Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Zamanın içində itib-batan bir kölgə kimiyəm. Mən varam, amma eyni zamanda yoxam. Həyatımın səhifələrində o qədər silinmiş cümlələr var ki, bəzən nədən başladığımı belə xatırlamıram. Sonuncu dəfə dərsdən qaçıb, döyüldüyüm günlə bu gün arasında nə qədər zaman keçib? Bir neçə il? Yox, sanki sadəcə bir neçə gün. Sanki gözlərimi bir anlıq qırpmışam və birdən-birə yetkinliyin ağır yükü çiyinlərimə çöküb.
Uşaqlıq dediyimiz o çağın içindəki saf məsumluqdan indi nə qalıb? Qarla oynamaqdan donmuş barmaqlarım, palçıqda batan dizlərim, azad və çılğın qəhqəhələrim... Hamısı bir zamanlar mənim idi. Və indi bunların hamısını unutmağa məcburam. Çünki böyümək belə tələb edir. Çünki böyümək, əslində, ruhunu kiçiltməkdir. Böyümək – addım-addım ölümü tanımaq, həyatın soyuq nəfəsini daha dərindən hiss etməkdir.
Amma kim tələsdirirdi ki, məni? Kim əlimdən tutub çəkirdi o məsumluqdan, o saf uşaq dünyasından? Kim dedi ki, yaşamaq böyüməkdir, böyümək isə yaşamaq? Axı mən bilə-bilə böyük danışmışdım. "Mən böyüyəcəm!" deyəndə nə bilim ki, böyümək, sadəcə, daha çox yorulmaqdır. Daha az gülümsəməkdir. Daha az inanmaqdır. Daha çox sınmaqdır.
İndi isə çatmıram. Yetmirəm. Düşürəm. Həyatın üzümə çırpdığı soyuq qapılardan bir-bir keçməyə çalışıram, amma hər addımda bir az daha yıxılıram. Mən çox böyük danışmışam, amma heç vaxt düşünməmişəm ki, böyümək bu qədər çətin olacaq. O vaxtlar uşaq idim, heç nə bilmirdim. İndi isə hər şeyi bilirəm, amma bilməmək istəyirəm. Həyatın mənə verdiyi bütün o çirkli həqiqətləri qusmaq istəyirəm. Çünki bilmək yüklənməkdir. Çünki bilmək, bəzən, yaşamaqdan da ağırdır.
Fikirlər beynimdə bir girdab kimi fırlanır. Hara gəlib hara gedirəm, bilmirəm. İllər keçdikcə insanın fikirləri özünə yad olur. Bir vaxtlar inandığım şeylər indi mənə axmaqca gəlir. Bəzən öz-özümə deyirəm: "Mən bu idimmi?" Gülməli və acı bir sualdır. Çünki cavabını verə bilmirəm. Cavab axtarmaq da, əslində, boşunadır. Yağışın alnıma düşən damcıları fikirlərimi dondurur, sonra süzülüb bədənimə axır, mənə yenidən varlığımı xatırladır. Mən buradayam. Amma bəzən elə gəlir ki, yoxam.
Çarə varmı? Təbii ki, yox. Çarə, bəlkə də, bu sualları verməməkdir. Amma insan sualsız yaşaya bilmir. Mənim edəcək çox işim var. Amma elə bil ki, mən yoxam. Ya da mən varam, amma mən deyiləm. Hərdən düşünürəm ki, bəlkə də, mən bir xəyalam. Bir vaxtlar var olub indi itib-batan bir kölgə.
Mən kimisə üzmək istəmirəm. Heç vaxt istəməmişəm. Amma bəzən elə hiss edirəm ki, mən özüm bir kədərəm. İnsanlar məni oxuyanda, dinləyəndə içlərində bir qırıq qüssə doğulur. Mən kiməm? Niyə buradayam? Və hara gedirəm? Bu sualların cavablarını axtara-axtara yaşamaq yorucudur.
Allahım, sən onsuz da, hər şeyi bilirsən. Bəlkə də, cavabların səndədir. Bəlkə də, mən sənin varlığının içində bir toz zərrəsiyəm. Amma sən bilirsən ki, mən tək deyiləm. Mən sənin bir parçanam. Və məni unutma. Mən unutduğum hər şeyi yenidən xatırlamaq istəyirəm. Mən yaşamaq istəyirəm, amma elə bir həyat ki, içində sualların cavabı olsun. Mən bilmək istəyirəm, amma elə bir bilik ki, içində sakitlik olsun. Mən var olmaq istəyirəm, amma elə bir varlıq ki, içində yoxluq qorxusu olmasın.
Bəlkə də, bunların heç biri olmayacaq. Amma yenə də, mən sənin qapının astanasında durmuşam, gözləyirəm. Çünki içimdə hələ də bir ümid var. Çünki mən, hər şeyə baxmayaraq, bir gün cavabların tapılacağına inanmaq istəyirəm.
Bəlkə bir gün tapacağam. Bəlkə bir gün anlayacağam. Amma indiyə qədər yalnız bildiyim bir şey var – mən böyümək istəmişdim. Heç bilməmişdim ki, böyümək bu qədər çətin, bu qədər soyuq, bu qədər ağır olacaq.
Amma bəlkə də, elə böyümək dedikləri budur – soyuqla isinişmək, ağırlığa alışmaq, qaranlığa baxıb işıq olduğunu xatırlamaq. Bəlkə də, insan bir ömür boyu düşdüyünü zənn edərkən əslində yuxarı qalxır. Bəlkə də, biz həyatı baş-ayaq görürük.
Yağış alnıma düşür, süzülür, torpağa qarışır. Bəlkə də, mən də eləyəm – fikirlərim süzülüb gedir, xatirələrim torpağa qarışır. Amma sonra? Bəlkə də, torpağa düşən hər damcı sabah bir çiçəyə can verir. Bəlkə də, itirdiklərimiz bir gün başqa bir yerdə, başqa bir zamanda bizə geri qayıdır.
Bəlkə də, həyat heç vaxt tam başa düşülmək üçün deyil. Bəlkə biz sadəcə onu hiss etməliyik, bir musiqi kimi, bir külək kimi, bir yağış damcısı kimi. Bəlkə də, böyümək – cavab tapmaq yox, sualların içində rahat olmaqdır..
Mən hələ də buradayam. Və bəlkə, bu da yetər.
“Ədəbiyyat və incəsənət”
(02.04.2025)