Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Qərənfil çox estetik gözəlliyə malikdir. Mən əvvəllər elə bilirdim ki, qərənfil yalnız qırmızı rəngdə olur. Sən demə, ölkəmizdə onun 26 növü var. Son illərə qədər düşünürdüm ki, niyə məzarlara qərənfil qoyulur? Qızılgül də gözəl güldür, bəs onu niyə qoymurlar?
Qərənfil sovet dövründə qızılgüldən daha populyar idi. Kişilər sevdiklərinə elə qərənfil bağışlayırdılar. Qırmızı qərənfil gülünün mənası sevgi və hörmət, eyni zamanda güclü və əbədi sevgini ifadə edirdi.
Qərənfil sadə, amma möhkəm bir çiçəkdir. Lakin bu gün qərənfil Azərbaycan üçün sadə bir gül deyil. O, xalqın hüznünün və eyni zamanda azadlıq çırpıntılarının simvoludur.
Hazırda, dəfn mərasimlərində isə məzar üstünə qərənfil təbiətin və insanın faniliyini ifadə etmək üçün qoyulur. Dəfn mərasimlərində bu qaydadır, çünki bu, həm hörmət, həm də kədərin rəmzidir.
Onun yaranma tarixi isə heç də çox uzaqda deyil. 1990-cı illərin əvvəllərində - ötən gün növbəti ildönümünü qeyd etdiyimiz 20 yanvar faciəsi ilə bağlı mərasimlərdə Azərbaycanın müstəqillik mübarizəsi şəhidlərinə hörmət əlaməti olaraq qərənfildən geniş istifadə edilib. Binə qəsəbəsində olan qərənfil plantasiyalarından çiçəklər hadisə baş verən yerlərə, yollara, məzarlara tökülüb.
O vaxtdan da qırmızı qərənfil sanki şəhid qanına boyanaraq qırmızı rəng alıbmış kimi matəm rəmzini ifadə etməkdədir.
Bəs görəsən, əvvəllər sevgi mənasında bağışlanan qərənfili bu gün kiməsə bağışlasalar, necə anlayarlar? Sevgi etirafı kimi, yoxsa pis arzu kimi?
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)