Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bütün dövrlərinn dumanlı səhifələrində səni axtarıram. Qədim məbədlərin qırılmış sütunlarında, daşların üzərində vaxtın pozduğu yazılarda, unudulmuş hekayələrin kölgəsində, qaranlıq keçmişin içində səni axtarıram. Səni məhv edilmiş sivilizasiyaların küllərində, susdurulmuş dillərin unudulan kəlmələrində, məzarlardan boylanan qəmli baxışlarda, uzaq ulduzlara yönəlmiş dualarda axtarıram.
Sən tarixdə vardın, amma səni tarix yazmadı. Sən miflərdə vardın,amma sənə həmişə bir yan rol verildi. Sən güclü idin,amma sənin gücün ya məhv edildi, ya da fədakarlıq adı altında səssizliyə gömüldü.
Sən ilahələrin unudulan rəsmlərində vardın. Amma bir gün səni tarixdən sildilər. Əllərinə qan bulaşmış kişilər səni müqəddəs torpaq elan etdilər, sonra da o torpağı işğal etdilər. Sənə ibadət etdilər, sonra səni çarmıxa çəkdilər. Səni tərif etdilər, sonra səni yandırdılar. Sənə "həyat verən" dedilər, sonra səni yaşamaq haqqından məhrum etdilər.
Səni həmişə bir obraz kimi gördülər,amma heç vaxt tam olaraq sən olmadın. Onlar üçün sən ya mələk oldun, ya da günahkar. Ya səni sevdilər, ya da səndən qorxdular. Ya sənə sitayiş etdilər, ya da səni yandırdılar. Amma sən sadəcə qadın idin. Nə müqəddəs, nə də lənətlənmiş.. Sadəcə var olmaq istəyən bir ruh.
Onlar sənə həyat vermədilər, sən öz həyatını özün yaratdın. Onlar sənə azadlıq vermədilər, sən hər dəfə azadlığını dişlərinlə,dırnaqlarınla sökdün, qopartdın və aldın. Onlar sənə sevgi vermədilər, sən sevgini öz yaralı ürəyində böyütdün, onu bir çiçək kimi qanla suladın, göz yaşlarınla bəslədin, ağrının içində onu yaşatdın.
Sən şairlərin sevdiyi qadın idin,amma sənə yazılan şeirlərin heç birini sən yazmadın. Onlar səni tərənnüm etdilər, amma sənin öz səsini heç vaxt eşitmək istəmədilər. Onlar sənin gözəlliyini vəsf etdilər, amma sənin ruhunun dərinliyindən qorxdular. Onlar sənin qəlbinin yumşaqlığını sevdi, amma sənin qəzəbinin od kimi yandıra biləcəyini unutdular.
Səni səslərin boğulduğu gecələrdə axtardım. Qaranlıq küçələrdə qorxa-qorxa addımlayan qızların baxışlarında, öz taleyini qəbul etmiş, amma heç vaxt bağışlamayan qadınların susqunluğunda səni tapdım. Səni evinin içində həbs olunan anaların yorğun gülüşlərində, sevgidən çox məcburiyyətdən doğulmuş nəvazişlərdə, həyatını başqalarına həsr edərək özünü unudan qadınların unudulmuş adlarında tapdım.
Səni yalnız sevgi verməyə məhkum etdilər, amma sən də sevilmək istəyirdin. Səni yalnız bağışlamağa məcbur etdilər, amma sən də bağışlanmaq istəyirdin. Səni yalnız güclü görmək istədilər,amma sən bəzən zəif olmaq istəyirdin.
Qadın olmaq-həmişə iki atəş arasında qalmaqdır. Ya birinə itaət etməlisən, ya da üsyan etməlisən. Ya sevgi içində əriməlisən, ya da qəlbindəki boşluğu heç kimə bildirmədən yaşamalısan. Ya susmalısan, ya da səni susduracaqlar.
Amma sən nə susdun, nə də yox oldun. Sən hər dəfə kül içində yenidən doğuldun. Sən hər dəfə tarixin içində öz yerini tapdın. Sən hər dəfə səni məhv etməyə çalışanların arasında sağ qaldın.
Sən hələ də varsan. Hər dəfə bir qadın gecə küçədə qorxusuz addımladıqda, hər dəfə bir qız uşağı öz seçimini etdikdə, hər dəfə bir qadın sevgini qorxu ilə deyil, azadlıqla yaşadıqda-sən yenidən doğulursan. Hər dəfə bir qadın səsini ucaltdıqda, hər dəfə bir qadın göz yaşı tökmədən irəlilədikdə, hər dəfə bir qadın öz taleyinin sahibi olduqda, sən varsan.
Bu, sadəcə bir bayram deyil. Bu, bir xatırlatmadır. Unudulmuş adların, unudulmuş səs-küylərin, unudulmuş həyatların, unudulmuş arzuların bir qığılcımıdır. Bu, səni bir gün deyil, hər gün xatırlamağa məcbur edən bir hayqırtıdır.
Səni bir gün deyil, hər gün xatırlamalı olan dünyaya bir gün də olsa səni xatırlatmaq üçün yazıram. Səni yalnız baharın gəlişi ilə assosiasiya edənlərə inat, qışın ortasında da, ən çovğunlu gecədə də var olduğunu söyləmək üçün yazıram. Səni yalnız gülüşün, incəliyin, fədakarlığın və mərhəmətinlə dəyərləndirənlərə qarşı, qəzəbinin, üsyanın, susqunluğunun və yorğunluğunun da sənin bir parça olduğunu bildirmək üçün yazıram.
Çünki sən yalnız şəfqət deyilsən, sən həm də qırılmış güzgülərin kəsici kənarısan. Sən yalnız bahar mehinin toxunuşu deyilsən, sən eyni zamanda ildırımla səmanı çırpan qəzəbsən. Sən yalnız göz yaşlarını silən bir əl deyilsən, sən bəzən göz yaşlarını axıdan, amma onları heç kimə göstərməyən qürursan.
Səni əsrlər boyu izah etməyə çalışdılar. Çiçəyə bənzətdilər, çünki sən incə idin. Suya bənzətdilər, çünki sən hər maneəni aşmağı bacarırdın. Aya bənzətdilər, çünki sən qaranlıqda da işıq saçırdın. Amma səni heç zaman sadəcə insan olaraq görə bilmədilər. Səni bir rəmzə çevirmək istədilər, çünki səni başa düşmək onlara çətin gəlirdi.
Səni ya idealizə etdilər, ya da günahlandırdılar. Ya səndən müqəddəslik gözlədilər, ya da səni susdurmağa çalışdılar. Amma sən bunların heç biri deyildin. Sən sadəcə var idin. Və var olmaq bəs edirdi.
Gecələr qorxmadan addımladığın, səsin titrəmədən danışdığın, varlığını sübut etməyə məcbur olmadığın bir dünya arzulayıram sənə. Sevgini və hörməti bir gün- 8 martda deyil, hər gün hiss etdiyin, səni yalnız qadın olduğun üçün yox, sadəcə sən olduğun üçün sevən bir həyat diləyirəm...
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)