Sevinc və kədərin “hekayəsi” Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Duyğuların ən gözəli, ən təmizi, qəlbin dərinliklərində ən saf olanı bir zamanlar sevgi idi. Hər kəs xoşbəxt idi. İnsanlar bir-birinə sevgi ilə yanaşar, qəm, kədər, acı hiss etməzdilər. Sevgi sadəcə bir duyğu deyil, həyatları mənalandıran bir qüvvə idi. O zamana qədər ki, kədər sevgini qısqanmağa başladı...

 

Sevginin hər kəsin sevimli hissi olması, kədərin bu sevgini insanlardan almağa çalışmasına səbəb oldu. Ən sevilən duyğu kədər olsun istədi. Və o gündən sevgi ilə kədərin mübarizəsi başladı. Dünyanı sevgi, xoşbəxtlik, birlik xilas edəcəyini düşünən sevgi var gücü ilə mübarizə aparırdı. Bu mübarizədə çox zaman qalib gəlsə də, bəzən məğlub olurdu. Zamanla bəzi insanlar kədərə meyil etməyə başladı. Kədər, insanların onu sevməyə başladığını gördükcə daha çox həvəslənməyə, dünyada yeganə duyğu olmağa çalışırdı.

O, artıq sadə bir hiss deyil, bir qüvvəyə çevrilmişdi. Və artıq hər gün o saf, həqiqi sevgi yox olmağa başlayırdı. Sevgi məğlub olurdu. Dünyasını belə görmək istəmirdi. İnsanlar bir-birindən uzaqlaşmış, yadlaşmış və artıq yalnızlığa çəkilmişdilər. Sanki dünyada tək bir insan yaşayırdı. Arzusuz, istəksiz, sevgisiz, tək bir insan. Sevgi bununla barışa bilmirdi. Axı hər zaman bir ümid vardı. Soyuqlaşmış qəlblərdə gizlənən o ümid, sevginin son şansı idi.

Sevgi, dünyanı birlik və xoşbəxtliklə xilas edəcəyini ümid edərək səbirlə gözləməkdəydi...

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

                                                                                         

 

      

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.