İgidi bir ceyrangözlü yar ram edərmiş…- ƏFSANƏ Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Diyarların titrədiyi bir zaman var idi. Qılıncların səması altında alovlanan igidlər ad-san uğrunda vuruşurdular. Çiyinlərində ağır zireh, amma qəlblərində bir eşq… 

 

Hər diyarın igidi var idi, lakin hər igidin qəlbində bir ceyrangözlü sevdası yox idi. İgidlər öz adlarını tarixə yazdırır, diyarlar onların hünərindən danışırdı. Amma heç bir zəfər, heç bir qələbə bir ceyran gözün işığına qalib gələ bilmirdi. 

Həmin ceyrangözlü yar düşmənin oxundan da iti idi. Onun baxışı qılıncın kəsərini sındırır, igidin ən güclüqalasını içəridən fəth edirdi. İgid diyara meydan oxuyurdu, amma öz içindəki sevdanın qarşısında təslim olurdu. Sevgi ən güclü qalaları belə susduran yeganə qüvvə idi. Ən böyük qələbə ceyran gözlünün bir təbəssümündə gizlənirdi.

 

Bir igid düşün… Düşmən ordularını pərən-pərən salan, adını illərlə unudulmaz edən bir qəhrəman. Amma hə axşam, günəş qüruba endikdə qılıncını kənara qoyub bir yaylığı ovuclayaraq düşünürdü. Həmin yaylıq onun qələbələrindən daha qiymətli idi. Çünki həmin yaylıq ona ceyrangözlü yarın bir yadigarı idi. O yaylıqdan gələn ətir, onun hər zəfərindən üstün idi.

Ceyrangözlü yarın baxışı onu ram etmişdi. Onun baxışında nə qılınc, nə də qan vardı. Sadəcə təmiz bir sevgi, heç bir igidin silahı ilə məğlub edə bilməyəcəyi bir eşq. İgidin zəfərləri ilə deyil, qəlbindəki sevgi ilə tanınması da məhz buna görə idi. Ad-sanı unudulurdu, amma sevdanın izləri zamanın özü qədər qalırdı.

Bəlkə də, həqiqi güc elə budur – ad-san qazanıb diyara meydan oxumaq deyil, bir ceyrangözlü yarda özünü tapmaq. 

İgidlər gəlir, gedir… Amma ceyrangözlü yarın hekayəsi hər zaman qalır. Çünki sevgi ən böyük zəfərlərin də başında dayanır.

Bu, heç vaxt unudulmayacaq bir həqiqət idi:

“İgid nam salar, diyarı titrədərmiş, igidi bir ceyran gözlü yar ram edərmiş.”

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.