Anonim müəlliflər cütlüyü, “Ədəbiyyat və incəsənət” üçün
QIZ:
Mən səni yaxşı tanımasam da, ruhum ruhunu yaxşı tanıyır. Mən səndən uzaqda olsam belə, kədərinə ortağam. Mən sənin kədərinlə tanışam, çünki mənim kədərim sənin kədərini tanıyır. Səni bilməsəm də, səninlə öpüşməsəm, səni qucaqlamasam da, yatmasam da dizlərində, ruhum sənin ruhunu çoxdan öpüb, qucaqlayıb, hətta ruhum sənə əsir düşüb. Səni cismən bir dəfə görmüşəm, amma ruhən illərdir sevmişəm.
OĞLAN:
Sən bir dəfə demişdin ki, “ruh qocalmır.” Amma ağrını ən çox ruhən hiss edir insan. Bilirsən də, ruh yorulur, ruh sevir, ruh kədərlənir... Amma bir şey də var: ruhun kədəri də, sevgisi də əbədidir. Bax, mən də sənə bu əbədiyyətin içində həmsöhbət olmaq istəyirəm. Səninlə kədərlənib, yorulub, sevinə bilərik — sonsuzadək. Mən səni tanımasam da, sənə aşiq olmasam da, ruhum ruhunu yaxşı tanıyır.
QIZ:
Sənin gözlərinin dərinliyinə baxmasam da, qəlbinin dərinliyindəki yaraları görə bilirəm. Sənin saqqalını oxşamasam da, siqaret tüstüsündən rənginin dəyişdiyini anlayıram. Sənin dostlarının çox, doğmalarının isə az olduğunu, hisslərindən qaçdığını bilirəm. Bilirəm ki, özünlə üzləşsən, zəifliklərini qəbul edəcəyindən qorxursan, buna görə də beynini susdurmağa çalışırsan. Əslində insanlara dəyər verirsən, amma bunu onlara hiss etdirmirsən.
OĞLAN:
Sənin kitabları fasiləsiz oxuduğunu, atan kimi olmamaq üçün mübarizə apardığını, darıxanda ulduzlara baxdığını, əsəbləşəndə otağına çəkildiyini bilirəm. Gecələr uzun yürüyüşlər edərək özünlə barışmağa çalışırsan. Güləndə qıyılan gözlərin, dodağının kənarındakı qəmzən, gözünün üstündəki sağ küncdə yerləşən ən uzun kirpik... Mən səni tanıyıram.
QIZ:
Sən mənim ruhumun sevgisi, qəlbimin qırıntısısan. Sən mənim ümidlərimin sonu, ehtirasımın sonsuzluğusan. Sən bir qədər mənsən, amma bir xeyli də məndən artıqsn...
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)