Kübra Quliyeva və Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
"Bəzi xatirələr silinməz, əzizim. Onlar zamanın amansız axışına rəğmən qəlbinin bir guşəsində kölgə kimi qalır. Bəzi yaralar isə zamanla köz bağlayır, amma gecənin ən səssiz, ən kimsəsiz qaranlığında o yaranın sızısını hiss edirsən. Elə bir an gəlir ki, o yara səni öz dərinliyinə çəkir, nəfəsini kəsir, səni içində boğur.
Qaçmaq istəyirsən. Keçmişdən, xatirələrdən, səni yaralayan hər bir şeydən gizlənmək istəyirsən. Gözlərini yumursan, zülmətə sığınırsan, amma zülmət səni aldada bilmir. Orada ürəyinin döyüntüsü qulaqlarında bir inilti kimi səslənir, nəfəsin daralır, ruhun çırpınır. Elə o an bir həqiqəti dərk edirsən:
Səndə yara açan adam sənə yar olmadan səni yarımcan edib.
Sonra həyat davam edir, amma sən eyni qalırsan. Eyni təbəssüm, eyni hissiz baxışlar, eyni qanayan qəlb. Hər şey dəyişir, amma içindəki o boşluq dəyişmir. Hər dəfə həmin xatirələr o yaraya toxunanda bir az da dərinə batır, səni özünlə döyüşməyə vadar edir."
Bu nitqdən– təsəllidən sonra Kübra cavab gözləmədən telefonu söndürdü. Bəlkə də eyni problemi fərqli şəkildə yaşayan iki şəxsiyyət idik. Bəlkə tamamilə zidd olduğumuz üçün ruhlarımız öznü biri-birinə yaxın hesab edir. Bəlkə də düşündüklərimiz ciddi ruhi sarsıntıdır. Bəlkə mən dəliyəm. Amma dəlilik birşeylərin fərqində olmaqdır. Buna görə mən təcrid olunmuş, o isə məndən fərqli olaraq daha içdən yaşayır. Mən bunlara qətiyyən cavab tapa bilmirəm.
Qeyri ixtiyari olaraq Kübranın telefon qeydlərindən göndərdiklərini oxuyuram. Bu sözlər isə sanki daha dərinlərə, qəlbimin heçkəsin, girməyi boş ver, toxunmağa belə cəsarət eləmədiyi yerlərə gedib çıxır.
"Mən səni silə bilmirəm, əzizim. Sanki hər kəsdən və hər şeydən fərqlisən. Bəlkə də, sənçün artıq yoxmuşam, bəlkə düşmənsən mənə, ya da nifrət edirsən. Həqiqət nədir, bilmirəm. Bəlkə də, peşman olub özünə haqq qazandırırsan, ya da çoxdan unutmuş, bir yalanla özünü təsəlli etmisən.
Mən səndəki yerimi bilmirəm, heç bilmək də istəmirəm. Amma məndəki yerin...
O yer gecənin ən müqəddəs vaxtında, səmaya yönəlmiş əllərimin arasında qaldı.
Səni bir dua kimi saxladım, əzizim. Dualar səmadan silinərmi?"
O, bu mətni kimə ithaf edir, bilmirəm. Amma məndə– mənim qəlbimdə çox şeyləri tətikləyir. Qəlbimdə olan eşq alovunu söndürə bilmirəm. Tanrının verdiyi empatiya lənəti kimi, məhəbbət lənətiylə də ovsunlanmışdım deyəsən. Bunun fərqindəyəm, amma lənət olsun ki, bu lənətə asılı olmuşam..
Əvvəl bir qədəh vodka, üzərindən isə likörlə ruhumu bircəmin yanına apardığdan sonra səsyazmanı açıram:
–Bəzi xatirələr silinməz, Bircəm. Onlar zamanın amansız axışına rəğmən qəlbin bir guşəsində kölgə kimi yaşayır. İnsan bəzən həmin xatirələri silmək istəyir, amma anlayır ki, unudulmaz olan yalnız xatirənin özü deyil; onun yaratdığı ağrı və boşluqdur. Bu ağrı, bəzən, səni öz içinə çəkən bir qaranlıq kimidir. Gecələr isə o qaranlığın hökm sürdüyü vaxtdır. Gecələr hər şey susar, amma xatirələr danışar.
Bilirsən, Bircəm, gecələr mənim üçün həm səssizlik, həm də hayqırışlarla doludur. Hər sükutda sənə dediyim "hər şeyimsən" sözlərinin əks-sədasını eşidirəm. Amma sən gülərək "not dəftərin də?" deyirdin. Bu qədər sadə bir cümlə necə bu qədər dərin bir yara buraxa bilir axı? O sadə sualın içində necə dərin bir boşluq gizlənə bilərmiş! Sən mənim rənglərim idin, amma rənglərim sənin üçün sadəcə bir təsadüf idi.
İnsan gecələrdən qaçmağa çalışır, amma gecələr insanı buraxmır. Gecələr suallar doğurur: Mənim sənə bağlanmağımın səbəbi nə idi? Səni sevərkən özümün hansı hissəsini itirdim? Mən səni sevirdim, yoxsa səni sevməklə öz içimdəki boşluğu doldurmağa çalışırdım? Bu suallar gecələrin ən sakit anlarında ürəyimi sıxır. Niyə sən mənə yar olmadan, məni yarımcan edib getdin?
Mən səni bir dua kimi saxladım. Halbuki dua edən biri deyiləm. Dualar, insanın öz acizliyini etiraf edib sığınmağa çalışdığı bir təsəllidir. Dua etmək, özünlə başa çıxa bilmədiyin üçün göylərə ümid bağlamaq deyil? Mən isə acizliyimi qəbul edə bilmirdim. Amma səni bir dua kimi saxladım, çünki sən mənim həyatımın ən müqəddəs yanlışı idin. Dualar göylərə yazılır, amma bəzən insan öz dualarını öz içində kilidləyir. Mənim dualarım sən oldun. Çünki, sən mən ruhuma toxunan yeganə həqiqət idim. Və indi sən məndə qalmısan – keçmişin kölgəsi kimi.
Darıxmaq... İnsan darıxanda əslində nə üçün darıxır, bilirsən? Darıxmaq insanın özündən qaçmaq istəyinin ifadəsidir. Mən sənin üçün darıxmıram, Bircəm. Mən sənə aid olan xatirələrimdə özümü itirdiyim üçün darıxıram. O xatirələrdə yaşadığım sevinc, kədər və hətta boşluq... Onların hər biri indi mənim kimliyimin bir parçasıdır.
Sənə yenidən baxsaydım, sənə isti bir baxış, amma soyuq bir təbəssüm hədiyyə edərdim. Çünki indi bilirəm ki, sevgi yalnız sevən tərəfin yüküdür. Mən səni sevdim, amma sən heç vaxt mənim sevgimi hiss edə bilmədin. Mənim rənglərim sənin üçün yalnız kölgələrdən ibarət idi.
Bəzən düşünürəm: Sən məni heç anlamadın, yoxsa mən səni yanlış anladım? Bəlkə də, sevgi yalnız yanlış anlamaların harmoniyasıdır. Mən sənin mənim üçün nə qədər vacib olduğunu sənə deyə bilmədim. Sən isə mənim həyatımda necə dərin bir iz buraxdığını anlamadın. Bu izlər zamanla sağalacaqmı, yoxsa onlar mənim həmişəlik həqiqətim olaraq qalacaq?
Sən mənim həqiqətim idin, Bircəm. Amma həqiqət həmişə insanın üzərinə ağır bir yük gətirir. Mən bu yükü daşıyıram, çünki xatirələrdən qaçmaq mümkün deyil. Onlar insanın kimliyinin bir parçasıdır.
Dualar səmadan silinərmi, Bircəm? Yoxsa dualar yalnız insanın içində, zamanın qaranlığında köz kimi yanmağa davam edər? Mən səni unutmaq istəmirəm, çünki sən mənim ən unudulmaz xatirəmsən. Amma xatirələr bəzən insanın həqiqi özünü boğan ən dərin zəncirlərə çevrilir. Mən bu zəncirləri qırmağa çalışıram, amma hər dəfə sənin adınla yenidən bağlanıram.
Sən mənim gecələrim idin, Bircəm. Gecələrim və suallarım. Və indi mən yalnız bir həqiqəti bilirəm: İnsan, hər şeydən qaça bilər, amma xatirələrdən yox. Xatirələr isə xəyal dünyamızda qaldı.
Deyəsən elə kinoda da düz deyirdi:
-Qaça biləcəyimiz yeganə yer, xəyal dünyamızdır.
Bu sözləri öz özümə deyirəm. Çünki bunları ona deməyə cəsarətim yoxdur..
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)