İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Çoxu deyir: Yer üzündə yoxdur qədir-qiymət. Bu mənə lap uşaqlıqdan bəllidir. Ürəyimdə həyat eşqi, sənət eşqi tükənməsə də özümdən ixtiyarsız vəcdə gəlirəm, şirin-şirin göz yaşları axıdıram, uşaqlıq, cavanlıq əyləncələrimi rədd edirəm, sənətdən kənar hər şeyə xor baxıram.
İlk addımım, ilk səfərim çətin, əzablı olsa da hər məhrumiyyətin üstündən keçirəm, qəhər dolu, gərginlik dolu zəhmətimlə gecə-gündüz yaratmağın sehrinə düşürəm, ən xoş, ən ülvi arzularla döyünən ürəyim şöhrət, ad-san həvəsində olmasa belə, sənətdə sevinc gəzirəm, həyatda səadət arayıram.
Doğma hisslərimin, duyğularımın yad nəzərlə, soyuq baxışla necə külə döndüyünü seyr edirəm. Sevdiyim, inandığım, bildiyim nə var, hamısı sonu görünməyən sənətdə səs-küysüz, könüllü əsirdir.
İndiyədək bilmirəm paxıllıq nədir. Bir kimsəyə yoxdur kinim, nifrətim. Dostların, tanışların şən gününə, həmkarlarımın xoş sədasına sevinirəm qəlbən, xeyir-dua diləyirəm ürəkdən. Qibtəkaram, ədalətə, həqiqətə möhtacam.
Barışmıram naşı, şərəfsiz cızmaqaraçı nimdaş, ucuz yazılarla sənəti hörmətdən salanda. Acıyıram o adama, sənətinə, adına layiq olmayanda.
Həyat sağalmaz yaratək qəlbimi göynətsə də, dörd bir yandan sıxsa da məni əyilmərəm əsla öz düşmənimə, dözərəm, gözlərəm bəlkə qismətim nə vaxtsa güləcək üzümə, sevinc bəxş edəcək taleyimə. Lakin bu bir gerçəklikdir ki, xoşbəxt, bəxtəvər sənətkarlar azdır, çox azdır.
Hamı sevsə ülvi sənəti, cılızlıqdan uzaq olardı, daşımazdı çiynində yaşamağın ucuz, miskin qayğılarını. Nəhayət, qoca dünyada qədir-qiymət bilinərdi, cənnət nəğmələri səslənərdi. Sözüm, əlbəttə ki, nakəslərədir. Bilsinlər ki, aylar, illər dolansa da, hamar olmayan yollar yora bilməz sənət fədailərini, cəfakeşləri. Kirli günləri ilə ləkələyə bilməzlər təmiz ömürləri. Xoş əməllər, saf duyğular yuyar, təmizlər kinləri, nifrətləri. Qədir bilinməsə də qadirlik bilinər!
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)