraz da su içirtdi. Təkrar yerinə uzanan nənəsi yatacağını deyərək Səmaya yemək hazırlamasını tapşırdı.

 Axşam yaxınlaşır, şər qarışırdı. Ətraf sıx dumana bürünmüşdü. Bu kiçik dağ kəndi sanki düzənlikdən ibarət idi. Əzəmətli dağları öz ağuşuna alan duman sanki onları kimdənsə gizlədirdi. Ətrafda heç nə görünmürdü. Evlərdə yanan işıqlar güclə seçilirdi. Belə hava şəraitində yolda maşın da tapılmazdı. Uzaqdan eşidilən ulayan yalquzaqların, hürən itlərin səsi bir-birinə qarışmışdı. Sanki meydan oxuyarcasına mübarizə aparırdılar. Səma axşama kimi bütün işlərini bitirdi. Fürsət tapan kimi öz paltarını da yığıb hazır qoymuşdu. Nənəsinin yaxşı olması onu biraz da olsa rahatlatmışdı, ancaq yenə də günün çoxunu yerində uzanaraq keçirdi.

Saat 11-ə yaxınlaşırdı. Kənd bu vaxtlarda dərin yuxuya dalırdı. Evlərdə yanan işıqlar demək olar ki, hamısı sönmüşdü. Səma da nənəsini bir daha yoxlayaraq yatmaq üçün icazə istədi. Hər şey qaydasında idi. O, demək olar ki, yaxşılaşmışdı. Səma ona bir daha son dəfə baxdı. Ona baxışları ilə “əlvida, nənə” deyərək sağollaşdı. Nənəsi isə heç nə hiss etmədən üzünü yana çevirərək yatmağa çalışırdı. Səma işığı söndürüb sakitcə qapını bağladı. Son olaraq evin hər tərəfinə baxmaq, ötən zamanları xatırlayıb, bir daha geri qayıtmayacağını bilərək vidalaşmaq istədi. 12 ilin sevinci, kədəri bu divarlara hopmuşdu. Daha çox kədərli olmasına baxmayaraq, xoşbəxt olduğu zamanlar da olmuşdu. İndi həmin xatirələri son dəfə içinə çəkərək dərindən nəfəs aldı. Gözləri yaşla dolmuşdu. Bu qədər çətin olacağını düşünmürdü. Harada olduğundan asılı olmayaraq hər insan üçün ən doğma yer onun evidir. Ən son evinə dönmək istər, evindən uzaq düşənlər. Ev hər şeydir; dostdur, dərd ortağıdır, xoşbəxt və üzgün anların bələdçisi, bir ailə kadrının ən böyük göstəricisidir. Bəlkə də buna görə evdən ayrılmaq hər zaman çətin olmuşdu...

Saat 12-də qatar stansiyada dayanacaqdı. Bu vaxta kimi Səma vağzalda olmalı idi. Hər şey hazır idi. Nənəsinin dərin yuxuya düşdüyündən əmin olduqdan sonra yavaş-yavaş qapıya tərəf getməyə başladı. Qapını yavaşca açaraq çölə çıxmağı bacardı. Ətraf dumanlı idi. Bu yolda getmək çətin idi. Demək olar, heç nə seçilmirdi, ancaq Səma hər gün bu yollarda gəzdiyi üçün demək olar ki, hər yeri gözübağlı da gedə bilərdi. Son dəfə arxasını dönüb evə baxdı. “Əlvida” deyərək vağzal yoluna tərəf addımlamağa başladı. Bu gedişin onu hara aparacağından xəbərsiz olan bu balaca qızcığaz dumanlı yollarda böyük ümidlərlə addımlayırdı. Çətinliklə də olsa, yolu doğru tutaraq gəlib stansiyaya çatdı. Stansiya adamlarla dolu idi. Hərə bir tərəfə gedirdi. Kimi isə skamyalarda oturaraq ətrafı izləyirdi. Uzaqdan qatarın fit  səsi eşidildi. Səma tam vaxtında yetişmişdi. İndi ona qatara minmək üçün fürsət lazım idi. Bələdçinin gözündən yayınaraq vaqona daxil olmalı idi. İçəri girə bilsə, özünə birtəhər yer tapa bilərdi. Gecə olduğu üçün çox adam yatırdı, ona görə də o qədər də nəzarət etmirdilər. Səma da bundan istifadə edib bir yerdə səssizcə yata bilərdi. Qatar stansiyada dayandı. Sərnişinlər biletdəki nömrələrinə baxaraq vaqonlara yaxınlaşırdılar. Hər vaqonun önündə qatar bələdçiləri dayanmışdı. Onlar biletleri yoxlayaraq sərnişinləri içəri buraxırdılar. Belədçilər öz xüsusi geyimləri ilə diqqət çəkirdilər. Onların əynində göy rəng ətək, ağ köynək, üzərində nişanları olan göy kostyum vardı. Bəzi bələdçilər başına yan taxılmış papaq qoymuşdu. Bu onlara xüsusi görkəm və ciddiyyət verirdi. Səma uzaqda dayanıb ətrafa baxırdı. İçində qorxu hissi baş qaldırmışdı. Görünmədən necə girə biləcəyini bilmirdi.Əgər tutulsa, hər şey məhv olacaqdı. Bir yol tapmalı idi. Cəsarətini toplayaraq bileti qoltuq cibindən çıxarıb vaqon nömrəsinə baxdı. 12-ci vaqonda getməli idi. Başını qaldırıb vaqonlara göz gəzdirdi. Yolçuların vaqonların önündə dayanması ona çətinlik yaradırdı. Buna görə də addımlayaraq vaqonu axtarmağa başladı. Biraz irəli gedəndə vaqonu gördü. Vaqonun qarşısında 5-6 adam dayanmışdı. Bələdçi onların biletlərini yoxlayırdı. Səma yavaş-yavaş vaqona yaxınlaşırdı. Bəlkə bu çoxluqda birtəhər gözə görünmədən özünü içəri sala bilərdi. Elə bu fikirdə addımlayırdı ki, birdən həmin tərəfdə bir gurultu eşidildi. Hamı səs gələn tərəfə çevrilib nə baş verdiyini anlamağa çalışırdı. Bu silah səsi idi. Ətrafdakı insanlardan bəziləri qorxudan qışqırmağa başladı. Atəş açan dəmiryol vağzalının mühafizəçisi idi. O, stansiyaya daxil olan iki canavarı öldürmüşdü. Dumanlı havada gəlib bura çıxmışdılar. İnsanlara zərər yetirə biləcəyindən ehtiyat edən mühafizəçi onları zərərləşdirməyə məcbur oldu. Elə bu qarışıqlığı görən Səma cəld vaqona daxil oldu. Bələdçi və sərnişinlər hadisə baş verən tərəfə irəliləmişdi. Səmanın vaqona girdiyini kimsə görmədi. Bu an Səma özünü ölmüş canavarların yerində hiss elədi. Ürəyi durmadan çırpınırdı. Digər tərəfdən də içində sevinirdi, artıq təhlükə yox idi. Cəld arxa tərəfə getməyə başladı. Vaqon sərnişinlərlə dolu idi. Bir neçə plaskart boş idi. Arxa tərəfə keçəndə ailə olan plaskartda bir yatağı boş gördü. Yatağın boş olduğuna əmin olmaq üçün soruşdu:

- Bağışlayın, bu yer boşdur?

Oturanlardan biri başını qaldırıb Səmaya baxdı və dedi :

- Bəli, boşdur. Sizin yerinizdi?

Səma üzünə ciddi görkəm verərək :

- Hə, biletdə göstərilən yerdir..

- Buyurun, keçin deyə bir nəfər Səmaya yer verdi.

Əslində biletdəki yer deyildi. Gözə görünməmək üçün çoxluq olan yerdə getmək təhlükəsiz idi. Belə olanda onun varlığını kimsə hiss etməzdi. Çantasını yerləşdirib yuxarı yatağa qalxdı. Qatar yavaş-yavaş hərəkət etməyə başladı. Bələdçi arxaya tərəf gələndə Səma adyalı üstünə çəkərək özünü yuxuluğa vurdu. Elə forma almışdı ki, burda kiminsə olduğunu toxunmadan anlamaq mümkün deyildi. Bələdçi yüksək səslə təlimatları izah edirdi. Səs uzaqlaşanda Səma başını çölə çıxarıb rahat nəfəs aldı. Hər şey planladığı kimi oldu. İndi isə geridə qalan uzanan yollara baxıb, irəlidə yaşanacaqları xəyal etmək və bu uzun yolculuğun sonunda hara gedəcəyini, nə edəcəyini düşünmək zamanı idi. Yol uzun, düşüncələr dərin və səssiz, gözlər yaşlı, ruh yorğun, duyğular saf və kövrək...

 Səhər açılanda nənəsi yuxudan oyanaraq yerindən qalxdı. Evdə səssizlik idi. Halbuki Səma ondan tez oyanaraq ətrafda o tərəf-bu tərəfə gəzişər, samovar qaynadar, çay dəmləyər, səhər süfrəsini hazırlayardı. İndi isə heç bir səs eşidilmədi. Yaşlı qarı elə düşündü ki, Səma hələ də yatıb qalıb. Çox nadir hallarda belə olurdu. Nənəsi də buna görə onu danlayardı. Heç vaxt güzəştə getməzdi. İndi də yerindən qalxıb əsəbi sifətlə yataq otağına getdi, qapını açıb astanada dayandı. Otaqda kimsə yox idi. Yataq da dağınıq deyildi. İçəri girib pəncərədən ətrafa göz gəzdirdi, yenə də gözünə görünmədi. Ağlında qəribə fikirlər baş qaldırdı. Bir yandan da həyəcanlandığını hiss etdi. Arxasını dönüb otaqdan çıxmaq istəyəndə otaqdakı balaca masanın üstündə bir kağız parçası gördü. Kağızı əlinə alıb açdı və oxumağa başladı:

Nənə, məni bağışla! Mən anamı axtarmağa gedirəm. Bir ömür cavab tapmadığım suallarla yaşaya bilmərəm. Həqiqəti bilməyə haqqım var. Bu yolda başıma gələcəklərdən xəbərsiz olsam da, onu bilirəm ki, bir daha geri dönməyəcəm, məni axtarma. Ya yolumu tapacağam, ya da bu yolda yox olacağam. Özündən muğayət ol, dərmanlarını da vaxtında iç. Hər nə qədər mənə qarşı pis rəftar etsən də, sevgi göstərməsən də, mən qəlbimin dərinliyində sənə qarşı sevgi bəsləyirdim. Axı sən mənə atamın yadigarısan. Mən atamı sənə baxaraq xatırlamağa, bənzətməyə çalışırdım. Səni qucaqlaya bilməsəm də, sən yatanda səndən atamın qoxusunu alırdım... Kaş bir dəfə “canım nəvəm” deyər, məni əzizləyərdin. O zaman bəlkə də hər şey başqa cür olardı. “Canım nənəm”, səni heç vaxt unutmayacağam, sən məni unutsan belə...  (Səma)

 

Nənəsi onun bu hərəkətinə heç təəccüb də etmədi. O, görünüşdə sərt olduğu kimi, daxilən də qürurlu, əzimli biri idi. Qəlbində bir az da olsa mərhəmət hissi yaranmadı. Bir gün bunun baş verəcəyini o, çox yaxşı bilirdi. Ona qarşı olan amansız rəftarının bir səbəbi də bu idi. Onu qorxudaraq, əziyyət edərək, öz hökmü altında saxlayaraq yanında tuta biləcəyini düşünürdü. Pəncərədən çölə baxaraq:

“Uğursuzun qızı da uğursuza bənzəyər.” Bundan artıq nə ola bilərdi ki?

Əlindəki kağızı pəncərədən ataraq arxasını döndü və iri addımlarla otağı tərk etdi. Əsən küləklə bərabər nə məktub xatırlandı, nə də Səma... Və bəzən belə unudulmaq əslində varkən yox olduğunun göstəricisidir. Nə bir iz qalar, nə də bir söz. Kimsə xatırlamaz onları...

Qatar şəhərə çatdı. Hamı hazır şəkildə oturmuş, düşmə növbəsini gözləyirdi. Bələdçinin göstərişi ilə sərnişinlər yavaş-yavaş qapıya tərəf getməyə başladı. Səma da növbəsi çatanda irəliləməyə başladı. Hər addımda sanki ürəyi dayanacaq kimi idi; bundan sonra onu nə gözlədiyini, hara gedəcəyini bilmədən bu yolda irəliləyirdi. Vaqondan düşəndə ətrafdakı insanların bir tərəfə getdiyini gördü, sanki harasa tələsirdilər. Səma da qorxa-qorxa onların ardınca getməyə başladı. Vağzalı tərk edəndən sonra qarşılaşdığı mənzərə onu heyrətə gətirdi. Müztərib halda ətrafa nəzər yetirdi; hündür və gözoxşayan binalar, küçənin hər tərəfində dayanmadan hərəkət edən maşınlar, insan çoxluğu, bu axarın içindəki qarışıq, qulaqbatırıcı səslər Səmanın bütün fikirlərini, arzularını alt-üst etmişdi. Bu hal onun başını gicəlləndirdi. Özünü yerə çökmüş halda tapdı. Balaca kənddən kənara çıxmayan, şəhər anlayışından xəbəri olmayan bu qızcığaz indi gördükləri qarşısında donub qalmışdı. Axı onun yaşadığı yerdə nə bu qədər ev, nə bu qədər maşın, nə də belə səs-küy vardı. Kənddə gün ərzində 5-10 maşın ya keçər, ya da keçməzdi. İndi isə burada maşınların ardı-sırası kəsilmirdi.

İndi mən nə edəcəm? – deyə Səma bir küncə çəkilib ağlamağa bbaşladı...

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.