Tərk edilməmiş günahlar - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsan var olduğu müddətdə istədiklərinə çatmaq üçün daim çalışır, mübarizə aparır. Bu yolda qarşısına çıxan əngəlləri bir-bir aşaraq istədiyi nöqtəyə yaxınlaşır. Və bu əngəllər onu bir gün istədiyi nöqtəyə gətirib çıxarır. 

 

Amma bir də insanın istəmədiyi yollar olur. Hansı ki, onlar yoluna çıxmasın deyə hər gün qarşısına sədd çəkdiyi, bir addımlıq da olsa yer qalmasını istəmədiyi bir yol... Bu yol isə ən çətin olanıdır, çünki səni getmək istəmədiyin yerlərə sürükləyir. Bu yolda nə bir hədəfin, nə də bir məqsədin var. Bədənin ağlına güc gələrək səni getmək istəmədiyin yola sürükləyir. Sanki bədənin düşüncələrinə xəyanət edir.

 

Və sən bu yolun sonuna çatanda isə hər şey gecikmiş olur. Geriyə yalnız dərin bir peşmanlıq qalır. Bu yol səni hər gün uçurumun kənarına aparır, ancaq nə ordan aşağı atır, nə də geriyə çəkir. Bu "günah"larının yoludur. Adını eşitmək belə sənin ürəyinə qorxu salarkən, sən bu yolun sakini olmusan. Yol günahlarla doludur. Sən hər zaman bu əzabı susdurmaq üçün özünə haqq qazandırmağa çalışırsan, başqasını günahlandırırsan. Həyata isyan edirsən, peşmanlıq hissi səni məhv edir, bəzən də normal hal kimi qəbul edirsən. İllərdir mübarizə apardığın günahın səni yenə də öz toruna salır və sən yenə əzab çəkirsən. Sonra yenə də özünə söz verirsən, yanlışlardan dönəcəyinə, daha bu yola düşməyəcəyinə... Zamanı çatanda sən yenə də məğlub olursan.

 

Bu mübarizədən hər dəfə məğlub olaraq ayrılırsan. Həyat sənə iki yolla üz-üzə qoyur: biri gedəcəyin yerə, digəri isə getmək istəmədiyin yerə aparır... İndi düşün, sən kimsən? Məsumsan? Yoxsa Günahkar? Sənin üçün istəmədiyin yolu kim seçir? Yenə sən? Yoxsa başqası? Nə üçün bu günahları tərk edə bilmirsən? Bəlkə sən də qəlbinin dərinliklərində, bir küncündə yanmağa hazır olan bu alovun qığılcımlarını daşıyırsan? Aynada öz əksinə bax! Məsum və günahkar hiss etdiyində hansına daha çox bənzəyirsənsə onu seç. O zaman sənin bir yolun olacaq. Bəzən büdrəsən də, eyni yolda olacaqsan. Həyatda seçim etməkdən qorxma. Məsumluq və günah arasında seçim sənindir. Amma unutma, hər iki yol sənin bir hissəndir.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.