Dünyanın yükünü daşıyanlar – ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Mənə görə, dünyanın "ən bədbəxt" insanı kimdir deyə soruşsanız, tərəddüd etmədən "yazarlar" deyərdim. Çünki onlar bu dünyanın bütün yükünü öz çiyinlərində daşımaq üçün var olmuşlar. Öz dərdləri yetməzmiş kimi, başqalarının dərdlərini də öz dərdləri bilməyə adət etmişlər.

 

Yazarın qələmində nə yoxdur ki? Ümid, sevgi, kədər, hicran, xoşbəxtlik, ayrılıq, hətta ən dərin ümidsizlik. Onlar həyata hər pəncərədən baxmağı bacaran insanlardı. Ona görə də bir yerdə məskunlaşa, bir nöqtədə birləşə, bir əqidəyə sahib olmağı bacara bilmirlər. Cismən "dünyalı" olsalar belə, ruhən məkansızdılar. Dildə deyil, sətirlərdə, cümlələrdə, sözlərdə gizlidir anlatmaq istədikləri.

 

Hekayələrdə baş verənlər real hadisələrə və ya təxəyyülə əsaslansa belə, onları birləşdirən ortaq cəhət var: yaşatdıqları hisslərin gerçək olması. Çünki bu duyğular yazarın düşüncələrindən çıxıb, qələmində parlayan ruhunun işığıdır.

 

Ən gözəl yol dostudur; həm varlığı, həm də düşüncələri ilə. Kitab onlardan geriyə qalan bir izdir. Bu dünyada olmasalar belə, öz düşüncələri və ruhları ilə insanlara yol göstərirlər. Bəlkə də biz yazarlara dünyanı qavramaq üçün deyil, elə bu anlamsızlıq içində yaşamaq üçün verilmişdi bu qələm. Yazmaq yazar üçün bəzən ümid, bəzən də ümidsizlik yaradan bir vasitədir.

 

"Bəlkə də bu bir yoldur - ya biz onu seçmişik, ya da o bizi." Hər kəsin gedə bilmədiyi, çox az insanın sona qədər getməyi bacardığı bir yol. İnsanlar hisslərini, anlatmaq istədiklərini başqaları ilə paylaşaraq azad olur, biz isə kağızlara pıçıldayaraq. Hər söz, hər cümlə yeni bir məna, yeni yük daşıyır. Yazmaq sadəcə bir ifadə forması deyil, ruhun yaşama səbəbidir. Sanki yazdığın zaman öz içində yenidən doğulursan, var olursan.

 

Ətrafda baş verən hər bir hadisə: quşların qanad çırpması, maşınların səsi, küçədə qarşılaşdığın insanlar, bir baxış, günəşin doğuşu, hətta sükut - bizim üçün yeni bir hekayənin başlanğıcı deməkdir.

Onlar sadəcə yaşayır, biz isə yaşadırıq.

 

Və mən düşünürəm: "Əgər yazmasaydım, kim olardım? Yəqin ki, heç kim...”

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.