Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Rasim Müzəffərli
Ev güllərini heç vaxt sevməmişəm. Uşaq olanda həmişə anamın güllərinin yarpaqlarını və gözə xitab etməyən budaqlarını sındırardım. O vaxt elə düşünürdüm ki, belə edərək onların qurumasına rahatlıqla səbəb ola bilərəm. Amma onlar yenə tumurcuqlayır və çiçək açırdı. Qəribə olan məqam isə bu idi ki, çiçəklər məhz sındırdığım budaqların yerini bəzəyirdi. Daha sonra gülün gizli ləçəklərini qopararaq öz ağlımda, özüm kimi canlı, fəqət dilsiz olan bu varlığa meydan oxuduğumu düşünürdüm.
İllər bir-birini əvəz etdikcə anlayırdım ki, sadə və baxımsız çöl gülləri quruya bilər, fəqət yenə tumurcuqlayacağına heç bir şübhə yoxdur. Hiss edirdim ki, gələn yay iyunda anamın qızılgülləri yenə indiki kimi parlaq qırmızı rəngdə olacaq. Hər il sükutu dərin gecələrdə onun yarpaqları arasından səmanın ulduz tumurcuqları boylanacaq. Lakin biz isə gəncliyimizi geri qaytara bilməyəcəyik. Heç vaxt!
İndi 22 yaşım var. Nəbzim şiddətlə, bərkdən və həyəcanla döyünür. İki il əvvəl bu cümləni yazmış olsaydım, “həyəcan” sözünün yerinə “kədərin içərisində cücərən sevinc” yazardım. Əminəm ki, yaşamış olduğum bu ömür yolunda artıq “Gənclik nədir?” sualının cavabını tapmış olmalıyam.
Gənclik – doğulduğumuz torpaqların sərhədləri ilə məhdudlaşan, “passiv qədər” ilə taclandırılmış, uzaqdan göy qurşağı qədər rəngarəng, yaxından isə bu rənglərin sonundakı azadlıq mübarizəsinə hazırlaşan sıravi bir əsgərin ümidi kimi közərmiş bir məcburiyyətdir. Hansı ki, bəzilərimizə həqiqətən də yaşamaq qədər ağır gəlir. Keçən əsrə nəzər yetirdikdə şükür etdiyimiz tək məsələ gəncliyini sözün əsl mənasında yaşayan insanların sayının bir xeyli artmış olmasıdır. Kədərli olan ən əsas məqam isə budur ki, bu say sadəcə artmışdır, yəni kütləvi bir inqilab hələ də yoxdur.
Hələ də bu ölkənin gəncliyi öz həyatını erkən nikahların qurbanı edir. Neçə-neçə arzu və ümidlər böyük bir məsuliyyətsizliyin və təkəbbürün qurbanı olaraq sadəcə əbədi reallaşmayacaq bir xəyal olmağa davam edir. Zamanla gücsüzlük və cəsarət duyğusu yoxa çıxanda isə insan öz acizliyini özü üçün ən rahat zona olaraq qəbul etməyə başlayır. Biz isə daima inkişaf edən cəmiyyətin manqurtlaşan təbəqəsinin kökünü kəsə bilmirik. Ailə sevgisini və dəstəyini tam hiss edə bilməyən hər bir övlad öz cəhənnəmindən daima qaçış yolları axtarır. Və bu mübarizə onun ən böyük məqsədlərindən birinə çevrilərək həyatının hər anına hakim kəsilir. Nəticədə isə insan öz sonuna doğru qaçmağı bacarır.
Çox uzağa getməyək, keçən il əri tərəfindən amansızcasına qətlə yetirilən, mənim də çox yaxından tanıdığım Ayşəni bu bədbəxt gənclərin siyahısına heç düşünmədən əlavə edə bilərəm.
Həyatın ağrılı məqamları bitib-tükənmir. Mənim az əvvəl bəhs etdiyim, cəsarət etmədən məğlub olan gənclik qrupuna aid idi. Bəs cəsarət etsələr belə, məğlub olanlar haqqında nə söyləyə bilərik?
Bu sualın cavabını gözlərimi bir nöqtəyə zilləyərək düşünürəm. Söyləmək istəyirəm ki, əzm, mübarizə və çırpınışlar fayda etməyəndə və insan özünə yetməyi bacara bilməyəndə, ətrafını mühasirəyə alan mentalitetə də, hələ də ayağa qalx deyən ümidinə də tüpürmək istəyir. Haqlı məğlubiyyətin haqsız qalibiyyətdən daha qüdrətli olduğunu anladıqda isə yazılmayan qanunlara əməl etmədiyimiz üçün bu ağır sistemin məğlubu oluruq. İndi sadəcə uzun müddət yatmaq istəyirik.
Bizə elə gəlir ki, yatacağıq, duracağıq, sonra hər şey düzələcək. Amma düzəlmir. Gənclik artıq xəyallarının deyil, öz şəxsi qazancının arxasınca düşdüyü andan etibarən biz bu şansımızı çoxdan itirmişik. Rüşvətin, istismarın, qondarma qanunların, yerli-yersiz tələblərin əsiri olmuşuq. Sırf qarnımız doysun deyə bizdən üst təbəqənin zəhər yağan simasına dözmək məcburiyyətində qalmışıq. Zaman keçdikcə isə özümüzə olan hörmətimizi də itirərək daha da daşlaşmışıq. Nə günə qalmışıq ki, başqa ölkədə fəhlə olmağı, öz ölkəmizdəki əsaslı peşəmizdən üstün tutmuşuq. O qədər bədbəxtik ki, bir qarın yemək üçün və yaxud o zəhərli üzlü təbəqənin bir üzvü olmaq üçün savaşaraq yaltaq kölələrə çevrilmişik. O qədər kütləşmişik ki, ilk gözümüzü alovlandıran işığı ulduz zənn edərək şeytanın tacının parlaqlığına aldanmışıq. Və o qədər acizik ki, ruhu ölmüş gənclik üçün bütöv bir ildən sadəcə bir günü xüsusiləşdirərək qurulmuş bu illüziyanı parçaladığımızı zənn edirik!
Paslanmayan və ruhu sağlam qalan hər bir gənc üçün sarsılmaz bir iradə arzu edirəm, lakin həmin gün heç kəsi təbrik etmədim. Bir təbriklə nə o şadlıq, nə də xoşbəxtlik bizə əbədi olaraq bəxş edilmir. Çünki gənclik sədd daxilində deyil, səddi daxilində xoşbəxt olmalıdır!
Sonra təsadüfən otağa keçəndə anamın islanmış dəsmalla nəğmə zümzümə edərək gül ağacının yarpaqlarını sildiyinə şahid oldum. O zaman anladım ki, həqiqətən də insan sevildiyi və dəstəkləndiyi yerdə çiçək açar!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)