Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən susmaq, hərdən danışmaq, hərdən isə həm susub, həm də danışmaq istər bir qadın. Qadın olmaq nə asandır, nə də çətin. Qadın olmaq – var olmaqdır. Həyatverən, yaradan, ilham bəxş edən bir qüvvədir.
Hərdən sükuta qərq olar, hərdən isə sözləri ilə dünyanı silkələyər. O, sadəcə qadın deyil – bəzən ana, bəzən bacı, bəzən də bir dost, bir yoldaşdır.
O, zərifdir, amma zəif deyil. Bəzən coşğun dəniz kimi sərtdir, bəzən də sakit axan bir çay. Qadın olmaq sadəcə var olmaq, yaşamaq deyil, eyni zamanda yaşada bilməkdir.
Qadın varsa, məna var, ümid var, gələcək var.
Hər qadın sadəcə sevgi, dəyər və azadlıq istər. Bu dəyərlərə sahib olan qadının bacarmadığı heç nə yoxdur. Ancaq bu dəyərlərdən məhrum olan qadın heç bir gələcək inşa edə bilməz. Qadınlar inşa edər, yaradar, gələcək bəxş edər. Bu dünyanı onların əlindən almayın, çünki dünya bir qadının əsəri olarsa, çiçək açar və daha da gözəlləşər.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)