Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
...Sevinc yıxılmışdı. Ancaq bunu heç kimə sezdirmirdi. İnsanlar onu həmişə şən, gülərüz görürdü. Sevinc yıxıldığından kimsə xəbər tutmasın deyə, yenə də həyata gülümsəyir, insanları sevindirməyə çalışırdı.
Amma onun özünün də diqqətə, qayğıya, sevgiyə ehtiyacı var idi. O, yaralarının sağalacağına ümid edirdi. Bir gün təsadüfən Ümidlə qarşılaşdı. Ümid Sevincə ayağa qalxmaqdakömək edəcəyinə söz verdi. Ümidə rast gələndən Sevincin həyatında yeni dönüş yarandı. Yaraları yavaş-yavaş sağalmağa başladı...
Bir gün Ümidlə Sevinc xiyabanda görüşmək üçün vaxt təyin etdilər. Sevinc belə soyuq havada xiyabana necə gedəcəyini düşünürdü. Axı yıxılandan sonra yaxşı yeriyə bilmirdi. Ümidsə Sevinci inandırdı ki, o öz ayaqları ilə xiyabana gələ biləcək. Sevinc o qədər inamlı, ümidli idi. Özü də bilmədi, xiyabana necə gəldiyini. Hətta görüş vaxtından yarım saat əvvəl çatmışdı ora. Sanki dünyaya yenidən gəlmişdi. Ümid "dünya Sevinclə daha gözəldir, deyib, Sevincin bu dünyaya nə qədər lazım olduğuna onun özünə inandırmışdı.
Sevinc görüş yerində Ümidi gözləyirdi. Ümid də söz verdiyi kimi Sevincin görüşünə tələsirdi. Yolda Hiylə ilə rastlaşdı. Hiylə Ümidə yalan söylədi: "Kimsəsiz, ahıl bir qadının ayağı sınıb, onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Lap yaxındadır". Ümid həyəcandan Sevincə xəbər etməyi unutdu. Yaşlı qadına kömək etmək üçün Hiylənin ona göstərdiyi yollarla irəliləməyə başladı. Hiylə dediyi ünvana onlar günəş batanda gəlib çatdılar. Onları gözləyən kimsə yox idi. Hiylə bununla da kifayətlənməyib Ümidə növbəti yalanı danışdı: "Ona söz vermişdim. Qadını mütləq tapmaq lazımdır. Biz onu tək qoya bilmərik. Bəlkə xəstəxanaları axtaraq?".
Ümid Hiylə ilə razılaşdı. Bir-bir xəstəxanalara gedir, yaşlı qadının orada olub-olmadığını öyrənməyə çalışırdı. Saatın əqrəbləri isə sürətlə irəliləyirdi.
Görüş yerində Ümidi gözləyən Sevinc gah saata baxır, gah da havaya. Saat irəliləyir, hava qaralırdı. Birdən güclü külək əsməyə başladı. Əsən küləklə bərabər, qar yağmağa başladı. Ay işığında Göydən Yerə düşən soyuq qar dənələri ulduz kimi parıldayırdı. Sevinc gah titrəyir, gah əllərini bir-birinə sürtüb isinməyə çalışır, gah da soyuq kəsən əlləri ilə Ümidə zəng edib harada olduğunu öyrənməyə çalışırdı.
"Ümid vəfasız ola bilməz. Ümid etibarsız, yalançı ola bilməz. Yəqin başında bir iş var. Yoxsa, nədən telefona da cavab vermir?"
Sevinc həyacandan boğulur, soyuqdan titrəyir, artıq Yerlə əlaqəsinin kəsildiyini hiss edirdi.
Sonadək duruş gətirib gözləmək, getməmək, yalnız gözləmək...
Donan barmaqları ilə Ümidə mesaj göndərdi: "Səni tanıyandan dünyanın necə gözəl olduğunu duydum. Yeriməyən ayaqlarım yeriməyə başladı. Bu gözəl dünyada hamıdan fərqli sən idin, Ümid. Sən olan yerdə həyat da, arzu da, sevinc də var idi. Sən olmayan yerdə dünya özü bir dar qəfəsmiş. Səni soyuq qar altında gözləmək də gözəlmiş. Mənim azadlığım, qürurum, fərəhim, yaşama səbəbim də sən oldun".
Mesajı Ümidə göndərib Allaha dua etməyə başladı: "Sonuncu dəfə Ümidi görə bilsəm…"
Ümid telefonuna mesaj gəldiyini hiss etdi. Mesajı oxudu. Üzünü çevirdi ki, Hiyləyə təcili getməli olduğunu söyləsin. Hiylə yox idi. Ümid Hiylənin onu aldatdığını yalnız indi anladı.
Özünü Sevincə çatdırmaq üçün qaçır, yol boyu Sevincin başına bir iş gəlməməsi üçün dua edirdi.
Görüş yerinə çatanda Sevincin hələ də xiyabanda onu gözlədiyini, amma buz heykələ dönməkdə olduğunu gördü, şaşırdı.
Sevinc ömrünün son dəqiqələrini yaşayırdı. Ümidin gəlişini hiss etdi, dodaqlarının arasından titrək kəlmələri güclə qopdu: "Niyə gec gəldin, Ümid? Harada idin? Niyə zənglərimə cavab vermirdin? Şükür sağ-salamatsan. Sən zənglərimə cavab vermədikcə elə qorxurdum ki. Dedim, birdən səni qəfil, istəmədən itirsəm mən necə yaşaya bilərəm? Məni insanların yalanı, ikiüzlülüyü, hiyləsi öldürə bilmədi. Məni Səni itirmək qorxusu öldürdü, Ümid"!
Və gözlərini elə Ümidin qoynundaca əbədi yumdu.
Sizi Tanrı heç vaxt sevda yolunda Hiylə kimiləriylə rastlaşdırmasın.
Sizə ümid edənləri mütləq sevindirin.
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)