Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Həyat bəzən bizi gözlənilmədən yarımçıq qoyur. Bir insanın yoxluğunu hiss etmək, sanki dünyanın səssizləşməsi kimidir. Onun səsi, varlığı, baxışları hər gün səninlə olub, birdən yoxa çıxanda dərin bir boşluq yaranır.
Hər şey səssiz qışqırıqlara çevrilir – ağlaya bilmədiyin, ancaq içində boğulan qışqırıqlara.
Aylar keçmişdi. İçimdə dolub qalan o hisslər heç vaxt səngimirdi. Bir gecə yuxuda gördüm onu. Səhər vaxtı idi, mən tanış bir küçədə idim, amma hər tərəf təmtək idi. Sanki dünya dayanmışdı. Birdən o, qarşımda peyda oldu. Ağappaq geyinmişdi, saçları və saqqalı işıq kimi parıldayırdı. Havaya yayılan qoxu isə inanılmaz dərəcədə sakitləşdirici idi, sanki bütün qorxularımı silirdi. O, mənimlə idi, amma mən danışa bilmirdim. Sözlər boğazımda düyünlənmişdi.
Nəhayət, güc tapıb dedim: "Gəl gedək evə, hamı səni gözləyir." O isə sakitcə gülümsədi: "Yox," dedi, "gedirəm bağa. Gülləri sulamalıyam. Qızılgüllər solmamalıdır."
Bu sözləri üç dəfə təkrarladı. Hər dəfə deyəndə ürəyimdə sanki nəsə çatlayırdı.
Onun ardınca getmək istəyirdim, yalvarırdım: "Məni də apar. Mən sənsiz qalmayım." Amma o, üzümə baxıb başını buladı: "Sənin üçün hələ tezdir," dedi. "Sən hələ körpəsən." Mən onun getməsinə mane olmağa çalışdıqca, üzündə qəribə bir ifadə yarandı – sakit, amma qətiyyətli. "Çıx get evə," dedi və səsi birdən sərtləşdi.
Sonra yox oldu. Mən isə oyandım, nəfəsim daralmış, göz yaşları içində. Bu yuxu günlərlə məni tərk etmədi. Onun "qızılgüllər solmamalıdır" sözləri beynimdə təkrar-təkrar səslənirdi. Bu sözlərin mənasını anlamırdım, amma hiss edirdim ki, bu, sadəcə adi bir yuxu deyildi.
İndi anlayıram: o qızılgüllər, onun qoyub getdiyi sevgi, dəyərlər və xatirələrdir. Onlar heç vaxt solmamalıdır. Mənə düşən, bu xatirələri yaşatmaq və onun mirasını qorumaqdır. O, fiziki olaraq yanımda olmasa da, ruhu həmişə mənimlədir.
Hər səhər bu yuxunu xatırlayıram və onun dediyi kimi yaşamağa çalışıram.
Qızılgüllər solmayacaq. Mən buna izin vermərəm.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)