Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir kitab mağazasına daxil olursan. Rəflərdə par-par yanan üzlüklər, qalın səhifələr, müdrik müəlliflərin illərin təcrübəsi ilə yazdığı əsərlər var. Kitabları vərəqləyirsən, amma qiymətləri görəndə duruxursan: “Bir kitab bu qədər baha ola bilər?” İroniya buradadır ki, bilik bahalaşdıqca, insanlar ucuzlaşır. Bəs biz nə zaman bu qədər ucuzlaşdıq?
İnsanlar nə zaman öz düşüncələrini, mənəviyyatlarını, ruhlarını bu qədər dəyərsiz hala gətirdi?
Əvvəllər bir insanın sözünün çəkisi vardı. İndi isə hər kəs danışır, amma çox az adamın səsi eşidilir. Kitablar dəyərini saxladığı üçünmü bahalı görünür, yoxsa biz onları almağa, oxumağa, dərk etməyə layiq olmadığımız üçünmü?
Sosial mediada ucuz əyləncələr pulsuzdur, amma bir kitab almaq cibdən gedən real bir xərcdir. İnsanlar əllərinə bir kitab alıb saatlarla oxumaq əvəzinə, bir-iki dəqiqəlik qısa videolarla, mənasız mübahisələrlə, lazımsız informasiya ilə beynini yükləyir. Çünki dərin düşünmək çətindir, özünü anlamaq ağrılıdır, həqiqət isə rahatlıq gətirmir.
Bəli, kitablar bahadır. Çünki onlar dəyərlidir. Amma insanlar ucuzlaşıb. Çünki onlar artıq özlərini dəyərli hiss etmirlər.
Bəlkə də problem kitabların qiymətində yox, bizim özümüzə verdiyimiz qiymətdədir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)