Oyunun qaydalarını həmişə həyat yazır - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Mən oyuna iddialı gələn, amma iddiasının içində min şübhə, min tərəddüd, min yorğunluq daşıyan oyunçuyam. Bilyard masası qarşısında dayananda, əlimdə çubuqla ölçüb-biçəndə düşünürəm: əslində mən burada nə axtarıram? Qələbəmi? Özümü sübut etməyi? Özümə sübut etməyi? Ya bəlkə, sadəcə nəyisə unutmaq üçün buradayam?

 

Bəlkə, bu masa, bu toplar, bu səssiz oyun həyatın sadəcə bir simvoludur, harada ki, bir zərbə taleyi dəyişir, bir səhv hər şeyi darmadağın edir, bir təsadüf səni ya zirvəyə aparır, ya da heçliyə atır.

 Mən öz oyunumu oynayıram, hər bir topun hərəkət trayektoriyasını beynimdə çəkirəm, amma bilirsən, həyatda hər şey belə sadə deyil. Hesablaya bilmədiyin şeylər var. Gözlənilməz sıçrayışlar, hesablanmamış sapmalar. İnsanın həyatında da belədir – nə qədər ağıllı, nə qədər tədbirli olsan da, bəzən heç vaxt nəzərə almadan, heç vaxt gözləmədən başına gələnlər səni məğlub edir.

Mən hər oyuna yeni ümidlərlə gələn oyunçuyam. Çünki bəlkə də, bu dəfə qazanacağam. Bəlkə də, bu dəfə səhv etməyəcəyəm. Bəlkə də, bu dəfə son zərbədə titrəməyəcəyəm. İnsan həyatda da hər səhvindən sonra özünü bu ümidlə ovudur: “Bu dəfə fərqli olacaq.” Amma fərqli olmur. Eyni səhvlər, eyni yorğunluq, eyni peşmanlıqlar… Sadəcə bir az daha tükənmiş, bir az daha həssas, bir az daha ümidsiz.

Mən masaya hakim olan, amma həyatda özünə hakim ola bilməyən oyunçuyam. Burada, bu masanın ətrafında hər şey dəqiqdir – düzgün zərbə, düzgün bucaq, düzgün güc tətbiq etsən, qalib gələrsən. Amma həyatda heç bir şey bu qədər dəqiq deyil. Həyat riyazi deyil, həyat fizika qanunları ilə izah olunmur. Həyatda sən mükəmməl olanda da uduza bilərsən. Bəzən ən yaxşısı olsan da, heç bir şey dəyişməz. Çünki həyat bilyard masası deyil, sənə ədalətli oynamağa borclu deyil.

Mən son zərbəyə yaxınlaşan oyunçuyam. Masanın başında dayanıb çubuğu sıxıram. Əlimin titrəməsinə icazə verməməyə çalışıram. Bu, sadəcə bir oyun deyil. Bu, illərin çəkdiyi əziyyətin, saatlarla məşq etməyin, yorğun gecələrin, sonsuz ümidlərin və sinəmdəki qürurun yoxlanışıdır. Sadəcə bir top. Sadəcə bir hərəkət. Sadəcə bir qərar. Vururam. Top dəliyə gedir, sonra bir anlıq dayanır, düşünür, tərəddüd edir, sanki özü də bilmir hara düşmək istədiyini. Və sonra… yavaşca geri sıçrayır. Mən uduzdum.

Həmişə belə olur, elə deyilmi? Həmişə insan hər şeyə yaxın olduğu anda nəyinsə əldən çıxdığını hiss edir. Həyatın ən acı gerçəklərindən biri də budur – insan bəzən ən yaxın olduğu şeyi qazana bilmir. Çünki insan bilyard masasında oynasa da, oyunun qaydalarını həmişə həyat yazır. Həyat sənə məntiqli gələn şeyləri qəbul etmir. O, sənə həmişə eyni cavabı verir: “Sənə bu vaxta kimi nə düşüb ki, indi də bu düşsün?”

Mən turnirə iddialı gələn, finala çıxan, amma son anda yenilən oyunçuyam. Bütün dünya gözləyirdi ki, mən qalib gələcəyəm, amma mən bilirdim. Mənim taleyim bu deyil. Mən son dəqiqədə səhv edən, həyatın ən vacib məqamlarında ya gecikən, ya da lazım olan zərbəni vura bilməyən oyunçuyam. Mən hər oyundan sonra masadan yavaşca geri çəkilib çubuğu yerə qoyan, kənara çəkilib səssizcə düşünən oyunçuyam.

Öz-özümə sual verirəm: “Bəlkə, bu oyunu heç vaxt qazanmaq üçün oynamaq lazım deyil?” Bəlkə, həyatda qalib olmaq deyil əsas məsələ. Bəlkə, sadəcə, masada qalmaq, oyunun içində olmaq, son ana qədər mübarizə aparmaqdır əsas məsələ?

Amma mən yorğunam. Çünki nə qədər mübarizə aparsam da, nə qədər çətinliklərin öhdəsindən gəlsəm də, mən qalib olmaq üçün lazım olan sonuncu şeyi tapa bilmirəm. Mən hər şeyə sahib olub da, sadəcə bir vacib elementi itirən oyunçuyam. Bəzən bu, bir az şansdır, bəzən düzgün anı seçə bilməməkdir, bəzən isə sadəcə həyatın sənə “yox” deməsidir.

Mən layiq olduğum hər şeyi istəyirəm artıq. Mən haqqımı istəyirəm. Amma hər kəs layiq olduğunu qazana bilmir bu həyatda. Mən də, Ronnie Sullivan da, siz də...

P.S. Söhbət bilyarddan getmirdi…

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.