Simurq quşunun hekayəti - ESSE Featured

Təqdim etdiyimiz yazının müəllifi tovuzlu məktəblidir: Nurtac Yolçu qızı Zeynalova. Onun 17 yaşı var. Adil Qasımov adına Tovuz rayon tam orta məktəbinin 11-ci sinif şagirdidir. 3-cü qrup üzrə hazırlaşır. İncəsənət və Ədəbiyyata xüsusi marağı var.

 

Ədalət, bəzən bir xəncərin ucunda, bəzən bir sözün kölgəsindədir. Amma hər zaman bir bədəlin ödənməsini tələb edir.

 

Ədalət, hər kəsin dilində, amma heç kimin ürəyində deyil. Ədalət çox zaman xalq ac ikən ziyafət süfrəsindən qalxmayan kralların; özü qatil, günahkar olsa da, qarşısındakının haqqını yeyərək “ədalət” deyə qışqıran qatillərin; və pulu, gücü çox olanların tərəfindədir. Ədalət dediyimiz şey, çox vaxt həqiqi ədalətdən uzaqdır.

 

Bəziləri bu haqsız düzəni seyr etməyi seçir, bəziləri isə qaranlığın içində bir işıq yandırmağa cəsarət edir.

Amma heç kim qaranlığın içindəki həqiqətləri görə bilmir. Çünki zəfərin işığı nə qədər parlaq olarsa, kölgələr o qədər böyüyər və həqiqəti gizləyər. Ədalət bəzən yalnız güclülərin qalxanı olur, zəiflərin fəryadı isə küləkdə yox olub gedir. Halbuki həqiqi ədalət qılıncla deyil, vicdanla təmin edilir.

Və bu arzusu, bu mübarizəsi səbəbindən işığı sonsuzadək söndürülənlər var.

 

Amma məni sönmək qorxutmur, çünki mən hər dəfə külümün içindən yenidən doğuluram, yıxılsam da, dizimin qanına məhəl qoymadan təkrar-təkrar ayağa qalxıb yoluma davam edirəm.

Məni yandıra bilərlər, kül edə bilərlər, amma bilmədikləri bir şey var: külüm təkrar küləkdə sovrularaq can tapar və bu dəfə onların içini yandırar. Amma bunu da unutmuram: işıq nə qədər parlaq olsa, kölgəsi bir o qədər dərin olar. İnsan nə qədər çalışsa da, ona bir əl uzadılmadıqca yıxılar, dizləri qanayar.

 

Və qaranlığın içindəki hər ürək öz savaşını verir. Bəziləri bu savaşda keçmişin yükünü daşıyır, bəziləri isə gələcəyin vədi üçün hər şeyi riskə atır. Amma heç kim qaranlığın nə qədər dərin olduğunu təxmin edə bilməz.

Bəziləri üçün bu, bir azadlıq mübarizəsi idi, bəziləri üçün isə sadəcə güc savaşı. Amma hər kəsin unutduğu bir şey var idi: qaranlığın içindəki işıq belə hər zaman təmiz deyildi. Və o işığın kölgəsi, keçmişdə edilən səhvləri, bu gün verilən qərarları sonsuzadək ləkələyəcəkdi.

Bu gün töküləcək tər və qan bəlkə də yalnız bir neçə nəfərin vicdanını təmizləyəcək. Amma bu mübarizə, səssiz qalanların səsi olacaq.

Tarix həmişə məğlubları yazır deyirlər, amma mən bunu qəbul etmirəm. Bu gün yalnız məğlublar yazılmayacaq o sətrlərə. Kimin haqlı, kimin günahkar, kimin qalib, kimin məğlub olduğunu tarix deyil, biz müəyyən edəcəyik, o qələmi biz tutacağıq.

Bu gecə tarix yazılmayacaqdı. Bu gecə yalnız sağ qalanların hekayəsi danışılacaqdı. Xəyanət, sədaqət, qorxu və cəsarət bir-birinə qarışacaq, həqiqətlər yalanlarla mübarizə aparacaq və hər seçim bir sonrakı xaosun toxumlarını əkəcəkdi.

Bu gecə qılınclar çəkiləcək, planlar qurulacaq, həyatlar dəyişəcəkdi. Bəziləri azadlıq üçün mübarizə apararkən, bəziləri bu mübarizəni öz maraqları üçün istifadə edəcəkdi. Amma hamının yolu bir nöqtədə kəsişəcəkdi. Çünki nə müharibə, nə də ədalət, qərəzsiz bir oyun oynayır. Hər addımın bir bədəli, hər zəfərin bir qurbanı var idi.

Və hər iki tərəfin ortaq nöqtəsi bu yolda onlarla qurban vermək olacaqdı.

Bu, ədalətin deyil, insanlığın sınağa çəkildiyi bir gecə idi. Çünki ədalət, hər kəs üçün fərqli bir məna daşıyırdı. Kimisi üçün bir haqqın təslimi idi, kimisi üçün isə sadəcə intiqam vasitəsi. Bəs, bu gecə silahlar susduqda geridə nə qalacaqdı? Cəsur ürəklərin dirənişi, yoxsa qırılmış xəyalların dağıntısı?

Cavab yalnız səhərin ilk işıqlarıyla ortaya çıxacaqdı. Amma o vaxta qədər hər nəfəs bir mübarizə, hər addım bir meydan oxuma, hər baxış bir sirr daşıyacaqdı. Çünki gecə yalnız qaranlığı deyil, həqiqi simaları da üzə çıxarırdı.

Və o an gəldikdə, heç kim geri dönüb baş verənləri dəyişdirə bilməyəcəkdi. Qan töküləcək, sirrlər açılacaq, dostlar düşmənə, düşmənlər isə gözlənilməz xilaskarlara çevriləcəkdi. 

Gecə qaranlıq idi, amma əsl qaranlıq insanların ürəklərində idi.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.