Səmanın Dünyası – HEKAYƏ, 1-Cİ BÖLÜM Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucum! Səni Səmanın dünyasına aparacaq bir hekayə gözləyir. Onun həyatına toxunmaq, hisslərini anlamaq istəyirsənsə sən də bu yolçuluqda mənə qoşul. Hekayə 4 hissədə təqdim olunacaq. Xoş mütaliələr!                                      

 

Səmanın acı həyatı

İyul ayının ortaları idi. Göy üzü yavaş-yavaş aydınlanır, səma mavi gözləri ilə öz dünyasına tamaşa edirdi. Yüksəkdən baxanda hər şey o qədər estetik görünüşə sahib idi ki, bu gözəllikləri yaradan Allahın varlığına inanmamaq cahillik olardı. Bu gözəlliklərin əhatəsində insan həyatına daldıqda isə hər kəsin eyni olmadığının, eyni dəyərlərə sahib olmadığının şahidi olurdu. Kimi xoşbəxt, kimi bədbəxt, kimisi də xoşbəxt bədbəxt idi.

İnsan üçün həyatda ən önəmli olan şey öz mövqeyini bilməsidir. Onlar həyatda kim olduqlarını və nəyə sahib olduqlarını bilən, buna uyğun olaraq həyatlarına davam edən insanlardır. Bir də, bunun əksinə olan insanlar var. Həmin insanlar “xoşbəxt bədbəxtlər”dir. Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan, ancaq özlərinə sahib olmayan insanlardır. Həyat onlar üçün əsl faciədir, hər nə qədər fərqində olmasalar belə...

Kəndin sakinləri hələ yuxudan oyanmamışdı. Şirin yuxusundan ayrılmaq istəməyən balaca Səma gözlərini ovuşdura-ovuşdura istəksizcə yerindən qalxdı. Hər səhər olduğu kimi, bu gün də səbətini götürüb kəndin ucqar dağlarına, dağ ətəklərinə yollandı. O, buraya müxtəlif meyvələr, giləmeyvələr, yabanı bitkilər (yemişan, itburnu, böyürtkən, qarağat, kəklikotu, nanə, moruq) toplamaq üçün gəlirdi. Bu, onun gündəlik həyatının ayrılmaz hissəsi idi. Əliboş qayıtmaq isə onun günlərcə ac qalması və daha çox əzaba düçar olması demək idi. Ona görə də kənd hələ yuxudan oyanmadan o, hamıdan tez qalxaraq yola düzəldi.Quşların nəğməsi ətrafa yayıldıqca Səma da dodağının altında arabir mırıldanır, sanki quşların səsi ilə öz ruhunu birləşdirirdi. Təbiət qoynunda zaman keçirməyi çox sevən Səma böyük həvəslə gün çıxana qədər səbətini doldurdu. Burada o, bütün insanlardan, hər şeydən uzaq, dərdsiz, şıltaq bir qızcığaz idi. Xoşbəxt idi. Çünki tək sirdaşı olan səmaya baxaraq uzun-uzadı dərdləşir, rahatlıq tapırdı. Hər ikisi eyni dünyanın sakini idi: biri haqq dünyasında yaşayan, yerdəki haqsızlıqlara göz yaşı tökən səma, digəri isə haqsızlıqların qurbanı olmuş, ancaq ümidlə yaşayan, yaşadıqlarına rəğmən ümidini itirməyən yer sakini idi.

Hələ 12 yaşı olan bu balaca qız həyatın ən sərt sınaqları ilə üz-üzə idi. Yeni doğulanda atası dünyasını dəyişmişdi. Anası isə onu ataraq çıxıb getmişdi. O gündən sonra nə onu görən, nə də harada olduğunu bilən vardı. Elə o gündən Səma ata nənəsinin himayəsində qalmışdı. Körpə vaxtında nənəsinin onu necə böyütdüyünü bilməyən Səma 6 yaşından nənəsinin ona yaşatdığı hər əzaba dözərək həyatın acı və sərt sınaqları ilə üzləşmişdi. Kənddə yaşıdları məktəbə gedərkən, ən böyük arzusu məktəbə getmək olan Səma bu arzusuna çata bilmirdi. O, oxumaq istəyirdi, ancaq bircə kitabı belə yox idi. Bəlkə bir kitabı olsaydı, o da bunun öhdəsindən gələ bilərdi. Axı hər şey istəməkdən başlayır! Səma həyatın ona verdiyi sərt dərslərə qarşı hər gün arzularını bir az daha itirirdi. Oxumaq onun arzusu idi. İndi isə bu arzunun nə vaxtsa gerçəkləşib-gerçəkləşməyəcəyini bilmirdi.

Kəndə çatanda artıq hər tərəf işıqlanmış, kənd sakinləri yuxudan oyanaraq öz işləri ilə məşğul olurdular. Səma gətirdiklərini nənəsinə verib üst-başını təmizləməyə getdi. Birlikdə səhər yeməyi yedikdən sonra digər işlərlə məşğul olmağa başladı.Nənəsi onu heç boş qoymazdı; gün ərzində yeni işlər tapar, eyni işləri yenidən gördürər, istirahət verməzdi. Yalnız axşamlar bütün günün yorğunluğunu üzərində hiss edərək yatağına uzanardı. Həmin anlarda öz düşüncələri ilə təkbaşına qalardı. Həyatdan, öz bəxtindən heç zaman şikayət etməzdi. Bir gün hər şeyin yaxşı olacağına, düzələcəyinə ümid edirdi.Nənəsinə də nifrət etmirdi. Hələ 12 yaşı olsa da, düşüncələri çox dərin, anlamlı idi. Onun bu hərəkətlərinə haqq qazandırmağı da bacarırdı. Oğlunu itirmiş, gəlini körpə uşağı başsız qoyub getmiş, bu qocalan xəstə yaşında tənha qalmışdı. Səma bilirdi ki, nənəsi başına gələnlərə görə həmişə anasını günahkar hesab edərdi. Atası ilə evlənən gündən ailəmizə bədbəxtlik gətirdiyini deyərdi. Anası onunla heç vaxt yola getməzdi, ona görə də atası öləndən sonra burada qala bilməyəcəyini bildiyi üçün onları tərk etmişdi. Nənəsi də bu yaşananlara görə balaca Səmanı günahlandırır, sanki ona verdiyi əzablarla təsəlli tapırdı. Ətrafında onun acılarını, dərdini danışacaq kimsəsi yox idi. O da bu yolla hər şeyə, hər kəsə qalib gəldiyini düşünürdü. İnsan təbiəti gərəyi özünü üstün görmə, meydan oxuma, xor baxmaq sanki qarşısındakını haqsız olduğunu ya da haqsız duruma düşdüyünü görmək bir üstünlük, qalibiyyət hesab olunur. İnsan öz acizliyini qəbul etməyən yeganə varlıqdır. Və insanlar unudurlar ki, dünya sonsuz yaşam üçün yaranmadı; ölüm bir nəfəs qədər yaxın, yaşananlar bir o qədər saxta...

Səma dünyasını özü kimi təmiz, günahsız, sevgi dolu görmək arzusuyla oyanırdı hər səhər. Ancaq dünya onun arzuladığı kimi bir yer deyildi. Gördüyü haqsızlıqlar qarşısında səsini duyurmaq üçün gah ağlayır, gah gurlayır, gah da alovlar yağdırırdı, lakin heç kəs onun səsini eşitmir, fəryadını duymur, dərdini anlamırdı. Səmadan başqa. Səmanın yeganə dostu, sirdaşı mavi səma idi. Hansı ki, hər səhər ona baxaraq günə başlar və ona tamaşa edərək yuxuya dalardı. Bu dostluq öz adının anlamını bildiyi gündən başlamış və sonsuzadək davam edəcəyini deyərək əhd etmişdi. Səma əzab çəkəndə, özünü pis hiss edəndə başını qaldırıb səmaya baxardı və bilirdi ki, ədalət yüksəklərdə də olsa var. Beləcə təsəlli tapardı.Bir də ona təsəlli verən başqa bir şey vardı. Bir gün anasını axtarıb tapacaqdı... Anası ilə bağlı cavab tapmadığı sualları vardı. O, anası haqqında çox şey bilmirdi. Nənəsindən onun haqqında soruşanda çox qəddar görünərdi. Hər şeyə görə onu günahkar hesab edir, yaxşı biri olmadığını, əgər yaxşı ana olsa, övladını atıb getməzdi deyərdi. Səma isə susub bir söz belə deməzdi. Heç olmasa bircə dəfə onu görmək istəyirdi. Əgər görə bilsə, necə biri olduğunu biləcəkdi. Nənəsinin dedikləri öz doğruları idi, yoxsa doğrudan da hər şey onun dediyi kimi idi? Deyilənlər həqiqətdirsə, anasına sadəcə bir sual verəcəkdi: “Ana, məni nə üçün tərk edib getdin?” Və bununla da bütün suallarına cavab tapacaqdı. Bu suallar onu hər zaman düşündürürdü. Cavab isə anasında gizli idi. Nə zaman olsa da, onu axtarıb tapacaqdı. Bunu hər gün düşünürdü.

Son zamanlarda nənəsi ona daha çox əziyyət verməyə başlamışdı. Gördüyü iş xoşuna gəlməsə (bəzən yaxşı olsa belə, qəsdən edirdi), onu saçından tutaraq ev boyu sürüyər, günlərlə ac saxlayar, sadəcə su verərdi. Səma da dağa gedən zaman oradan tapdığı giləmeyvələrlə qarnını doyurmağa çalışardı. Bir gündə yediyi sadəcə bundan ibarət idi. Artıq qış yaxınlaşırdı. Havalar demək olar ki, soyumuşdu. Artıq dağa çıxmaq mümkün deyildi, həm də toplayacaq bir şey də demək olar ki, yox idi. Nənəsi onu yenə də dağa getməyə məcbur edirdi.Səmanın əyninə geyinəcək qış paltosu belə yox idi. Əynində hər tərəfi sökülmüş, uşaq əli ilə yamaq vurulmuş köhnəlmiş köynək, ayağında cırıq ayaqqabı, köhnəlmiş papaq və qəhvəyi rəngli bir ətəyi var idi. Kənardan baxanda üstü çox pis görünürdü. Yoxsul yaşadığı hər halından hiss olunurdu. Bu qışı belə keçirməli idi. Başqa paltarı yox idi. Bu paltarları da qonşu kənddən göndərmişdilər. Paltarların hamısı geyinilmişdi. Səmanın heç zaman yeni paltarı olmamışdı. Dünyaya gələn zaman atası ona işlədiyi puluna bir cüt ayaqqabı almışdı. Bu, onun aldığı ilk və son hədiyyəsi idi. Həmişə başqa uşaqların paltarlarını geyinərək böyümüşdü. Bu ayaqqabını o, indi də saxlayırdı. Atasını xatırlayanda həmişə ayaqqabıları çıxarıb öpər, hönkür-hönkür ağlayardı. Bu, onu biraz da olsa rahatladardı. Atasının onu sevdiyini bilirdi. Ondan sonra kimsə ona sevgi, qayğı, xoş münasibət göstərmədi. Bütün bu haqsızlıqları görən Səma dostunun halına çox yanırdı, ancaq ona köməklik edə bilmirdi. Məsafələr uzaq olsa da, dostluqları bir o qədər yaxın idi. Səma öz dostuna söz vermişdi: “Bir gün mütləq biz görüşəcəyik...”

Son zamanlarda yaşadıqları onu demək olar ki, usandırmışdı. Cavabını bilmədiyi suallar daha tez-tez təkrar olunmağa başlayırdı. Qəti bir fikrə gələ bilməsə də, artıq belə yaşaya bilməyəcəyini qət etmişdi. O, hər zaman özündə bu gücü hiss edirdi, ancaq biraz qorxu, həyəcan və ətraf haqqında məlumatsız olması onu qəti qərara gəlməsinə mane olurdu. Heç zaman kənddən qırağa çıxmamış olması, ona dəstək olacaq, yol göstərəcək bir rəfiqəsinin, dostunun olmaması bu düşüncələri doğururdu. Hər nə olur olsun, getməyə qərarlı idi. Bu gediş ona bəlkə xoşbəxtlik, yeni həyat bəxş edəcəkdi?Çox zaman Yeni il öncəsi qonşu kəndlərdən ya da ətrafdakı qonşulardan Səmaya geyim, biraz da pul gətirərdilər. Hər kəs onun necə həyat keçirdiyini bilirdi. Ona görə də kömək etməyə çalışırdılar. Nənəsi ilə nə qədər dil tapmağa çalışsalar da, bir xeyri olmamışdı. O, çox sərt və rəhimsiz idi. Səmaya verilən pulu da özü mənimsəyərək ona heç nə verməzdi. Səma isə bəzən çox meyvə toplayanda onu gizlin sataraq pul yığardı. Bəzən də onu kənardan görüb halına acıyan kəndlilər yolda ona bir neçə manat verərdilər. Səma bu pulları xərcləməz, yatağının altındakı ayaqqabıları olan balaca mavi qutuda saxlayardı. İndi düşünürdü ki, həmin pulun bir hissəsinə bilet alaraq şəhərə gedər, qalanı isə anasını tapana qədər az-az xərcləyər. Sonra da özünə bir iş tapar, həmişəlik şəhərdə yaşayar və bir daha kəndə qayıtmazdı. Səma bilirdi ki, nənəsi onu heç vaxt bağışlamaz, qayıtsa belə, indikindən daha çox əzab çəkər. Bu geri dönüşü olmayan bir yol idi...

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.